Tarixinin ən güclü Azərbaycanını yaratmış lider

572

Tarixin hansısa əlverişli mərhələsində edilmiş düzgün seçim xalqların gələcək taleyini, milli inkişaf yolunu, uğur strategiyasını müəyyən edir. Bu həlledici seçimin nəticəsi olaraq liderlik missiyasını üzərinə götürən şəxsiyyətlər mənsub olduqları xalqın milli ideyası səviyyəsinə yüksəlmiş hədəflərini də reallaşdırır, ictimai maraq və mənafelərin təminatçısına çevrilirlər.

2003-cü ilin 15 oktyabrında keçirilmiş prezident seçkilərində həlledici seçimə imza atan, Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən çağırışına səs verərək onun ən layiqli davamçısı – cənab İlham Əliyevə etimad göstərən qədirbilən Azərbaycan xalqı dövlətinin sabitlik, tərəqqi və rifahına, beynəlxalq miqyasda layiqli yerini tutmasına, milli maraqlarını reallaşdırmasına etibarlı zəmin yaradıb. Ötən 20 ildə real, əməli fəaliyyətə, yeni dünya nizamının aktual çağırışlarına əsaslanan praqmatik siyasət yürüdən dövlətimizin başçısı Ulu Öndərin xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində yer alan “Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm” – fikrini tam mahiyyəti ilə doğruldub, hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirib.

Ulu Öndərin milli inkişafa zəmin yaradan ideyalarını rəhbər tutan və yeni dövrə uyğun zənginləşdirən Prezident İlham Əliyevin çoxşaxəli islahatlar strategiyası ölkəmizin möhtəşəm iqtisadi nailiyyətlərini təmin etməklə yanaşı, xalqımızın son iki əsrdə itirdiyi torpaqlarını ilk dəfə olaraq geri qaytarmasına, zəfərə qovuşmasına zəmin yaradıb. 20 il əvvəl dünyanın ikili standartları, haqsızlıqları qarşısında müdafiə mövqeyi seçmək məcburiyyətində qalan Azərbaycan bu gün milli maraqlarını qətiyyətlə qoruyan, Cənubi Qafqaz regionunda sülh gündəliyini müəy-yənləşdirən, səmərəli əməkdaşlıq təşəbbüsləri irəli sürən və ən əsası, qlobal güclərin təzyiq cəhdlərini qətiyyətlə dəf edən qüdrətli dövlət kimi tanınır.

Siyasi liderin gördüyü işlər, həyata keçirdiyi layihələr onun müəyyən zaman kəsiyindəki fəaliyyətinin dəyərləndirilməsi baxımından ən obyektiv istinad yeridir. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” – deyərək səlahiyyətlərinin icrasına başlayan dövlətimizin başçısı ötən müddətdə bu vədini birmənalı doğruldub, sistemli, ardıcıl və kordinasiya olunmuş fəaliyyəti ilə xalq qarşısında verdiyi vədlərə sadiqliyini sübuta yetirib. Yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, səmimiliyi, mütərəqqi idarəçilik prinsipləri, qətiyyət və prinsipiallığı ilə beynəlxalq miqyasda nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən inamla gəlib. Azərbaycan Prezidentinin ötən dövr ərzində vahid sistem halına gətirdiyi milli inkişaf modeli, eyni zamanda, onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi diqqət çəkib.

20 ildə Azərbaycanın nail olduğu inanılmaz sosial-iqtisadi nəticələr

Ötən 20 ildə Azərbaycanın nail olduğu inanılmaz sosial-iqtisadi nəticələr, yürütdüyü çevik diplomatiya, məhz döyüş meydanında qazandığı ədalətli zəfər fonunda dünya ictimaiyyəti cənab İlham Əliyevi hətta mümkün görünməyəni reallaşdırmaq qabiliyyətində olan lider kimi qəbul edir. Özünün də xüsusi vurğuladığı kimi, “Nəyi, necə və nə zaman” etməli olduğunu yaxşı bilən Prezident İlham Əliyevin əsl siyasi liderə xas təmkini, real vəziyyəti, geosiyasi konyunkturanı düzgün dəyərləndirmək, siyasi proseslərin inkişaf axarını düzgün proqnozlaşdırmaq məharəti, pafosdan, populizmdən uzaq olması qazanılan əlahiddə uğurları şərtləndirən mühüm amillər sırasındadır.

