Sumqayıt şəhəri “Dostluq” mədəniyyət evinin “Xəzri” xalq mahnı və rəqs ansamblı Türkiyənin Yalova şəhərində keçirilən “XII – Türk boyları kültür şöleni” adlı beynalxalq festivalda iştirak edib. sumqayitxeber.com saytı Sumqayıt şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir ki, 8 gün davam edən festivalın ilk günündə Barış Mançö adına Açıqhava Teatrında festivalın rəsmi açılışı olub və festival iştirakçıları konsert nömrələri ilə çıxış ediblər. Festivalın ikinci günü Azərbaycanı təmsil edən “Xəzri” xalq mahnı və rəqs ansamblı, İraq türkləri, Kabardin, Qazaxıstan, Kipr, Kosova, Rumıniya və Tatarıstanın kollektivləri Bursa şəhərinin Gemlik qəsəbəsində açıq havada geniş konsert proqramı ilə çıxış ediblər. Konsertin açılışı “Xəzri” xalq mahnı və rəqs ansamblının çıxışı ilə başlanıb. Festivalın üçüncü günü milli geyimli festival iştirakçıları Yalovanın düşmənlərdən azad olunmasının ildönümünə həsr olunmuş rəsmi toplantıda iştirak ediblər.
Bundan əlavə festival çərçivəsində iştirakçılar Yalova şəhərinin valisi və bələdiyyə başçısı ilə görüşüb, “Xəzri” mahnı və rəqs ansamblı İzmir şəhərinin Kocaeli FUAR ALANINDA konsert proqramı ilə çıxış edib. Yüksək səviyyədə keçirilən proqram tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Daha sonra Yalovanın Çiffliköy qəsəbəsinin mərkəzi parkında Rumıniya, Bolqarıstan, Gürcüstan və Azərbaycanın rəqs kollektivləri çıxış edib.
Qeyd edək ki, “Xəzri” mahnı və rəqs ansamblının uğurlu çıxışları iştirakçı ölkələrin rəsmi nümayəndələrində olduqca müsbət fikir yaratdığından gələcəkdə həmin ölkələrdə keçiriləcək festivallarda iştirak etmək üçün razılıq əldə edilib.