Terrorçuluq maddəsi ilə axtarışda olan Sumqayıtlı Cabirin atası nələr danışdı?

960

“İnterpolun axtarışında olan oğlum 2008-ci ilin mayında İrana getmək adı ilə evdən çıxıb”

Azərbaycanda terrorçuluq maddəsi ilə axtarılan Cabir Mustafayev iki il əvvəl ölkəni tərk edib. Bu barədə açıqlamasında C. Mustafayevin atası Cümşüd Mustafayev məlumat verib. Onun sözlərinə görə, oğlu Cabir 2008-ci ilin may ayında işləmək məqsədilə İrana gedib. Həmin gündən Cabirlə əlaqə yarada bilmədiklərini qeyd edən C. Mustafayev oğlunun son illər dinə meyil göstərdiyini deyib: “Oğlum ailəlidir, iki övladı var. Əvvəllər idmanla məşğul olurdu. Son illər saqqal saxlayıb, ibadət edirdi. Namaza başlayandan sonra idmanı atdı. Kimlərlə oturub-durduğundan da xəbərimiz yox idi. 2008-ci ilin may ayında işləmək adı ilə İrana getdi. O gündən ailəsi ilə əlaqə saxlamayıb”.

C. Mustafayev bir ay əvvəl oğlunun ölüm xəbərini eşitdiyini bildirib: “Təxminən bir ay əvvəl Sumqayıtda şayiə yayıldı ki, Cabir öldürülüb. Onun Əfqanıstanda din yolunda şəhid olduğunu dedilər. Bu məlumatları mənə deyən şəxslər hətta onun meyitinin və dəfn mərasiminin video görüntülərinin olduğunu bildirdi. Lakin müxtəlif bəhanələrlə görüntüləri mənə vermədilər. Bir müddət əvvəl isə oğlumun yaralandığını, Azərbaycana gələrək müalicə alıb, yenidən geri qayıtdığını danışdılar. İnana bilmirəm ki, Cabir Azərbaycana gəlsin ailəsinə, övladlarına baş çəkməsin”.

C. Mustafayev bütün bu proseslər barədə ölkənin hüquq-mühafizə orqanlarına məlumat verdiyini qeyd edib: “Cabirin ölüm xəbərini eşidən kimi, Sumqayıt şəhər Prokurorluğuna, şəhər Polis İdarəsinə və Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsinə məlumat verdim. Onlar mənə bu barədə məlumatsız olduqlarını dedilər. Mən oğlum haqqında bütün məlumatları, həmçinin onun şəkillərini hüquq-mühafizə orqanlarına təqdim etdim. Mənə dedilər ki, Cabiri axtarışa verəcəyik. Lakin hələlik heç bir nəticə yoxdur. Oğlumun nə ölüsündən, nə dirisindən xəbər var. Əgər sağdırsa, onu tapsam, öz əllərimlə istintaqa təhvil verərəm. Qoy cəzasını çəksin, amma bilim ki, yanımdadır”.

APA-nın radikal dini qruplaşmalara məxsus internet saytlarından əldə etdiyi məlumata görə isə C. Mustafayev ötən ilin iyul ayında Əfqanıstanda ABŞ qüvvələri tərəfindən silahlı birləşmələrə qarşı həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının terrorçuluq cinayəti ilə bağlı 30 nəfər barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan etməsi barədə məlumat yayılmışdı. İnterpolun rəsmi internet səhifəsində yer alan həmin 30 azərbaycanlının arasında 36 yaşlı Cabir Mustafayevin də adı var. Həmçinin İnterpolun rəsmi internet səhifəsində axtarışda olan kimi göstərilən Azərbaycan vətəndaşı Azər Misirxanov 2009-cu ilin yayında Əfqanıstanda ABŞ qüvvələri tərəfindən silahlı birləşmələrə qarşı həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülüb. Buna baxmayaraq, onun da beynəlxalq axtarışda olması barədə məlumatlar hələ də İnterpolun rəsmi internet səhifəsindən götürülməyib.

Maraqlısı odur ki, A. Misirxanov və C. Mustafayev hər ikisi Sumqayıt sakinidir. Lakin C. Mustafayevin atası A. Misirxanov adlı şəxsi tanımadıqlarını qeyd edib. 168saat

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər