Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili tələbə adını qazanmış sumqayıtlı abituriyentləri təbrik edib, onlara öz ixtisasları üzrə peşəkar kadr olmağı arzulayıb: “Ali məktəblərə qəbul ola bilməyən, sənəd verməyən gənclərimizə isə ruhdan düşməməyi, yeni dünyanın və texnologiyaların onlar üçün yaratdığı imkanlardan yararlanmağı tövsiyyə edirəm!”
Tahir Mirkişili bildirib ki, sumqayıtlı məzunlar hər il olduğu kimi bu il də yüksək nəticə göstərib. Bu il Sumqayıt şəhərində XI sinifi 2920 nəfər məzun başa vurub. Onlardan 2475 nəfəri ali məktəblərə sənəd verib. Qəbul imtahanlarında iştirak edən məzunların 1794 nəfəri, yəni abituriyentlərin 72%-i ali məktəblərə qəbul olunub.
Sumqayıtın iki təhsil ocağı rekord göstəriciyə imza atıb: Təbiət elmləri təmayüllü gimnaziya və Texniki və təbiət elmləri liseyinin məktəbi başavurmuş bütün məzunları ali məktəbə qəbul olunub və qəbul faizi 100% təşkil edib.
Millət vəkili qeyd edib ki, son illər Sumqayıt şəhərində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərir:”Biz bunu nəticəsəsini həm abituriyentlərin qəbul faizində, həm də Respublika Fənn Olimpiadalarının nəticələrində görə bilirik. Bu il 23 şagird Fənn Olimpiadalarının qalibi olub. Bu ötən illə müqayisədə təqribən 20 faiz çoxdur”.