Dövlətimizin başçısı 2003-cü ilin prezident seçkiləri ərəfəsində xalq qarşısında həllinə söz verdiyi, fəqət, praktikada reallaşdırılması onilliklər tələb edən problem məsələləri cəmi 20 il müddətində reallığa çevirməklə, xalqının dərin rəğbətini qazanıb.

Ən ümumi şəkildə desək, dövlətimizin başçısının səmərəli iqtisadi siyasəti ötən dövrdə ölkəmizin davamlı tərəqqisinə, xalqın rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına, işsizlik və yoxsulluğun səviyyəsinin xeyli dərəcədə azaldılmasına, çadır düşərgələrinin ləğvinə, ən əsası, Azərbaycanın heç bir dövlətdən asılı olmayan müstəqil siyasət yürütməsinə zəmin yaradıb. Son illərədək obyektiv səbəblərdən həllini tapmayan yeganə məsələ ərazilərimizin işğalı faktı idisə, üç il əvvəl Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız tarixi zəfər nəticəsində ərazi bütövlüyümüz təmin edilib. 30 il davam edən işğala cəmi 44 gün ərzində son qoymağı bacaran, təcavüzkar Ermənistanı təslimçiliyə məhkum edən Prezident İlham Əliyev ən yeni tariximizə Zəfər Sərkərdəsi olaraq sanballı mö-hürünü vurub.

Müasir dünyada dövlətləri qüdrətli, sarsılmaz və söz sahibi edən başlıca amillər sırasında lider amili ilə yanaşı, güclü iqtisadiyyat amili də vacib yer tutur. Azərbaycanın möhtəşəm uğurlarında, ölkəmizi hazırda dünyanın sayılıb-seçilən, mövqeyi nəzərə alınan dövlətlərdən birinə çevrilməsində ötən illərdə böyük uzaqgörənliklə qlobal layihələrin mühüm payı var. Ümummilli Lider Heydər Əliyevin yeni neft strategiyasının bəhrələri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Şahdəniz”, “Abşeron”, “Ümid” kimi perspektivli qaz yataqlarının istismarı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, Avropanın enerji təh-lükəsizliyində müstəsna rol oyna-yan Cənub Qaz Dəhlizinin -TANAP, TAP layihələrinin gerçəkləşdirilməsi, ölkəmizin Orta Dəhliz kommunikasiya qovşağındakı rolunun gücləndirilməsi, nəhayət, Zən-gəzur dəhlizinin reallaşdırılması istiqamətində atılan addımlar bu baxımdan xüsusi vurğulanmalıdır.

Uzaq hədəflərə hesablanmış enerji strategiyası Azərbaycanı son 20 ildə qaz və elektrik enerjisi idxalçısından bu sektorlar üzrə potensial ixracatçıya, habelə investor dövlətə çevrilib. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmaqla, respublikamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirib, strateji məsələlərdə Avropa ölkələrindən dəstək almaq imkanlarını daha da genişləndirib.

Dövlətimizin başçısı haqlı olaraq qeyd etdiyi kimi, müstəqil Azərbaycan tarixinin heç bir mərhələsində indiki qədər güclü və qüdrətli olmayıb. Cənab İlham Əliyev bu mərhələdə dövlətin mövcud resurslarından xalqın rifahı və firavanlığı naminə məqsədyönlü istifadəni hökumət qarşısında strateji vəzifə kimi müəyyənləşdirib. “Hər bir məmur xalqın xidmətçisi olmalıdır” – deyən cənab İlham Əliyev hökumətin xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkir. Ötən 20 ildə ayrı-ayrı dövlət məmurlarına etimad meyarı məhz onların fəaliyyətinə əsasən müəy- yənləşdirilib, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə dolğun məlumatlandırılması zəruri sayılıb.

Prezident İlham Əliyevin iqtisadi siyasəti, ilk növbədə, hər bir fərdin maraqlarını önə çəkib. “Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır” – deyən dövlətimizin başçısı keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini təmin edib.

Bu yanaşma dövlət idarəçiliyində yenilikçi və müasir baxışı, şəffaflığa xidmət edən institusional islahatları genişləndirərək, respublikamızın qısa müddətdə elektron xidmətlər sahəsində mühüm uğurlara imza atmasına şərait yaradıb. Korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmini tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət”, “DOST”, “ASAN kommunal”, “ABAD” və digər mobil xidmət mərkəzləri hazırda dünyada böyük populyarlıq qazanaraq, Azərbaycanın milli brendi kimi qəbul edilir. Bütün bunlar özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının dövlət idarəçiliyində tətbiqinə, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verib, insanların hakimiyyətə inam və etimadını gücləndirib.

Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənir və cəmiyyətin sosial sifarişini əks etdirib. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, bazar münasibətləri şəraitində qiymətlərin optimallaşdırılması əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir.

Son 15 ildə keçmiş ittifaq respublikaları arasında ilk dəfə məhz Azərbaycanda vətəndaşların sovet dövründən banklarda qalmış əmanətlərinin ədalətli şəkildə qaytarılması təmin edilib, əhalinin qaza və suya olan borcları dövlət büdcəsi hesabına silinib. Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin – təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət edib. Dəniz səviyyəsindən üç min metrədək hündürlükdə yerləşən Qubanın Xınalıq kəndinə yolun, heç zaman mavi yanacaq üzü görməyən bəzi rayon və kəndlərin təbii qazla təchizatı, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi – bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələrinin çox az qismidir.

Uzaq hədəflərə hesablanmış islahatlar

2018-ci ilin 11 aprel seçkilərindən sonra ölkəmizdə qlobal miqyası ilə sistem xarakteri alan, uzaq hədəflərə hesablanmış islahatların xalqın arzu və istəklərini ifadə etdiyi göz önündədir. Ötən dövrdə ictimai həyatın bütün sahələrində aparılan kadr dəyişikliklərinin, şəffaflığa, bürokratik amillərin aradan qaldırılmasına xidmət edən struktur islahatlarının, tətbiq olunan innovativ idarəetmə texnologiyalarının başlıca mahiyyəti insanları önə, diqqət mərkəzinə çəkməkdir: idarəçiliyin müasirləşdirilməsi, bir çoxlarına həlli müşkül görünən neqativ amillərin tədricən aradan qaldırılması üçün siyasi iradə nümayişi, yerli və mərkəzi icra hakimiyyəti orqanlarında aparılan ciddi kadr dəyişiklikləri, yeniliklərlə ayaqlaşa bilməyən kadrların vəzifələrindən uzaqlaşdırılması sistem islahatlarının mühüm elementləri kimi diqqəti cəlb edir.

Xüsusi vurğulamaq lazımdır ki, hakimiyyətin icraedici qolunun müasirləşdirilməsi istiqamətində həlledici addımlardan biri də 2016-cı il sentyabrın 26-da keçirilmiş ümümxalq referendumu ilə Azərbaycan Respublikasında vitse-prezidentlik institutunun yaradılması olub. 2017-ci il fevralın 21-də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse- prezidenti vəzifəsinə təyin edilməsi idarəçiliyin müasirləşdirilməsi, hakimiyyətə ictimai inamın gücləndirilməsi baxımından səmərəli nəticələr verir. Bu vəzifəyə çoxşaxəli fəaliyyəti ilə milyonların rəğbətini qazanmış layiqli bir şəxsiyyətin təyinatı müasir dövlət idarəetməsində keyfiyyətcə yeni mərhələ açıb. Əminliklə demək olar ki, Azərbaycanın birinci xanımı formalaşdırdığı mükəmməl komanda ilə Prezident İlham Əliyevin islahatlar kursunun uğurla reallaşdırılmasına layiqli töhfələrini verir. Aztəminatlı insanların, qaçqın və məcburi köçkünlərin, şəhid ailələlərinin problemlərinin həllində dövlətimizin basçısı ilə yanaşı, Birinci vitse-prezidentin də xidmətləri müstəsnalıq təşkil edir.

Son 20 ildə ölkənin iqtisadi uğurlarını təmin edən mühüm amillər sırasında konkret dövr üçün həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sahəvi, regional dövlət proqramlarının hazırlanmasını və icrasını da xüsusi qeyd etmək lazım gəlir. Azərbaycanın neft gəlirlərindən asılılığının azaldılması, regionların proporsional inkişafının təmini, biznes və investisiya mühitinin yaxşılaşmasına imkan yaradacaq infrastruktur layihələrinin həyata keçirilməsi və s. bu proqramlarda qarşıya qoyulan başlıca hədəflər olub.

Sistemli iqtisadi islahatlar çərçivəsində sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər də özünün ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edib. Yerli sahibkarlarla müntəzəm görüşlər keçirən dövlətimizinbaşçısı onları narahat edən məsələləri diqqətlə dinləyib, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə lazımi köməyi göstərəcəyini bəyan edib. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını hər zaman pisləyib, bu münasibət konkret qərarlarla müşayiət olunub.

Sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının, ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cüm-lədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apellyasiya Şuralarının yaradılması; yoxlamaların məhdudlaşdırlması, ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqi; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi; dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması, güzəştli kreditlərin həcminin genişləndirilməsi öz müsbət nəticələrini verib.

Azərbaycanın iqtisadi inkişafı əvvəllər daha çox enerji resurslarına əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru mühüm artım tempinə malikdir. “Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir” deyən Prezident İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirdiyi siyasət artıq real nəticələrini verir. 2024-cü ilin müzakirəyə çıxarılan dövlət büdcəsi layihəsinə əsasən, xam neftin bir barelinin orta illik ixrac qiymətinin 60 ABŞ dolları səviyyəsində götürülməsi, büdcə gəlirlərinin ÜDM-in 28,5 faizi həcmində – 33765 milyon manat olması nəzərdə tutulur. Bu göstəricinin 49,6 faizinin və ya 16756,0 milyon manatının neft, 50,4 faizinin və ya 17009,0 milyon manatının qeyri-neft-qaz sektorunun payına düşə-cəyi proznozlaşdırılır.

Büdcə gəlirlərimiz 30 dəfədən çox artıb

Dövlətimizin başçısı İlham Əliyev bir neçə gün əvvəl 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı zamanı son 20 ildə əldə olunmuş makroiqtisadi nailiyyətlərlə bağlı deyib: “…Son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə artıb, büdcə gəlirlərimiz 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Biz birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər, planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik. Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır”.

Xüsusi vurğulamaq istərdim ki, bu gün hər bir azərbaycanlı Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və güclü siyasi iradəsilə reallaşdırılan, cəmi 23 saat davam edən və Ermənistanın Qarabağda 30 il müddətində himayə etdiyi qanunsuz rejimi çökdürən lokal antiterror əməliyyatlarının nəticələri ilə qürur duyur. Separatçı rejimin ağ bayraq qaldıraraq təslim olması, tərk-silah edilməsi və özünü buraxması ilə nəticələnən bu zəfər xalqımızda hədsiz qürur duyur, şükranlıq və fəxarət hissi doğurur. Lokal antiterror tədbirləri ilə Qarabağ iqtisadi rayonu üzərində suverenliyini təmin edən Azərbaycan, eyni zamanda, İrəvanda son 35 ildə hakimiyyətdə olmuş siyasi qüvvələrin regionda ikinci erməni dövlət yaratmaq istiqamətində apardıqları siyasəti bütün müstəvilərdə iflasa uğradıb.

Bu tarixi qələbə ultra-millətçi erməni ideoloqlarının iki əsrdən çox müddətdə təşviq etdikləri saxta ideologiyasının süqutu, xunta rejiminin mövcudluğuna xidmət edən genişmiqyaslı hərbi-siyasi, diplomatik, iqtisadi və hərbi təşəbbüslərin qarşısının birdəfəlik alınması olub.

Ermənistanda hakimiyyətdə olmuş siyasi qüvvələr son 30 ildə bütün iqtisadi, siyasi və hərbi resurslarını işğal altında saxladıqları Azərbaycan ərazilərinin ilhaqına yönəltsələr də, Qarabağdakı qondarma rejimin süqutu təcavüzkar ölkənin uzun illər can atdığı bu məkrli hədəfləri puça çıxarıb. Ölkəmiz təkcə Ermənistan üzərində deyil, dünyaerməniliyi, onların himayədarları ilə tarixi mücadilə apararaq zəfərə imza atıb.

Rəsmi Bakı istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı ağır hərbi cinayətlər törətmiş şəxslər barəsində cinayət işlərinin açıldığını, onların barəsində beynəlxalq axtarış elan olunduğunu bəyan edib. Qanunsuz rejimin ağır cinayətlərdə təqsirli bilinən ideoloji-siyasi və hərbi rəhbərlərinin saxlanılaraq Bakıya gətirilməsi göstərir ki, rəsmi Bakı müharibə canilərini qətiyyən bağışlamır, hüququn aliliyini və tarixi ədaləti bərpa edir. Ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Bu hadisə həm də onu göstərir ki, beynəlxalq səviyyədə müəyyən təhdid və təzyiq cəhdlərini əzmlə zərərsizləşdirən Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə qoruyur.

Ölkəmizin hələ 2020-ci ildə işğaldan azad etdiyi əraziləri üzərində tam suverenliyini təmin etməsi ilə rəsmi İrəvanın istinad etdiyi qondarma “mübahisə predmeti” əlindən alınıb, beləliklə, regionda tamamilə yeni vəziyyət yaranıb. 35 illik beynəlxalq hüquqa zidd siyasəti iflasa uğrayan Ermənistanın bundan sonrakı mərhələdə sülh prosesini əngəlləyən yeni iddia və bəhanələrlə çıxış edəcəyi, imitasiya ilə məşğul olacağı inandırıcı görünmür. Təkcə bu səbəbdəndir ki, rəsmi Bakı bu ölkənin Qarabağla bağlı xülyalarına, bu mövzudakı manipulyasiyalarına güc yolu ilə birdəfəlik son qoyub.

Qarabağın tarixı Azərbaycan ərazisi olduğunu bütün dünya, eləcə də Ermənistanın uzun illər güvənc ünvanı kimi baxdığı bəzi qonşu ölkələr də bəyan edirlər.

Hazırkı mərhələdə Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalamaqdan yayınmaq, vəziyyəti yenidən gərginləşdirmək yolu seçməsi bu ölkənin daha acınacaqlı vəziyyətlə üzləşməsi, növbəti sarsıdıcı zərbələr alması ilə nəticələnər. Son 30 il ərzində faktiki olaraq müstəqil dövlət ola bilməyən Ermənistan yalnız işğalçılıq siyasətindən əl çəkib konstuktiv mövqe nümayiş etdirməklə, zamanla regional müstəvidə üzləşdiyi təcrid vəziyyətindən qismən çıxa, müəyyən layihələrdə iştirak imkanı qazana bilər. Ermənistanın region ölkələri ilə səmərəli iqtisadi-ticari və nəqliyyat- kommmunikasiya əlaqələri yaratması, özünütəcriddən xilas olması bu ölkənin rəhbərliyinin sülhyaratma təşəbbüslərinə yanaşmasından asılıdır.

Azərbaycanla Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsi baxımından region dövlətlərinə mühüm perspektivlər vəd edir. Zəngəzurdan keçəcək nəqliyyat- kommunikasiya layihələri ağır sosial-iqtisadi durumda olan Ermənistan üçün əlavə imkanların açılması deməkdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə bəyan etdiyi kimi, regionun inkişafı baxımından mühüm layihə olan Zəngəzur dəhlizinin açılması Ermənistan üçün tarixi fürsət ola bilər.

İqtisadçı alim kimi bu qənaətdəyəm ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda tam suverenliyini təmin etməsi ilə həmin ərazilərin ümumi iqtisadiyyata inteqrasiyası prosesi də sürətlənəcək, regional inkişaf prosesinin ayrılmaz həlqəsinə çevriləcək. Dövlət başçısı İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına müntəzəm səfərləri, həyata keçirilən bərpa və yenidənqurma işlərinin gedişi ilə tanış olması “Böyük Qayıdış” proqramının icrasının hökumət üçün prioritet məsələ olduğunu təsdiqləyir. 16 noyabr 2022- ci il tarixli sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” bu istiqamətdə işlərin sistemli, ardıcıl, əhatəli, konkret plan üzrə aparılmasına təminat yaradıb. Azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin dirçəldilməsi, əlverişli biznes və sərmayə mühitinin formalaşdırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq şəxslərin maliyyə resurslarına çıxışının genişləndirilməsi, resursların maya dəyərinin azaldılması və digər mühüm tədbirlər Dövlət Proqramının əhəmiyyətini artırır.

Qeyd edilən məqamlar göstərir ki, Prezident İlham Əliyevin son 20 ildə yürütdüyü siyasət Azərbaycanı müstəqil, sürətlə inkişaf edən, ərazilərinin işğalına hərb meydanında son qoyan, erməni separatizmini diz çökdürən, hücumçu diplomatiya yürüdən güclü ölkəyə çevirib. Bu amilllər xalqla hakimiyyət arasında mənəvi-siyasi telləri daha da gücləndirir, Prezident İlham Əliyevin yürütdüyü siyasətin əksəriyyət tərəfindən dəstəklənməsini təmin edir. Əksəriyyət bu qənaətdədir ki, qlobal problemlərinin həllinə nail olan respublikamız islahatları dərinləşdirərək bundan sonrakı mərhələdə daha sürətlə inkişaf edəcək və yaxın perspektivdə inkiaf etmiş dövlətlərlə eyni sırada yer tutacaqdır.

Qüdrət KƏRİMOV, “Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər