Xocalı faciəsinin canlı şahidi dörd yaşlı uşaq: "Ovcundakı Mehdi üzü aşağı yıxıldı..."

2817

Bütün bu hadisələr dünya tarixində hələ də statistika olaraq qalır. Xocalıya ədalət tam bərpa olunmayıb. Bütün bu yaşananlar, ağrılar və faciələr sadəcə bu sözlərlə ifadə olundu: “1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.

Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Xocalı soyqırımından sonra doğulan uşaqlar Xocalıda öldürülən uşaqlardan indi daha yaşlıdı. Onlar qocalacaq, amma Xocalıdakı uşaqlar elə o yaşda da qalacaq…

Hər iki valideynini itirənlər arasında Əliyev Mehdi Firdovsi oğlu da vardı…

…Soyuq iliyə işləyirdi. Gecənin qaranlığında düz meşənin ortasında tək qalmışdı. Baş verənləri dərk edəcək gücdə deyildi. Mehdinin hələ dörd yaşı təzəcə tamam olmuşdu. Onun qışqırıqları qaranlığın bağrını yarıb-keçir, ancaq səs-səda gəlmirdi.

Həmin gün atası həyəcanla evə gəlmiş, ermənilərin Xocalı kəndinə hücum etdiklərini demişdi. Onu və qardaşlarını zirzəmiyə qoyub, düşmənlə döyüşməyə getmişdi. Dörd yaşı olmağına baxmayaraq aylardır evlərində danışılan erməniləri yaxşı tanıyırdı. Qardaşları ilə birlikdə bir-birinə qısılmışdılar. Çok keçmədi ki, kəndin bir ucundan güllə səsləri gəlməyə başladı. Bu onların qorxusunu artırır, ancaq heç kim zirzəmidən çıxmağa cəsarət etmirdi. Çarəsizcə gözləyirdilər. Hava qaralana yaxın, babasının qardaşı özünü onların evinə yetirdi. Qardaşlarını və onu götürüb meşəyə tərəf qaçmağa başladı. Qoca dodaqaltında tələsə-tələsə qardaşlarının qolundan dartır, elə hey deyirdi: “Allah evini yıxsın bunların. Uşaq-böyük saymırlar. Qabağına çıxanı vururlar. Tez olun, balalarım, görək necə edərik”.

Mehdi yaşına xas ləngliklə irəliləyirdi. Tələsə-tələsə qaçır, ayağı ilişib yıxılırdı. Bununla da hamını ləngidirdi. Babasının qardaşı bunu görüb onu boynuna götürdü. Bir xeyli getdikdən sonra meşənin içinə girdilər. Burada qonşularını, qohumlarını gördü. Qadın-qoca, uşaq əli yalın düşməndən qaçıb meşəyə, gecənin şərinə sığınmışdılar. Fevralın soyuğu buz kimi kəsirdi. Artıq neçə saatdı burada gözləyənlərin ayaq barmaqları da donmağa başlamışdı. Hamı bir-birinə baxır, indi nə olacaq? deyə sual dolu gözlərlə bir ümid axtarırdılar. Dostları Natiq, Vüsalə, Əfsanə hamısı bir neçə müddət əvvəl kənddən çıxarılmışdı. Onların valideynləri düşmənin gələcəyini eşidib, uşaqlarını başqa rayonlarda yaşayan qohumlarının yanına göndərmişdilər. Özləri isə Vətəni müdafiə etmək üçün geri qayıtmışdılar. Hər evdə iki adama bir avtomat düşürdü. Bir çoxları isə təkcə ov tüfəngi ilə yetinməli olurdular. Soyuğun-ayazın ağzında çarəsizcə gözləyirdilər. Taleləri, bütün həyatları düşmənin insafından asılı idi. Ancaq ermənilər digər kəndlərdə apardığı əməliyyatlarda insafdan uzaq olduqlarını dəfələrlə sübut etmişdilər.

Birdən atəş səsləri yaxınlaşmağa başladı. Hamı üzü meşənin içinə doğru qaçmağa başladı. Ancaq düşmənin atəşindən yaxa qurtara bilməyənlər yerə yıxılır, ən yaxşı halda yaralanaraq canlarını qurtara bilirdilər. Hamı can hayında idi, hərə bir tərəfə qaçışırdı. Mehdi də özünü bir kolluğun arasına verdi. Düşmən onlar olan əraziyə gəldi. Qaça bilməyən, yaralı olan hamıya atəş açırdılar. Qolunu tutub yerdə inildəyən 86 yaşlı Məmməd kişi erməni zabiti ilə göz-gözə gəldi. Zabit gülümsədi və tapançasını çıxardıb onun düz alnından atəş açdı. Ermənilər zülmkarcasına qarşısına çıxan hər kəsə atəş açırdı. Qoca, qadın, hətta hamilələrə belə rəhm etmirdilər.

Bütün bu faciələr balaca Mehdinin gözü qarşısında baş verirdi. O, heç vaxtı erməni görməmişdi. Ancaq evdə tez-tez ermənilərdən danışırdılar. Hərbi formada ətrafda gəzişənlərin ermənilər olduğunu başa düşməyi ona elə də çətin olmadı. Belə qəddarlığı ancaq ermənilər edə bilərdi. Düşmən qaçanların ardınca meşəyə tərəf irəliləməyə davam edirdi. Ətraf sakitləşdi, o meşənin düz ortasında tək-tənha, kimsəsiz qaldı. Qaranlıq üstünə-üstünə gəlirdi. Sükut ətrafı bürümüş, qulaq batırırdı. Kolluğun arasında bir səs eşitdi, ağlamağa başladı. Bu səsləri eşidən iki erməni əsgəri ona tərəf gəldi. Qaçacaq yeri yox idi, həm də hara qaçaydı, bu balaca ayaqları ilə çox gedə bilməzdi. Erməni əsgəri ağlamaq səsi eşidib ayaq saxladı. Yanındakı yoldaşına əli ilə balaca Mehdini göstərdi. O, da əlini-əlinə sürtüb, ovcuna yaxşı şikar düşmüş ovçu kimi sevindi. Addımlarını yeyinlədib onun yanına çatdılar. Mehdinin qorxusu artmışdı, gözünü yumdu. Əsgərlərdən biri onun boynundan tutub göyə qaldırdı: “Axper, gör nə gözəl quzudur?”. O biri dilləndi: “Uşağı yerə qoy. İşimizə yaraya bilər”.

Üz-gözünü turşudan əsgər Mehdini göydə sağa-sola çevirməyə başladı:

– Adam da belə quzunu əldən buraxar?

O biri əsgər yoldaşı cavab verdi:

– Başın xarabdı? Bilirsən bu xəzinədir e? Hər şey üçün istifadə edə bilərik. Ən pis halda əsir düşən zabitlərimizlə dəyişərik. Azərbaycanlılar uşağa heç vaxt qıymazlar. Öldürsən əlinə nə keçəcək ki?

Bu söz onun ağlına batdı. Əlini açdı, ovcundakı Mehdi üzü aşağı yıxıldı…

Bir də özünə gələndə yarıqaranlıq bir otaqda gözünü açdı. Gözünü ovuşdurdu. Ətrafında tanımadığı adamlar dayanmışdı. Qoca, qadınlar hərəsi bir küncdə oturmuşdular. Öz aralarında pıçıltı ilə nəsə danışırdılar. Mehdi onları dinşədi. Azərbaycanca sözlər eşidirdi. Onların azərbaycanlı əsirlər olduğunu anladı. Ətrafa göz gəzdirdi, anası-atasını axtardı. Heç biri yox idi. Qardaşları da gözünə dəymədi. Hamının başı özünə qarışmışdı. Heç kim ona fikir vermirdi. Bir küncə qısılıb ağlamağa başladı. Beləcə dəqiqələr-saatlar keçdi. Ac-susuz bir gün yarım beləcə gözlədilər. Qapı birdən təpiklə açıldı. Yuxudan diksindi. Bir erməni zabiti, arxasınca dörd əsgər daxil oldu. Bir-bir əsirlərin qolundan tutub maşına mindirməyə başladılar. Növbə ona çatmışdı. Görəsən, hara gedəcəkdi? Bundan sonrakı istiqamət hara idi? Bəlkə, öldürməyə aparırdılar?..

Beləcə, dərdlərinin üstünə bir dərd də gəlmişdi. Məchulluq ürəyini sıxırdı. Sanki bu dörd yaşlı uşaq birdən-birə böyümüş, bu qısa vaxt ərzində bütün dərdləri görmüşdü. Artıq hər şeyi dərk edirdi. İki saata yaxın yol getdilər. Kəndlərinin içindən keçdilər. Hər tərəf qoca, qadın, körpə cəsədləri ilə dolu idi. Maşın bəzən bu cəsədləri tapdalayaraq keçirdi. Tez aşağı oturub, gözlərini yumdu. Bir az da yol getdikdən sonra, maşın dayandı. Əsgərlər onları bir-bir düşürüb cərgəyə düzdülər. Qarşı tərəfdən gələn Azərbaycan əsgərləri onları təhvil aldılar. Hər bir əli yalın, sadə vətəndaşı bir düşmən əsgəri ilə dəyişdilər. Əli silah tutmayan, döyüşmək iqtidarında olmayan bu insanları döyüşdə bişmiş əsgər, zabitlərlə dəyişirdilər. Azərbaycan tərəfinin başqa çarəsi yox idi. Vətəndaşlarını göz görə-görə ölümün ağuşunda qoya bilməzdilər.

Belə hadisələrə bir çox hallarda laqeyd yanaşan dünya birliyi bu biabırçılığın qarşını almağa çalışdı. Onların tələbi ilə dinc sakinlər Azərbaycan tərəfinə verildi.

Mehdi xilas olmuşdu, bəs valideynləri? Onları necə tapacaqdı? Qardaşlarını bir də görə biləcəkdimi? Uzun axtarışlardan sonra valideynlərinin Xocalıda həlak olduğunu öyrəndi. O, digər 25 uşaq kimi hər iki valideynini müharibədə itirmişdi. Natiq, Vüsalə, Əfsanənin də onun kimi bəxti gətirmiş, sağ qalmışdılar. Ancaq onlar da valideynlərini Xocalıda itirmişdilər. Mehdinin isə bütün ailəsi burada həlak olmuşdu. Tək ata-anasını deyil, qardaşları da erməni gülləsinə qurban getmişdilər. qardaşları Elçin, Elgizin sağ olması bəlkə də bu həyatda ona yeni ümidlər verəcəkdi. Amma bu ümidini də ondan almışdılar. Bu dünyada Xocalısız və tək-tənha qalmışdı…

30 yaşında hər gün dörd yaşlı uşağı axtaran Mehdi heç böyümədi. İllər keçəcək Mehdi elə dörd yaşında qalacaq…

Ordu.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər