Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin anım mərasimi keçirilib

529

Əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq…

Azərbaycan xalqının 2020-ci il sentyabrın 27-də Qarabağın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsi noyabrın 8-də Böyük Zəfərlə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı şanlı Qələbənin qazanılmasını təmin etdi. Xalqımızın milli ruhunun, iradəsinin və ləyaqətinin təntənəsi olan Vətən müharibəsində Böyük Qələbənin əldə edilməsi naminə canından keçən cəsur, mətin, fədakar oğullarımızdan biri də Elnur Əli oğlu Allahverdizadədir.

Əslən Zəngilan rayonundan olan Elnur Allahverdizadə 1995-ci il mayın 15-də Sumqayıt şəhərində anadan olub. 2012-ci ildə Sumqayıt şəhər 41 nömrəli tam orta məktəbi, 2016-cı ildə isə Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsini bitirib. BSU-da ali təhsil aldığı illərdə nümunəvi davranışı, elmə, təhsilə xüsusi maraq göstərməsi, universitetin ictimai-mədəni həyatında fəal iştirak etməsi, vətənpərvərliyi, milli təəssübkeşliyi, müasir dünyagörüşü, kreativliyi ilə seçilib və bu müsbət xüsusiyyətlərinə görə müəllimlərin və tələbələrin hörmətini qazanıb. 2016-2017-ci illərdə müddəti həqiqi hərbi xidmətdə olan Elnur Allahverdizadə hərbi xidmətdən qayıtdıqdan sonra səs rejissoru kimi fəaliyyət göstərib. İstedadlı və yaradıcı gənc olan Elnur Allahverdizadə “Barama”, “Atılmışlar” seriallarının, “Son iclas” bədii-sənədli filminin, bir çox reklam çarxlarının səs rejissoru olub, həmçinin “Pismus production” da çalışıb.

Vətən müharibəsində topçu kimi iştirak edən Elnur Allahverdizadə noyabrın 7-də Ağdam-Xocavənd istiqamətində gedən döyüşlər zamanı Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində qəlpə yarası alaraq şəhid olub. Noyabrın 8-də Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Elnur Allahverdizadə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün dövlət başçımız İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhid Elnur Allahverdizadənin əziz xatirəsini dərin hörmət və qürurla anırıq!
Allah rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər