“Xarıbülbül” festivalı Azərbaycanın gücünü bir daha dünyaya göstərdi

954

Şuşa şəhəri tarixən Azərbaycanın maddi-mədəni, irsi və ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası sayılmışdır. Elə bu səbəbdən də Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə 44 günlük Vətən Müharibəsində rəşadətli ordumuzun parlaq qələbəsi nəticəsində azad olunan Şuşa şəhəri Azərbaycan mədəniyyət paytaxtı elan edildi.

Əlbəttə ki, Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.

Havadarlarına arxalanan ermənilərin işğalçı hərbi qüvvələri tərəfindən 1992-ci il may ayının 8-də Şuşa şəhəri işğal olunub, xalqımızın tarixi-mədəni irsi məhv edilib, sözün əsl mənasında vandalizm siyasəti həyata keçirilib. Xatırlanan vandalizm aktının davam etdiyi iyirmi doqquz il ərzində Şuşada memarlıq abidəsi sayılan yüz yetmişdən çox yaşayış binası, yüz altmışadək mədəniyyət və tarixi abidələr, yeddi məktəbəqədər uşaq müəssisəsi, iyirmi iki ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, səkkiz mədəniyyət evi, on dörd klub, iki kinoteatr, üç muzey, bir neçə turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb. Bununla yanaşı məbədgah və məscidlər talan olunub, çoxsaylı nadir tarixi əlyazma nümunələri məhv edilib, iyirmidən artıq elmi və ədəbi kitabxanalar vəhşicəsinə yandırılıb, bu torpaqlarda minillərlə məskən salmış insanlar doğma torpaqlarından didərgin düşüb. Buna baxmayaraq, xalqımız heç vaxt ruhdan düşmədi. Gec-tez o torpaqlara qayıdacağı ümidi ilə yaşadı.

Nəhayət Müzəffər Ordumuzun qətiyyəti sayəsində tarixi ədalət bərpa edildi, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri digər ərazilərimizlə bərabər işğaldan azad olundu.

Ali Baş Komandan “Şuşa bizimdir!”,“Qarabağ bizimdir!”- deyə Azərbaycan xalqını Vətən Müharibəsində nümayiş etdirdiyi misilsiz birliyə görə təbrik etdi, bununla əlaqədar olaraq müraciətində bildirdi: “Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımın ən xoşbəxt günlərimdən biridir. Xoşbəxtəm ki, atamın bu vəsiyyətini də yerinə yetirməyə nail olmuşam. Hesab edirəm ki, bu mənim qazandığım ən böyük qələbələrimdən biridir!

Azad edldikdən dərhal sonra Şuşa şəhərinə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan aradan qaldırılması üçün tədbirlər həyata keçirildi, bərpa işlərinə başlanıldı.

Əvvəlcədən qeyd olunduğu kimi mədəniyyət paytaxtımız Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalı keçirildi. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında əsrarəngiz Cıdır düzündə təşkil olundu. Otuz iki ildən sonra keçirilən budəfəki “Xarıbülbül” musiqi festivalı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən təşkil olundu. Keçirilən festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların milli musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” çərçivəsində təqdim edildi, xalq mahnıları və klassik musiqilərindən ibarət olan zəngin bir proqram təqdim olundu.

“Xarıbülbül” musiqi festivalı 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamı idi. Festivalın şəhidlərimizin əziz xatirəsinə həsr olunması isə şəhidlərimizin əziz xatirəsinə yüksək ehtiramın göstərici idi.

Dövlətimizin başçısı festivalın açılışındakı çıxışı zamanı xüsusi olaraq vurğuladı ki, bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq.

Ölkə başçısı bəyan etdi ki, bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq.

İllər sonra Azərbaycan xalqının milli sərvəti sayılan diyarda, Şuşada bərpa edilən festival milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.

Düşmən münaqişənin ilk vaxtlarından Azərbaycanda müxtəlif dini, etnik, icmalar arasında qarşıdurma yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək üçün davamlı olaraq fəaliyyət göstərirdilər.

44 gün ərzində Vətən müharibəsində ölkəmizdə olan bütün etnik və dini icmaların nümayəndələri bir yumruq kimi birləşərək çiyin-çiyinə döyüşməklə düşmınin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin nə qədər faydasız olduğunu bir daha ortaya qoydu.

Vətən müharibəsi həm də ölkəmizdə əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyev tərəfindən diqqət yetirilməsinin nə qədər düzgün olduğunu bir daha təsdiq etdi.

Vətən müharibəsində əldə etdiyimiz Zəfərdə ölkəmizdə mövcud olan bütün icmaların payı, töhfəsi vardır.

Prezident İlham Əliyev çıxışında mövcud birliyə, həmrəyliyə xüsusi olaraq diqqət çəkdi: “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır,ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”.

Festivalın məhz Ramazan bayramı ərəfəsində keçirilməsi də xüsusi əhəmiyyət kəsb edirdi. Şuşada hər zaman dini dəyərlərə xüsusi diqqət yetirilib. Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması hər birimizi sevindirdi. Çünki illərlə biz bu günün həsrəti ilə yaşamışıq. Bu günü görməyi arzu etmişik. Bu gün çox sevincliyik ki, Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır. Artıq biz qayıtmışıq və məscidlərimizdə bayram namazları qılınır.

Prezident İlham Əliyev qeyd etdi ki, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil: “Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq – torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq”.

Beş il bundan öncə Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin tapşırığı ilə Şuşa məscidinin bənzəri olan məscidi tikilmişdi. Hələ o zaman ölkə başçısı Cocuq Mərcanlıdakı məscidin açılışında bildirmişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Bəli, o gün gəldi və Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu.

Bu gün doğma Şuşamız yenidən bərpa edilir, dirçəldilir. Şuşanın əvvəlki şöhrətinin qaytarılması üçün bütün lazımi işlər həyata keçirilir. Bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək

Elşad Eyvazov, Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər