Tibbi xidmətlər hamı üçün pulsuz oldu: İcbari sığortanın faydası nədir?

519
Bu gündən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Bununla da hər bir vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 tibbi xidmətdən istifadə etmək imkanı qazanır.
İcbari tibbi sığortanın tətbiqi ilə ölkə əhalisi tibbi xidmətlərdən pulsuz yararlanacaq. Bura müayinələrdən tutmuş, bahalı əməliyyatlara qədər bır çox xidmətlər daxildir.

İcbari tibbi sığorta nədir?

İcbari tibbi sığorta (İTS) ərazi proqramı çərçivəsində sığorta hadisəsi baş verdikdə sığortalı şəxsə İTS hesabına pulsuz tibbi yardımın təmin olunmasına yönəlmiş dövlət tərəfindən yaradılan hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemi olan məcburi sosial sığorta növüdür. Sadə dillə desək, bu, insanların sağlamlığına yönələn, onları keyfiyyətli tibbi xidmət və dərmanla təmin etməyə yardım edən sistemdir.

İTS dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. İTS-nin Xidmətlər Zərfinə təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti, stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, habelə açıq və qapalı ürək əməliyyatları, minimal invaziv üsulla həyata keçirilən müdaxilələr və digər 950 sayda cərrahi əməliyyat daxildir. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri də Xidmətlər Zərfi çərçivəsində təmin edilir.

Sığortaolunanlar İTS-dən istifadə etmək üçün nə etməlidir?

İcbari tibbi sığortanın tətbiqi ilə sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər. Ailə həkimi – sahə həkimi-terapevti, sahə həkimi-pediatrı sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir. Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Ailə həkimini seçmək üçün sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə – poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsinə müraciət etməlidir. Həmçinin vətəndaş ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Sığortaolunan ailə həkimini seçərək tibb müəssisəsində qeydiyyata alınır. Bundan sonra vətəndaşlar icbari tibbi sığorta çərçivəsində xidmətlərdən faydalana bilərlər.

Nəzərə almaq lazımdır ki, şəxs ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Lakin burada başqa bir vacib və diqqət çəkən amil də var. Bu da sığortaolunan eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Vətəndaş qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 təqvim ili keçdikdən sonra dəyişə bilər.

Ümumiyyətlə, ailə həkimi ilkin səhiyyə xidmətlərinin göstərilməsi baxımından vacibdir. İlkin səhiyyə xidməti isə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dövlətin və vətəndaşların səhiyyə xərclərindən xeyli azad olmasına şərait yaradır.

Onu da qeyd edək ki, ilkin səhiyyə xidməti çərçivəsində 18 yaşdan yuxarı əhalinin profilaktik tibbi müayinələrinin aparılması həyata keçirilir. Eyni zamanda, qanın ümumi analizi üçün qan nümunəsinin alınması, ixtisaslaşdırılmış yardım tələb etməyən qeyri-infeksion xəstəliklərin müalicəsi və s. xidmətlər də ilkin səhiyyə xidməti çərçivəsində qarşılanır. Hamilə qadınların doğuşaqədər ambulator mama-ginekoloji nəzarəti də ilkin səhiyyə xidməti ilə təminata alınıb.

Hansı tibb müəssisələrində vətəndaşlar xidmətlərdən yaralana biləcəklər?

Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmursa, müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmətlər göstərilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir. Müqaviləli tibb müəssisələrinə təkcə dövlət tibb müəssisələri deyil, Gəncə və Bakı şəhərlərində yerləşən özəl xəstəxanalar da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası göstərə bilmir. Ona görə də özəl tibb müəssisələri ilə müqavilələr imzalanır. Beləliklə, vətəndaş ödəniş etmədən həmin xidmətlərdən yararlana bilir. Məsələn, icbari tibbi sığortanın tətbiqindən öncə vətəndaş açıq ürək əməliyyatı üçün on min manata yaxın ödəniş etməli idi. Hazırda Agentlik müqaviləli özəl tibb müəssisələrində bu xidmətləri ödənişsiz şəkildə təmin edir.

İTS-nin vətəndaşlar üçün faydası nədir?

İcbari tibbi sığorta əhalinin sosial müdafiəsinin gücləndirilməsi nöqtəyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığorta hazırda dünyada səhiyyənin maliyyələşməsinin ən mütərəqqi üsullarından sayılır, səhiyyə sistemində şəfafflığı, tibbi xidmətlərin keyfiyyətini artırır, tibbi personalın əmək haqlarını yüksəldir. Bundan başqa, əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunaraq, insanların tibbi xidmətlərə xərclədiyi vəsaitlərin payını da azaldır. Ölkəmizdə icbari tibbi sığorta mexanizmi formalaşdırılarkən isə beynəlxalq təcrübə geniş şəkildə öyrənilib.

Qeyd edək ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulması nəzərdə tutulur.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilib. 2022-ci il yanvarın 1-dək əmək haqqının 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər