Üçtərəfli bəyanatla bölgəmizdə yeni reallıq yarandı

389

İki il əvvəl sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı nəticəsində torpaqlarımız işğaldan azad olundu. 8 noyabr tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın qüvvəyə minməsi ilə münaqişənin hərbi fazası başa çatdı.

44 günlük Vətən Müharibəsində Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez qarşıya qoyduğu məqsədə nail olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində həyata keçirilən güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasına gətirib çıxartdı. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin indiki mövqelərində qalması birbaşa Azərbaycanın maraqlarına uyğundur. İmzalanan Bəyannaməyə əsasən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolu ilə birləşdirilməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına gətirib çıxaracaq yeni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsi Ermənistan ərazisindən qısa marşrutla Naxçıvanla birləşir.

Bu Bəyanatla  rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoyuldu. 30 illik danışıqlar prosesində Ermənistan istədiyinə nail ola bilmədi, “Böyük Ermənistan” planı da iflasa uğradı. Ali Baş Komandan, Prezident İlham əliyevin dediyi kimi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi arxivə getdi. Beləliklə, regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Bu reallığı isə Azərbaycan 44 günlük Vətən Müharibəsində yaratdı.

Bəyanatın imzalanması ilə bir sıra diplomatik və iqtisadi uğurların əsası qoyuldu.

  • Qısa müddət ərzində bir güllə belə atılmadan Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı;
  • 2021-ci il iyunun 15-də iki qardaş ölkə arasında tarixi münasibətlərdə yeni mərhələnin əsasını qoyan Şuşa Bəyannaməsi imzalandı;
  • Böyük Qayıdış strategiyasının həyata keçirilməsinə başlanıldı. Artıq düşmən tapdağından azad edilmiş şəhər və kəndlərimizin bərpası, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın öz yurd-yuvalarına qayıtması mərhələsi başlayıb.
  • Füzuli və Zəngilan beynəlxalq hava limanları fəaliyyətə başlayıb, 2025-ci ildə isə Laçın beynəlxalq hava limanının istifadəyə verilməsi planlaşdırılır.
  • Yol infrastrukturu tamamilə yenidən qurulur. Ümumilikdə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq.
  • İşğaldan azad olunmuş ərazilərdə həyatın tezliklə bərpa olunması üçün bütün infrastruktur layihələri sürətlə həyata keçirilməyə başladı;
  • Ötən 2 il ərzində sülh sazişi layihəsinin hazırlanması gündəliyi müəyyən olundu;

 

Müharibədən sonrakı dövrdə bu məsələ ilə bağlı imzalanmış bütün belə bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin olmaması Azərbaycanın ərazi suverenliyini tanımasının sübutudur. Beləliklə, bu gün Azərbaycanın mövqeyi dəstəklənir, maraqları müdafiə edilir. Ölkə Prezidenti milli maraqlarımızı hər zaman qətiyyətlə müdafiə edir, mühüm addımları, təşəbbüsləri və qərarları ilə Azərbaycanı işıqlı gələcəyə aparır.

Vaqif Süleymanov, Əməkdar Mədəniyyət işçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər