Türkiyədən olan şəhid ailələri Sumqayıta səfər ediblər

989

Türkiyənin Bursa şəhərindən  olan şəhid ailələri Azərbaycana səfər edib.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində qonaqlar Sumqayıt şəhərində olublar.

Sumqayıt şəhər Heydər Əliyev mərkəzində şəhid ailələri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları, Türkiyədənin Bursa və Sumqayıt şəhərindən olan şəhid ailələri iştirak edib.

Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova çıxış edərək bildirib ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət, iki dövlət” olmuşlar.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə gələn qonaqlara öz təşəkkürlərini bildirib. Qeyd edib ki, keçirilən tədbirin əsas məqsədi hər iki dövlətin şəhid ailələri arasında münasibətlərin qurulmasını təmin etmək və mövcud əlaqələri daha da möhkəmləndirməkdir.

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova qeyd edib ki, xalqlarımız hər zaman şəhidlərinin xatirəsini ehtiramla yad edir. Səmayə Həşimova qeyd edib ki, hər iki ölkədə qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Azərbaycan-Türkiyə birliyi, qardaşlığı əbədidir və sarsılmazdır.

Qonaqlar səfər çərçivəsində Sumqayıtın şəhidlər xiyabanında, Sumqayıt bulvarında olublar.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən qonaqlara hədiyyələr təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər