“Vətən adlı ağacın hərə bir yarpağıdır…”

933

Vətən müharibəsində böyük qələbəmiz naminə canlarından keçmiş şəhidlərin əziz xatirəsinə ehti­ram əlaməti olaraq “Sumqayıt Texnologiyalar Parkı” (STP) Şirkətlər Qrupu tərəfindən hazırlanmış “Zəfər ağacı” abidəsi gənclik şəhərindəki qəhrəmanlıq rəmzlərindən biridir.

Ölkəmizdə bir ilk olan “Zəfər ağacı”nın budaqlarından üzərində şəhidlərimizin adları yazılmış 3000 metal hərbi lövhəcik solmayan yarpaqlar kimi asılıb. Burada Tovuz döyüşlərinin şəhid generalı – Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovdan başlamış, Şuşa uğrunda həlak olan sonuncu şəhidimiz – XTQ baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevə qədər ölməz Vətən oğullarının hamısının adlarına rast gəlmək olar.

Noyabr ayının əvvəllərində “Zəfər ağacı” Bakı Bulvarı ərazisində keçirilən “Qarabağ qəhrəmanlarının izi ilə” adlı yarmarkada nü­mayiş etdirilib. Həmin yarmarkadan əldə olu­naraq “Yaşat” Fonduna ianə edilən vəsaitdə bu ağacın da payı var. “Zəfər ağacı” sonra Sumqayıta gətirilərək, buradakı Şəhidlər Xiya­banında özünə əbədi ünvan tapıb. Abidə həm sakinlərin, həm də xarici qonaqların xüsusi marağına səbəb olub. Hər kəsin ziyarətə can atdığı müqəddəs guşəyə çevrilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin baş­çısı Zakir Fərəcovun, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimovanın, Milli Qəhrəman Qorxmaz Eyvazovun həyat yoldaşının, həmçinin Vətən Müharibəsi Qəhrəmanları Anar Şükürov, Ramiz Cəfərov, Sübhan Cəbrayılov, Camal İsma­yılov və Mehrab Niftəliyevin ailə üzvlərinin şəhidlərimizin əziz xatirəsinə ucaldılmış “Qalib Azərbaycan əsgəri” abidəsi ilə “Zəfər ağacı”nın açılışında necə kövrək və qürurlu anlar yaşadıqlarının şahidiyik.

“Zəfər ağacı”digər abidələr kimi hansısa bir postament üzərində qurulmayıb, birbaşa müqəddəs vətən torpağından boy göstərir. Abidə paslanmaya davamlı metaldan hazır­lanıb. Hündürlüyü 2,9 metr, eni 2,2 metr və çəkisi 400 kiloqramdır. Ətrafı daim qələbəlik olur. Elə tanınmış şair, Prezidentin fərdi təqaüdçüsü Əşrəf Veysəlli ilə də orada görüş­dük. Təəssüratını özünə xas olan şairanə bir tərzdə ifadə elədi:

-Vətən adlı ağacın hərə bir yarpağıdır. “Zəfər ağacı” isə heç zaman yarpaqlarını tökməyəcək bir abidədir. Onu yaradanla­ra alqış! Fərəhli haldır ki, yeni ailə quran cütlüklər Şəhidlər Xiyabanına gələrək, həm “Qalib Azərbaycan əsgəri” abidəsinin, həm də “Zəfər ağacı”nın qarşısında şəkil çəkdirir, vətənə, millətə, ailəyə sədaqət andı içirlər. Qəhramanlar ölməzdirlər. Onların nümunəsi bizi yeni qələbələrə, yeni yaradıcılıq uğurları­na ruhlandırırlar.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər