Yaddaşımızda silinməz iz buraxan illlər…

747

Azadlıq meydanı yaşadığımız ərazidən çox uzaq olmadığı üçün yanvar ərəfəsi və 20 yanvar günü baş verən hadisələr dolayısı ilə bizə daha yaxınlıqda cərəyan edirdi.
Azadlıq meydanındakı mitinqlərin səsi evimizdə eşidilirdi. Hadisə günü silah səsləri pəncərəmizdə əks- səda verirdi. Arabir atəşin şiddətiylə pəncərəmiz titrəyirdi.
Ehtiyat üçün kiçik oğlumu qucağımda gizlədib mətbəxə sığındığım zamanlar olurdu. O zaman oğlum 1 yaş 6 ayında idi.
O qanlı gecənin ertəsi gün biz kiçik oğlumla küçələri dolaşdıq, sonra yolumuz Səhidlər xiyabanına idi. Küçələrin bəzi yerlərində yerə axmış Şəhid qanları üzərinə qərənfillər düzülmüşdü. Şəhidlər Xiyabanında ziyarətə gələn xalqımızın o böyük izdihamında biz də gözləyirdik. Şəhid məzarları üzərinə düzəcəyimiz qərənfilləri oğlum kiçiçik əllərində bərk-bərk tutub saxlamışdı. Hava çox soyuq idi, öncəki günlər yağan qar yerdə buz bağlamış və sanıram yenə arabir qar yağırdı. Artıq ölkəmizdə “Föfqəladə hal” elan olunmuşdu. Şəhərin küçələrində hərəkət edən tanklarda ayaq üstə dayanan rus əsgərləri silahları atəşə hazır vəziyyətdə saxlayırdılar. Hər kəsin gözlərində onlara bəslədiyi böyük nifrət, onların cavab baxışlarında isə təhdid vardı. Əlləri avtomatın tətiyində olan rus əsgərləri sanki atəşə hazıram məsajını verirdi. Fövqəladə hal boyunca yaxınlığımızdakı Füzuli meydanında çox saylı əsgərlər gəzişirdi.
O günlərdə ölkəmizdə çörək qıtlığı yaranmışdı ifadəsi doğru olarmı deyə bilmirəm, hər halda saatlarla uzanan çörək növbələri yarandığı həqiqətini qeyd etmək istəyirəm.
Yanvar hadisələrindən sonrakı yaxın illərdə ölkəmizin həyatındakı mənzərəni təsvir etmək kimi bir cəhdim yoxdur. Lakin, ölkəmizin həyatındakı o ümumi abu- hava, metroda törədilən teror hadisələri, hər vətəndaş kimi mənim yaddaşımda silinməz iz buraxmışdı.
Artıq, Yanvar hadisələrindən 4 ilə yaxın bir zaman öturdü…
Oğlum 6 yaşına 1 ay öncə qədəm qoymuşdu. Onun üçün çox erkən sayılsada, mən onu məktəbə göndərməyi qərar almış və yaxınlığımızda yeni fəaliyyətə başlayan Türk Anadolu litseyinə yazdırmışdım. O illərin hər anı olmasada, demək olarki, hər günü xatırəmə yazılıb. İşləməsəydim bəlkə də, hər gün məktəbdə dayanıb oğlumun dərslərinin bitməsini gözləyərdim. O zamanlar mən öz gənc müəllimlik fəaliyyətimə yeni başlamıdım. Hər zaman olduğu kimi mənim ağlımda belə ağır günlərində “Mən Vətənim üçün nə edə bilərəm, necə yararlı ola bilərəm” sualı dolaşırdı.
O zaman, ADU-nun tələbəsi, “20 Yanvar” Şəhidi Üivi Bünyədzadənin xatirə muzeyi universitetin 3- cü mərtəbəsində yerləşirdi. Mən hər gün otağa gəlib Şəhidimizin bibisi Almaz xanımla söhbət edirdim. Almaz xanımla danışıb tədbir hazırlamaq qərarına gəldik.Müəllim olduğum universitetdə sonrakı uzun illər boyunca davam edən könüllü ictimai fəaliyyətim də məhz belə başlandı. Dərhal ADU- nun tərbiyyə işləri üzrə prorektoru hörmətli Ələsgər müəllimə müraciət etdim. O gün “ Vətənpərvərlik və real vəziyyətdə davranış qaydaları mövzusundakı” tədbirə qonaqları dəvət etmək üçün saatlarca gözləmiş və evə çox gec dönmüşdüm. Evə çatıb qapını açdığımda oğlumun yüksələn sevinc səsləri hələ də qulağlarımdadır.
~~~
İllər sonra…
Artıq oğlum təhsilini bitirmiş, işləməyə başlamış və ilk ezamiyyətiylə ölkəmizdən çox uzaqlardaydı. Bayraq günündən bir neçə gün öncəydi…
Hər bayramda olduğu kimi beynim yenə də durmadan necə bir tədbir hazırlaya bilərəm düşüncəsi ilə çalışırdı. Hər zaman tələbələrdə maraq yarada biləcək yeni bir şeylər axtarır və əsasən uğurlu olurdum. Bu düçüncə ilə yuxuya getdim. Yuxuda anam və oğlumla üçümüz dayanmışdıq, mən onların üzünə baxıb bu misraları söyləyərkən onlar mənə gülümsəyirdi: Müqəddəsdir bir anamız, bir də ki, ta beşiklikdən elə onun laylasından tanıyaraq sevdiyimiz vətənimiz 🇦🇿
Yuxudan tam oyanmadan şeirin yadımda qalan sözlərini telefonun qeyd bölümünə qeyd etdim. Sonra gün ərzində bu şeiri tamamladım. Əslində bu bir şeirdən daha çox o günlərdə yaşamış olduğumuz hadisələrin bir qədər bədiiləşmiş təsvirinə bənzəyirdi. Çox minmətdaram ki, YAP GB şeirimə bir video hazırladı.
Lakin başqa bir minnətdarlığım da var idi…
Öz şeirimdə ifadə etdiyim kimi artıq təhlükələr geridə qalmışdı, kiçik oğlumu məktəbinə qoyub rahatlıqla işimə gedirdim. Əlbəttə mən bir gənc ana olaraq bu asayiş və əmniyyəti bərpa edən, əmin-amanlıq yaradan dahi şəxsiyyət Ulu Öndərimizə sonsuz minnətdar idim.
O zaman oğlum ezamiyyətdə idi. O mənim əməyimə hər zaman böyük dəyər verirdi. Mən videonu ona göndərib şeiri necə yazdığımı izah etdiyimdə, mənim üçün çox şeylər ifadə edən, heç zaman unutmayacağım ilk alqışımı ondan almışdım…
“ Afərin “
_________
Yazıçı,
Sədaqət Fuad

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər