Vyanada ATƏT PA-nın 17-ci qış sessiyası işə başlayıb - Sumqayıtın millət vəkili sesiyada iştirak edir

956

Fevralın 22-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin iştirak etdiyi sessiyada ölkəmizi Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və Ülviyyə Ağayeva təmsil edirlər.

Sessiyanın rəsmi açılışı fevralın 22-də Hofburq sarayının konqres mərkəzində daimi komitənin iclası ilə baş tutub. Açılış iclasında ATƏT PA-nın prezidenti Georgi Sereteli hesabatla çıxış edib.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin üzvü Azay Quliyev çıxışında vəzifəsinin icrasına başladığı qısa müddət ərzində ATƏT PA prezidentinin fəaliyyətini yüksək qiymətləndirib, xüsusilə ölkələrin ərazi bütövlüyünün qorunması, münaqişələrin nizamlanması, radikallaşmaya qarşı mübarizə istiqamətində görülən işləri təqdir edib. O, tədbir iştirakçılarının diqqətini gələn ay Bakıda keçiriləcək İpək Yoluna Dəstək Qrupunun Bakı Konfransına yönəldib. Bu tədbirə 20-dən artıq ölkənin nümayəndələrinin qatılacağını vurğulayan A.Quliyev beynəlxalq təşkilatın rəhbər strukturlarının təmsilçilərini həmin konfransda görməkdən məmnun olacağını qeyd edib.

Daimi komitədə ATƏT məkanında seçkilərin müşahidə olunması məsələsi müzakirə olunarkən, ATƏT-in seçki müşahidə missiyasının xüsusi koordinatoru Azay Quliyev ötən ilin oktyabr ayında Qırğızıstanda keçirilmiş prezident seçkiləri haqqında hesabatla çıxış edib.

İkigünlük sessiyada ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, siyasi məsələlər və təhlükəsizlik komitələrinin iclasları keçiriləcək. Toplantıda iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddətli mübarizə strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silah yayılmasının qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirləri mövzusunda müzakirələr aparılacaq.

Sessiya çərçivəsində fevralın 23-də ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclası keçiriləcək. Burada qurumun əsasnaməsinə əlavə və dəyişiklər ediləcək, Yunanıstan və Moldovanın təşkilat üzvlüyünə qəbuluna, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsinə, bu il martın 13-14-də Milli Məclislə qurumun birgə təşkilatçılığı ilə keçiriləcək ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransına dair məsələlər müzakirə olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər