Tahir Mirkişili Vyanada anım tədbirində iştirak edib

584

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində canından keçən şəhidlərimizə həsr olunmuş anım tədbirləri ölkə hüdudlarından kənarda da geniş qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə Vyana şəhərinin mərkəzində yerləşən “Urania“ kinoteatrında Vətən müharibəsinə həsr olunmuş tarixi-sənədli filmi təqdim olunub. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, Avstriya ictimaiyyətinin təmsilçiləri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimatdan əvvəl Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxış edərək, tədbirin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası və qorunması uğrunda canından keçən həmvətənlərimizə həsr olunduğunu bildirib. Qeyd edilib ki, 30 illik işğal dövrü Azərbaycanda on minlərlə insanın həyatına son qoyub, yüz minlərlə insan qaçqın və məcburi köçkün həyatı yaşamalı olub, ölkə ərazisinin bir hissəsi işğal edilib. Ermənistanın davamlı təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb. Həmin gün müasir Azərbaycan tarixində yeni və şərəfli səhifə açılıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan düşməni tam məğlubiyyətə uğradaraq ərazi bütövlüyünü təmin edib.
Səfir qeyd edib ki, 30 il davam edən münaqişənin başa çatması ilə regionda davamlı sülh və əmin-amanlıq üçün geniş imkanlar yaranıb. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatları regionda sülhün bərqərar olması, iqtisadi inkişaf, tərəqqi və əməkdaşlıq üçün perspektivlər açıb. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan sülh quruculuğu, barışıq, dinc birgəyaşayış və inkişaf planlarını həyata keçirmək əzmindədir.
Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsinin yekununda beynəlxalq hüquq və ədaləti bərqərar etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan BMT qətnamələrini təkbaşına icra edərək işğala son qoyub, ulu öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs nəticəsində Azərbaycan öz ərazilərini heç kimə güzəştə getməyib, ərazi bütövlüyünü tam bərpa edib.
Milli Məclisin üzvü, Azərbaycan-Avstriya parlamentlərarası dostluq qrupunun sədri Tahir Mirkişili çıxışında bildirib ki, Azərbaycan torpaqlarının işğalına son qoyulduqdan sonra Azərbaycan ərazisində Dağlıq Qarabağ adında inzibati ərazi vahidi daha mövcud deyil və yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları böyük iqtisadi potensial vəd edirlər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinə start verdiyini diqqətə çatdıran deputat kommunikasiyaların bərpası ilə regionda əməkdaşlıq, ticarət və nəqliyyat imkanlarının artacağını, regiondakı bütün ölkələrin sülh, sabitlik və təhlükəsizlikdən mənfəət əldə edəcəyini bildirib.
Çıxışlardan sonra iştirakçılara “Biz” tarixi-sənədli filmi təqdim olunub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan, rejissor Orman Əliyevin quruluş verdiyi filmdə Vətən müharibəsi günlərində baş verən insan faciəsi, dinc əhalinin hədəfə alınması və yaşayış məntəqələrinin atəşə tutulması və hadisələrin şahidlərinin xatirələri, Azərbaycan torpaqlarının azad olunması uğrunda böyük fədakarlıqlar göstərən əsgər və zabitlərin, arxa cəbhədəki insanların keçirdiyi hisslərə yer verilib. Cəmiyyətin bütün təbəqələrini əhatə edən insanların yer aldığı filmdə Azərbaycan xalqını bir vəhdət halına gətirən savaş günlərində insanların keçirdiyi mənəvi və psixoloji ruh yüksəkliyi, emosiyalar, insanların qələbəyə olan sonsuz inamı əks olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər