Türk Dünyası və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq: Yeni imkanlar və perspektivlər

500

Azərbaycanın xarici siyasətində Türk dünyası və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri, eləcə də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı ölkə və dünya mətbuatında geniş müzakirə olunnur.

Prezident İlham Əliyev sözügedən tədbirdəki çıxışında bir sıra vacib məqamlara toxundu. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.

Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region olduğunu vurğulayan Prezident İlham Əliyev onu da bildirdi ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.

Prezident İlham Əliyevin çıxışından bəzi sitatlara diqqət edək:

  • Birgə Sərmayə Fondları: Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb.
  • Turizm və Mehmanxana İşi: Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir.
  • Nəqliyyat və Logistika: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır.
  • Gəmiqayırma və Deniz Ticarəti: Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal işlər aparılır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.
  • Tranzit Yüklər və Şərq-Qərb Nəqliyyat Dəhlizi: Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq.
  • Sənaye Əməkdaşlığı: Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk.
  • Rəqəmsal İpək Yolu: Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.

Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.

Göründüyü kimi, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb, ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Həyata keçirilən nəhəng infrastruktur layihələri sayəsində Azərbaycan Avropa ilə Asiya arasında əvəzolunmaz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, ən təhlükəsiz və sərfəli əlaqə olmaqla Avrasiyada sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.

Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər