Xarabalıqlar üzərində qurulan Ağdam düşmənin gözdağına çevriləcək

737

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımıza səfərləri bu il də uğurla davam edir. Ötən il rayonlara edilən 47 səfərdən 32-si işğaldan azad edilmiş ərazilərimizə olub. Ölkə başçısının hər bir səfəri bölgələrin inkişafı üçün mühüm hadisələrlə yada qalır və Böyük Qayıdışı daha da yaxınlaşdırır.

Prezident İlham Əliyevin fevralın 13-də Ağdam rayonuna səfəri zamanı bir sıra obyektlərin təməlinin qoyulması və bəzilərinin istifadəyə verilməsi rayonun bərpası istiqamətində həyata keçirilən kompleks tədbirlərin əyani təzahürüdür. Rayonda aparılan bərpa və quruculuq işləri onu deməyə əsas verir ki, Ağdam tezliklə təkcə Azərbaycanın deyil, regionun ən gözəl və müasir şəhərlərindən birinə çevriləcək. Bu günə kimi Ağdamın gələcək inkişafı üçün çox mühüm addımlar atılıb. Qısa müddətdə görülən işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Ağdam rayonunda da infrastruktur layihələri sürətlə həyata keçirilir.

“Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin olunacaq. Hazırda Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil və dəmir yolu inşa edilir. Avtomobil yolu təxminən bir ilə hazır olacaq. Artıq Füzuli-Ağdam avtomobil yolunun tikintisinə başlanılıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, həm də Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və digər ölkələrdən Ağdama gəlmək daha asan olacaq.

Ağdamda müasir mehmanxana təxminən iki ilə istifadəyə veriləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının tikintisi ağdamlıların tibbi xidmətlə təmin olunmasına geniş imkanlar yaradacaq. Hazırda 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird təhsil alacaq. Bu işlərlə paralel olaraq Ağdama qaz xətlərinin çəkilişi layihəsi hazırlanır. Eyni zamanda Ağdam rayonuna içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıb.

Ağdam Cümə məscidinin bərpası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Ağdam Cümə məscidinin bərpa işləri başlanıb. Artıq bütün araşdırmalar aparılıb və mart ayından həm məscidin daxilində, həm də xaricində təmir işlərinə başlanılacaq.

Ağdamın gələcək inkişafı ilə bağlı planlarda ilk növbədə yaşayış binalarının tikintisi, iş yerlərinin açılması nəzərdə tutulur. Ölkə başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. Ağdam rayonunda iş yerlərinin yaradılması ilə bağlı da tədbirlər həyata keçirilir. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaq.

Prezidenti İlham Əliyevin 13 fevral tarixində Ağdama səfəri zamanı Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Burada artıq 5 rezident işə başlayır. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına həyata keçirilir. İcra olunan layihələr onu göstərir ki, bütün maliyyə və texniki imkanları, habelə kadr potensialı peşəkar şəkildə səfərbər olunub.

Prezidenti İlham Əliyevin 13 fevral tarixində Ağdama səfəri zamanı verdiyi müsahibəsdə bir sıra mühüm məqamlara toxundu. Ölkə başçısı bildirdi ki, artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi. Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. İmarət ermənilər tərəfindən dağıdılıb, təhqir edilib.

Azərbaycanın iş adamlarına müraciət edən ölkə başçısı bildirdi ki, Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoyulmalı və müasir layihələr reallaşdırılmalıdır: “Bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır.

Prezident İlham Əliyev vurğuladı ki, qarşımızda duran böyük işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün düşünülmüş addımlar planı olmalıdır: “Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi praktiki işlərin görülməsi başlanacaqdır”

Bütün tarixi və dini abidələrin bərpa olunacağını qeyd edən dövlətimizin başçısı əlavə etdi ki, azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.

Prezident İlham Əliyev müsahibəsində Ermənistanda baş qaldıran revanşist qüvvələrə də öz mesakını çatdırdı. Vurğulandı ki, revanşist qüvvələr hər an Azərbaycan ordusu tərəfindən məhv oluna bilər: “Bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində, Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Azərbaycan xalqı öz torpaqlarını qaytarıb. Bu torpaqlar qan tökərək, şəhidlər verərək qaytarılıb. Ölkə başçısı əlavə edib ki, Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Ancaq heç vaxt Azərbaycan xalqı ermənilər tərəfindən törədilmiş vəhşiliyi unutmamalıdır.

Prezident İlham Əliyev ötən il işğaldan azad edilmiş 10 şəhər və rayona ümumilikdə 32 dəfə səfər edib, 21 sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edib, 37 obyektin təməlini qoyub, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verib. Bu il ölkə başçısı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərini Ağdamdan başladı. Ölkə başçısının  Ağdama 3-cü səfəri zamanı  3 obyektin açılışı, 5 təməlqoyma mərasimi  baş tutdu. Görülmüş işlər tezliklə böyük Qayıdışın baş tutacağını deməyə əsas verir. Azərbaycan qısa müddət ərzində həyata keçirdiyi layihələrlə, bərpa işləri ilə dünyaya öz iqtisadi qüdrətini göstərəcək. Xarabalıqlar üzərində qurulacaq müasir Ağdam düşmənə gözdağı olacaq!

Mönsüm Alışov, Pedaqoji elmlər doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər