Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir

495

Mən bu gün bir daha xalqa söz verirəm ki, Azərbaycanın müstəqilliyini bundan sonra da qoruyacağam, Azərbaycanın daxili və xarici siyasətində aparılan müsbət işlər bundan sonra da davam etdiriləcək, Azərbaycan müstəqil dövlət kimi yaşayıb və daim yaşayacaqdır.

Ümummilli Lider Heydər Əliyev

Ulu Tanrı ötən əsrin son onilliyində Azərbaycan xalqına iki möhtəşəm şans vermişdi. Birinci şans ondan ibarət idi ki, min illərlə tarixi olan qədim bir xalq hələ 1918-20-ci illərdə mövcud olmuş dövlət müstəqilliyini bərpa etmiş, yüz illərlə arzusunda olduğu suveren dövlətinə yenidən qovuşa bilmişdi. İkinci şans isə o idi ki, yenidən əldə etdiyimiz milli dövləti qoruyub saxlamaq, dövlət müstəqilliyimizi əbədiləşdirmək iqtidarında olan bir siyasi liderimiz mövcud idi.

XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpası Azərbaycan xalqının misilsiz tarixi nailiyyətidir. Azərbaycan xalqı, sözün həqiqi mənasında, öz zəngin tarixi və dərin keçmişi ilə fəxr edib, qürur duya bilər. Azərbaycanın coğrafi-siyasi mövqeyinə görə həmişə sivilizasiyaların qovuşağında olduğunu önə çəkən Ulu Öndərimiz Heydər Əliyev qeyd etmişdir: “Məlumdur ki, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri, Kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur”.

Göründüyü kimi, Azərbaycanlı adını daşıyan hər bir kəs öz keçmişi, bu günü ilə qürur duyduğu qədər, parlaq gələcəyinə də əminliklə güvənə bilər. Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev öz xalqına nə qədər bağlı olduğunu öz əməli fəaliyyəti ilə sübut edib. Məhz Heydər Əliyev “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamını söyləməklə xalqımızın nadir irsin varisi olduğunu bütün dünyaya nümayiş etdirib.

Dövlət müstəqilliyimizin bərpasının otuz ikinci ildönümünü təntənə ilə qeyd etdiyimiz bu günlərdə Azərbaycan xalqının, sözün həqiqi mənasında, hədsiz qürur hissi keçirməyə haqqı var. Çünki Azərbaycanın dövlət müstəqilliyinin möhkəm bünövrə üzərində qurulduğu, əbədi prosesə çevrildiyi artıq bütün dünyaya bəllidir. Bu möhkəm bünövrə, müstəqil Azərbaycan dövlətinin sarsılmaz sütunları məhz Heydər Əliyevin polad iradəsi ilə ərsəyə gəlib və ucaldılıb.

Azərbaycanın çoxəsirlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın nəinki bugünkü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası mühüm yer tutur. Taleyüklü hadisələrlə yadda qalan, Azərbaycanın milli intibahı kimi səciyyələnən, müstəqillik tariximizə qızıl hərflərlə həkk olunan bu epoxa ulu öndərimiz, dünya şöhrətli dövlət başçısı və ictimai-siyasi xadim Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu dövr Azərbaycanın müasir tarixinin bütöv bir salnaməsini təşkil edir. Bu şanlı salnamənin  hər bir səhifəsi, hər bir sətri Ulu Öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb.

Azərbaycan XX əsrdə iki dəfə istiqlaliyyətini əldə etmək, özünün müstəqil dövlətini yaratmaq şansı qazanıb. 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə çox böyük işlər görməyə nail olsa da, xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması ucbatından cəmi 23 ay yaşadı. Xalqımız çətinliklə əldə etdiyi ikinci tarixi şansını da o vaxtkı səriştəsiz iqtidarın günahı ucbatından cəmi iki il sonra yenidən itirmək təhlükəsi ilə üzləşdi. Bəxtimiz onda gətirdi ki, bu tarixi şansı reallaşdıra biləcək dahi şəxsiyyət Heydər Əliyev xalqın xahişi və təkidinə biganə qalmadı, Azərbaycanın kövrək müstəqilliyini qorumaq və möhkəmləndirmək kimi olduqca mühüm bir missiyanı yerinə yetirdi.

Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması, atəşkəsə nail olunması, informasiya blokadasının yarılması, siyasi plüralizm, insan hüquqlarının qorunması, mətbuat azadlığı, xarici investorların ölkə iqtisadiyyatına cəlb olunması, iqtisadiyyatın, təhsil sisteminin, ordu quruculuğunun, səhiyyə sisteminin dünya standartlarına uyğun inkişafı, hərtərəfli yüksəliş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər qısa zaman ərzində ölkədə sabitlik və əminamanlığı bərqərar edərək, respublikamızı inkişaf yoluna səfərbər etmişdir. Bu böyük insan xalqımızın iqtisadi, sosial-mədəni tərəqqisini stimullaşdıran, ümumən Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafını təmin edən müdrik siyasi strategiyasının müəllifi olmuşdur. Dahi şəxsiyyət respublikanı dünya birliyində layiqli mövqeyə sahib etmək kimi misilsiz tarixi missiyanı da yüksək səviyyədə yerinə yetirmişdir.

Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik qarşısında ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən uğurla həyata keçirilməsi olmuşdur. Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən “Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Çox qısa zaman kəsiyində bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu layihə, eyni zamanda, Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixə düşmüşdür.

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 ildə həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurların memarı olmuşdur. Dahi şəxsiyyət bütün bu illər ərzində xalqın maddi rifahını yaxşılaşdırılması və aztəminatlı əhali qruplarının sosial ehtiyaclarının ödənilməsindən ötrü mühüm tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Müstəqil Azərbaycan dövlətinin sosial siyasəti Ulu Öndər Heydər Əliyevin xalqa, əhalinin aztəminatlı təbəqələrinə olan qayğısından qaynaqlanıb. Bu böyük xidmətləri Azərbaycan daim sonsuz minnətdarlıq hissi ilə xatırlayır.

Son 20 ildə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, ulu öndərimizin müəyyənləşdirdiyi və mərhələ-mərhələ zərgər dəqiqliyi ilə həyata keçirdiyi müdrik siyasi kurs bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dünyanın tələblərinə uyğun yeni keyfiyyət və məzmunda uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, “müstəqilliyimiz dövründə böyük uğurlar əldə etməyimiz doğrudan da, böyük bir tarixi nailiyyətdir. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir”.

Azərbaycan hərtərəfli və sürətli tərəqqi yolunda inamla irəliləyir, növbəti zəfərlərə imza atır. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci il sentyabrın 27-də başlamış və 8 noyabradək davam etmiş İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə başa vurdu. 30 illik işğal altında olan torpaqlarımız azad olundu. Bu ilin 20 sentyabrında isə 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm zəfəri ilə nəticələndi. 1 günlük lokal xarakterli antiterror əməliyyatı Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin təslim olmasına kifayət etdi. Bununla da Azərbaycan öz suveren ərazisini bərpa etdi və üç rəngli Azərbaycan bayrağı Ali Baş Komandan İlham Əliyev tərəfindən Əsgəranda, Xocalıda, Xocavəndə, Xankəndində ucaldıldı.

Dosent Elmar Xəlilov, Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər