“Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur”.
Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.
Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əldə etməkləri tövsiyə olunur. Növbəti tədris ilində tətbiq olunacaq məktəbli formaları 4 rəngdə təsdiqlənib. Hər məktəb müstəqil şəkildə istifadə olunacaq formanın rəngini seçmək hüququna malikdir.
Günay Baxşəliyeva, valideyn:
– Vahid məktəbli formasının tətbiq olunması çox yaxşı haldır. Bu, şagirdlərin fikrini dərsə yönəltmələrinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Həm də bu formalar çox səliqəli görünür. Uşaqlar fərqli geyinəndə valideynlər də çətinlik qarşısında qalırlar. Çünki sinif yoldaşlarında fərqli paltar görən uşaqlar evdə onu valideynlərindən istəyirlər. Bu da kiminsə büdcəsinə uyğun gəlir, bəzilərinin də büdcəsi ilə üst-üstə düşmür. Məncə, bu, məktəbli üçün verilən ən mühüm qərardır. Xarici ölkələrin təhsil sistemində də məktəbli forması tətbiq olunur.
Aynur Aşurova, valideyn:
– Düşünürəm ki, hər il məktəbli formalarının yenilənməsi yeni dəblərin yaranması ilə bağlıdır. Məktəbli də olsa uşaqların dəbdən geri qalmaması sevindirici haldır. Digər tərəfdən isə bu, çoxuşaqlı, həyat şəraiti aşağı olan ailələr üçün çətindir. Bu, onların büdcəsinə təsir göstərir. Hər il yenidən həmin ailələr məktəbli formasına vəsait xərcləməlidirlər ki, bu da hər ailənin büdcəsinə uyğun deyil. Gələnilki məktəbli formalarına baxmışam. Çox bəyənirəm. Xüsusi ilə 4 rəng seçiminin olması yaxşı haldır. Qış geyiminə üçdüyməli köynəklərin daxil edilməsini yaxşıdır. Mən öz övladlarıma da bunu geyindirirdim. Yaxşı oldu ki, indi məktəbli dəstinə də daxil edildi.
Müzakirə qapadılmışdır.