YAP-ın yaradılması Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindəndir TƏHLİL

632

1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının Müstəqillik Aktı imzalansa da, o vaxtkı səriştəsiz hakimiyyətin uğursuz addımları nəticəsində xalqımız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Müstəqilliyin ilk illərində Azərbaycanın başına gətirilən ağır bəlalar, eyni zamanda torpaqlarımızın Ermənistan tərəfindən işğalı, hətta dövlət müstəqilliyinin itirilmə təhlükəsi həmin dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərlərin xalqın taleyinə biganə yanaşmasının məntiqi nəticəsi idi. O vaxtkı hakimiyyətin səriştəsizliyi, qeyri-peşəkarlığı və xəyanəti nəticəsində ölkəmizin müstəqilliyi təhlükə altına düşmüşdü. Həmin dövrdə ölkədə baş verən xoşagəlməz proseslər, siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül müstəqilliyimizə böyük zərbə vurdu. Belə bir vəziyyətdə cəmiyyətimizin böyük hörmətə malik olan insanlar, ziyalıları ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasını yaratmaq qərarına gəldilər.

Otuz il əvvəl, 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu hadisə ölkəmizin gələcəyi üçün çox əlamətdar və tarixi bir hadisə idi. YAP-ın yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi o dövrdə Respublikamızda mövcud olan gərgin və təhlükəli ictimai-siyasi vəziyyətdən irəli gələn tarixi zərurət idi.Demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar hər vasitə ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının qarşısını almağa çalışırdılar. Paytaxtda demokratik proseslərin həyata keçirilməsi mümkün olmadığından təsis konfransı Naxçıvanda keçirildi. Ulu öndərin müdrikliyi və cəmiyyətdəki nüfuzu nəticəsində partiya qarşısında yaradılmış bütün maneələr dəf edildi. Yeni Azərbaycan Partiyası təşkilatlandı və qısa müddətdə xalqın etimadını qazandı. 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və bir il sonra 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi Ulu Öndərə ümumxalq məhəbbətinin və inamının təcəssümü idi.

Beləliklə, 1993-cü ildə xalqın dəstəyi sayəsində Ulu Öndərin siyasi hakimiyyətə gəlməsi ilə YAP hakim partiyaya çevrildi. Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindəndir. Partiya yarandığı gündən ölkəmizdə siyasi sabitliyin bərpa olunması istiqamətində mühüm addımlar atmışdır. Həmin dövrdə xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa zamanda vəziyyəti sabitləşdirdi və bu, ölkəmizin inkişaf yoluna qədəm qoymasına imkan verdi. Beləliklə, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası əsl müstəqillik əldə etdi.Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi prosesləri sivil yollarla həyata keçirməsi cəmiyyət tərəfindən dəstəkləndi. Partiyanın ictimai-siyasi ənənələri Azərbaycanın gələcək demokratik inkişafının siyasi əsasını qoydu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıldı, müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sosial-iqtisadi tənəzzülün qarşısı alındı. Ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlar həyata keçirildi. Ulu öndər ölkəmizi dövrün ən ağır sınaqlarından yüksək məharətlə çıxararaq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, olduğunu sübut etdi. Heydər Əliyev müstəqil Azərbaycanı qoruyub saxlamaqla yanaşı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi tərəqqisinə nail olmaqla dünyanın qabaqcıl dövlətlərindən birinə çevirdi. Bu dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi nəticəsində Yeni Azərbaycan Partiyası cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olaraq mühüm inkişaf yolu keçdi və və ümumxalq partiyasına çevrildi. Özünün dediyi kimi “dününün, bu günün və sabahın partiyası” adını qazanaraq regionun ən güclü partiyalarından birinə çevrildi.

Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü və seçkilərdə Prezidentliyə namizəd Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdığını bildirdi. Ulu Öndər Heydər Əliyevin doğma xalqına ünvanladığı həmin müraciətdə deyirdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.Beləliklə, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verərək Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirdi. 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sosial-iqtisadi inkişaf yolunda bir çox uğurlara imza atdı, mühüm nəticələr əldə etdi. Bu dövrdə sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində bütün sahələr üzrə mühüm naliyyətlər əldə edildi. Əldə olunan uğurların bəzilərinə diqqət yetirək:

  • Prezident İlham Əliyev əsası 90-cı illərin sonlarında qoyulan neft-qaz nəqli strategiyasını daha da irəli apardı, ölkənin müstəqilliyinin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkəyə çevrilməsinə nail oldu.
  • Ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması prinsipinə əsaslanan islahat strategiyası nəticəsində ötən illər ərzində qeyri-neft sektorunda hər il artım baş verdi.
  • Ötən illərdə regionların sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı uğurla həyata keçirildi. Regionlarda həyata keçirilən layihələrə hər il milyardlarla manat vəsait ayrıldı. Bu investisiyalar bölgələrdə sosial-iqtisadi inkişaf üçün ən vacib şərti-infrastrukturun yenidən qurulmasını və inkişafını təmin etmiş oldu.
  • Məşğulluğun təmin olunması ilə bağlı həyata keçirilən layihələr nəticəsində ölkəmizdə yüz minlərlə yeni iş yerləri açıldı.
  • Azərbaycanın xarici siyasətində yeni mərhələnin əsası qoyuldu. Xarici siyasət kursu Azərbayanın milli maraqlarının prinsipial şəkildə qorunmasına və ölkənin uzunmüddətli inkişafına, regionda və dünyada mövqeyinin daha da möhkəmləndirilməsinə yönəldi. Ötən müddət ərzində bu kurs Azərbaycanın regionda söz sahibi olmasına, beynəlxalq imicinin möhkəmləndirilməsinə və dünyada rolunu artırmasına imkan verdi. Bu gün Azərbaycanın regionda lider ölkə olduğunu onun əksər beynəlxalq tərəfdaşları qəbul edir və bununla hesablaşır.
  • Azərbaycan regional və qlobal təhlükəsizliyin təmin edilməsində, eləcə də enerji təhlükəsizliyinə nail olunmasında etibarlı və stabil tərəfdaş kimi qəbul edilir.
  • Milli maraqlara əsaslanan müstəqil xarici siyasətin əsas prioritetləri daha da təkmilləşdirildi. Azərbaycanın türk dünyasına inteqrasiyasının daha da dərinləşdirilməsi, türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı əsas prioritet istiqamətlərdən oldu.
  • Prezident İlham Əliyev ilk rəsmi xarici səfərini 2004-cü ildə Türkiyəyə etdi. Bu onu göstərdi ki, Azərbaycanın xarici siyasətinin əsas prioriteti Türkiyə ilə strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi olacaq. Bu səfər Azərbaycanla Türkiyə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu.
  • Ölkənin hərbi baxımdan güclənməsi və regioun ən güclü silahlı qüvvələrinə malik olması vəzifəsi qarşıya qoyuldu və ötən dövr ərzində ordu quruculuğu sahəsində mühüm uğurlar əldə edildi. Bu məqsədə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində nail olundu, çünki ölkədə müasir silah və hərbi texnika ilə təchiz edilmiş döyüş qabiliyyətinə malik ordunun yaradılması və saxlanılması üçün külli miqdarda vəsait tələb olunurdu.Beləliklə, ötən illərdə Azərbaycan Prezident İlham Əliyevin güclü ordu quruculuğu siyasəti nəticəsində, beynəlxalq hesabatlarda qeyd olunduğu kimi, Ermənistan üzərində əzici hərbi üstünlük əldə etdi.

Sözsüz ki, yuxarıda qeyd etdiyimiz istiqamətlər ötən dövr ərzində əldə olunmuş uğurların bir hissəsidir. Bu illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 44 günlük Vətən Müharibəsində Azərbaycan tarixi qələbə qazanaraq 30 illik işğala son qoydu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Azərbaycan ordusu düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyanı yerinə yetirdi. Beləliklə, Prezident, Partiyanın Sədri cənab İlham Əliyev tərəfindən ötən dövr ərzində həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası ali məqsədinə nail oldu.

Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsində gənclərin rolunu yüksək qiymətləndirərək demişdir:` “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”. Beləliklə, Azərbaycan Gəncliyi 2 fevral tarixini ölkəmizdə Gənclər Günü elan edən Ulu Öndər Heydər Əliyevin tövsiyələrini yerinə yetirmiş oldu, Prezident İlham Əliyevin ümidlərini layiqincə doğrultdu.Bu gün Azərbaycan dünyada yeni reallıqlar yaradan qalib bir xalq kimi, regionda daha çox hesablaşılan bir ölkə kimi qəbul olunur. Bəli, ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar, Azərbaycanın davamlı inkişafı, qazanılmış tarixi Qələbə Yeni Azərbaycan Partiyasının da qarşısında yeni vəzifələr qoyur. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışı zamanı söylədiyi kimi “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” Partiyanın qarşıya qoyduğu yeni vəzifələr uğurla reallaşdırılacaq və ölkəmiz daha da inkişaf edərək yeni-yeni zəfərlər qazanacaq.

Sevinc Qasımova, YAP Gənclər Birliyinin sədr müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər