Xalqa həsr olunan ömür

608

Tarixən hər bir xalqın taleyi yetişdirdiyi liderlərinin ağlı, uzaqgörənliyi, siyasi iradəsi kimi keyfiyyətlərindən daha çox asılı olub. XX əsrin 90-cı illərində Azərbaycanda yaranmış siyasi vəziyyət, xalqın sosial-iqtisadi durumunun gündən-günə pisləşməsi, torpaqlarımızın mənfur qonşularımız tərəfindən işğal olunması heç şübhəsiz həmin dövrdə siyasi hakimiyyətdə olan insanların səriştəsizliyindən, yarıtmaz fəaliyyətindən daha çox asılı idi. Əlbəttə bu da bir tale işi idi ki, həmin dövrdə Azərbaycanda siyasi hakimiyyətdə olan AXC-Müsavat cütlüyü respublikanı həm iqtisadi, həm də sosial-siyasi baxımdan çıxılmaz bir vəziyyətə, məhvə gətirib çıxarmışdı. Lakin həm də Azərbaycan xalqının tale işi idi ki, Vətən tariximizin ən çətin günlərində xalqın böyük oğlu, fenomenal şəxsiyyət Heydər Əliyev dühası dövlətimizi bu çıxılmaz vəziyyətdən, dağılıb məhv olma qorxusundan xilas etdi.

Ancaq keçmiş Sovetlər birliyində deyil, dünyada şöhrət qazanmış, göstərdiyi siyasi idarəçilik bacarığı ilə sözün həqiqi mənasında dövlət xadimi kimi qəbul olunmuş, xalqımızın ümummilli lideri Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, bütün ömrünü xalqına həsr eləmiş ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm Sovetlər birliyi dönəmində, həm də müstəqilliyimizi qazandıqdan sonra ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması kimi taleyüklü istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz fəaliyyəti olub.

Qeyd etmək yerinə düşər ki, ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində fəaliyyəti dövründə milli dövlətçilik ənənələrimizin bərpası istiqamətində xüsusi əhəmiyyətə malik olan işlər görüb. Belə ki, həmin dövrdə milliləşdirmə siyasətini uğurla həyata keçirən Ümummilli liderin səyi ilə Muxtar Respublikanın dövlət rəmzləri bərpa olundu. Naxçıvan Ali Məclisinin I sessiyasında Milli bayraq məsələsi ilə əlaqədar olaraq iki bəndlik qərar qəbul olundu və ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı.

Ulu Öndər Heydər Əliyevin yüksək siyasi iradəsinin və cəsarətinin sayəsində SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, Sovet ordusunun Naxçıvan Muxtar Respublikası ərazisindən çıxarılması haqqında qərar qəbul edildi və icra olundu. İlk dəfə 1990-cı il 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verildi. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə tarixi qərar qəbul olundu.

Bütün bunlarla yanaşı, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Beləliklə, ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.

Ramiz Hüseynov, 

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər