Tanınmış alim vəfat edib                              

790

 Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Edil Əli oğlu Eyvazov vəfat etmişdir.

Edil Əli oğlu Eyvazov 1940-cı ilin 9 avqustunda Qubadlı rayonunun Tarovlu kəndində anadan olmuşdur.1957 ci ildə Qubadlı orta məktəbini, 1963-cü ildə isə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Edil Eyvazov 1963-67-ci illərdə həmin universitetin kristallar fizikası kafedrasının aspirantı olmuş, 1967-ci ildə dielektriklər və yarımkeçiricilər fizikası üzrə namizədlik, 1985-ci ildə isə Xarkov Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında bərk cisimlər fizikası sahəsində doktorluq dissertasiyası müdafiə etmişdir.

1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır.

Professor Edil Eyvazovun elmi araşdırmaları bərk cisimlərdə makroskopik və quruluş deffektlərinin, maqnit yarımkeçiricilərdə kinetik və maqnitorezonans hadisələrin tədqiqinə həsr olunmuşdur. O, xarici qüvvə sahələrinin təsiri ilə ion kristallarında dislokasiya zonalarının yaranma effektini aşkar edən alimlərdəndir. Bu effekt dislokasiya nəzəriyyəsi və radiasiya materialşünaslığı üçün xüsusilə əhəmiyyətlidir.

O, ilk olaraq maqnit keçid temperaturu otaq temperaturuna yaxın olan maqnitnizamlı materialların alınmasının kristallofiziki prinsipini müəyyən etmiş, onun rəhbərliyi altında bir sıra yeni maqnit materialları sintez edilmiş, bu maddələrdə maqnitorezonans və kinetik hadisələr müfəssəl öyrənilmişdir. Bu qəbildən, onun ferromaqnit xrom halkoşpinellərin maqnit faza keçidi zamanı kinetik parametrlərin dəyişməsi, bu maddələrdə maqnit nizamının formalaşmasında altqəfəslərarası və altqəfəslərdaxili mübadilə qarşılıqlı təsirlərinin rolu və maqnit nizamlığının energetik spektrə təsirinə həsr olunmuş tədqiqatları xüsusi əhəmiyyət kəsb edir.

Professor Edil Eyvazov SSRİ EA-nın məruzə və xəbərlərində, Almaniyada nəşr olunan Phys. Stat Solidi, Ukrayna EA-nın xəbərləri,”Bərk cisimlər fizikası” və s. jurnallarda çap olunmuş 150-dən çox elmi məqalənin, həmçinin fizikanın təbliği və tədrisi ilə bağlı 16 kitabın müəllifidir.

Professor Edil Eyvazovun rəhbərliyi ilə 10-a yaxın namizədlik dissertasiyası müdafiə edilmişdir. O, uzun illər namizədlik və doktorluq müdafiə şuralarına rəhbərlik etmişdir.

Edil Eyvazov çoxsaylı beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. O, müxtəlif dövrlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru,  fizika fakültəsinin dekanı və Mexanika və molekulyar fizika kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Allah rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər