“Təfəkkür” liseyində möcüzəli suya həsr olunmuş şənlik keçirilib

788

“Ekologiya ili” çərçivəsində Sumqayıtdakı “Təfəkkür” liseyində möcüzəli suya həsr olunmuş şənlik keçirilmişdir. Tədbir coğrafiya müəllimi S. Şahmalıyevanın rəhbərliyi altında liseydə fəaliyyət göstərən ekologiya dərnəyinin üzvləri tərəfindən təşkil olunmuşdur.

Əvvəlcə aşağı sinif şagirdləri səhnəciklər, əlahəzrət suya həsr olunmuş tematik nömrələr təqdim etmişlər. Su damcısının səyahəti haqqında səhnəcik maraqla qarşılanmışdır. Əlində sırsıra olan Qar kraliçası və çaydandan çıxan buxar obrazları hər kəsin xoşuna gəlmişdir. Balaca aktyorlar “pinti qızı” suda çimizdirib əsl gözələ çevirmişlər. Qorxunc qara bulud yağışdan sonra bir o qədər vahiməli olmamışdır. Bayramın leytmotivi belə bir aksioma olmuşdur: su heç vaxt yoxa çıxmır, o gah buza, gah da buxara çevrilərək təbiətdə dövran edir, bütün canlı aləmin əsasını təşkil edir.

Möcüzəli su barədə maraqlı söhbətlər açan aşağı sinif şagirdlərinin səhnəciyi şeirlər, tapmacalar və rəqslərlə müşayiət olunmuşdur. Onlar öz çıxışlarını ibtidai sinif müəllimi Y. Filatovanın bəstələdiyi təbiət haqqında himnin ifası ilə başa çatdırmışlar.

Şənliyi yuxarı sinif şagirdləri davam etdirmişlər. “Delfinlər”, “Meduzalar” və “H2O” komandaları arasında “Hər şeyin əzəli sudur” devizi altında müsabiqələr və intellektual oyunlar keçirilmişdir. Komandalar ekoloji vəziyyətlərə dair slaydlara baxıb suyun əmələ gəlməsi, sivilizasiyanın yaranması, insan orqanizmində və təbiətdə su haqqında kiçik məruzələr etmişlər. Tədbirin bu hissəsinin epiqrafı qədim yunan filosofunun “Maye şəklində, hərəkət edən, hər yerə yayılan maddə olan su hər şeyin əzəlidir” sözləri olmuşdur. “İNEPO” Beynəlxalq ekologiya olimpiadasının qalibi F. Sadıxov daha fəal çıxış etmişdir. Altıncı sinif şagirdi E. Hüseynova özünün “Planetimiz” adlı multimedia filmini təqdim etmişdir. Uşaqlar bu şənliyə ciddi hazırlaşmış, xüsusi divar qəzetləri buraxmış sinfin divarlarını liseyin gənc rəssamlarının mənzərə rəsmləri ilə bəzəmişlər.

“Təfəkkür” liseyinin direktoru B. Ağayeva demişdir: “Biz təşəbbüsləri alqışlayır, şagirdlərin yaradıcı vərdişlərinin inkişafına kömək edirik. Ekskursiyalar və ekoloji eskpedisiyalar, oyunlar və müsabiqələr, dərnək və tədqiqat işləri məktəblilərdə ekoloji mədəniyyəti, şagirdlərdə təbiət, məqsədəuyğun ekoloji davranış haqqında biliklər sistemi formalaşdırır, təbiət hadisələrinin müşahidə olunmasına maraq oyadır, təbiəti mühafizə tədbirlərində fəal və səmərəli iştiraka sövq edir”.

Respublikada ilin ən yaxşı məktəbi elan olunmuş “Təfəkkür” liseyi böyüməkdə olan nəslin ekoloji tərbiyəsinə dair fəal iş aparır. Son on ildə lisey hər il Sumqayıtda Torpaq gününə həsr olunmuş tədbirlər keçirir.

AzərTAc

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər