1991-ci il 18 oktyabrda Azərbaycan öz müstəqilliyini elan etsə də hakimiyyətin səriştəsiz şəxslərin əlində olması dövlətçiliyin formalaşdırılması istiqamətində vacib addımların atılmasına imkan vermədi. Artıq 1993-cü ilin əvvəllərində Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmış oldu. Yalnız və yalnız Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı ölkəmizi parçalanmaqdan və tənəzzüldən xilas etdi. Ulu Öndər Heydər Əliyevin yaradıcısı və rəhbəri olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın tərəqqisi yolunda çox mühüm addımlar atdı. Birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycan Respublikasının son 30 ildəki sürətli inkişafında Yeni Azərbaycan Partiyasının müstəsna rolu var.
Azərbaycan daha da inkişaf edib gücləndikcə Yeni Azərbaycan Partiyasıda öz qarşısına yeni-yeni tələblər qoyur. İlk növbədə partiyanın fəaliyyətində müsbət keyfiyyət dəyişikliklərini artırmaq üçün sistemli islahatlar həyata keçirilir. Belə ki, 2021-ci il 5 mart tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında yeni Nizamnamə qəbul olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurasının üzvləri, sədr və sədr müavinləri seçilmişdir. Qurultayda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının VII qurultayında həmçinin bir sıra yeni təyinatlarda gerçəkləşdirildi. Partiyanın Təftiş Komissiyasının sədr və sədr müavinləri seçildi.
Yeni Azərbaycan Partiyasında ideoloji işin təşkili müasir zamanın ruhuna uyğun olaraq yeni yanaşmalar tələb edir. Müasir dövrün informasiya əsri olmasını nəzərə alsaq bu məsələ xüsusilə aktuallaşır. Partiyanın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən dövlətçilik maraqlarının qorunmasına ideoloji-siyasi dəstəyin verilməsi, cəmiyyətində sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bir çox digər məsələlər ilə bağlı çox vacib işlər görülmüşdür. Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq respublikamızda siyasi dialoqa öz töhfəsini verməkdədir.Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti sayəsində ölkəmizin qazandığı mühüm uğurlar daim diqqət mərkəzində saxlanılır və xalqımız tərəfindən yüksək səviyyədə qiymətləndirilir.
Müasir Azərbaycan Respublikası sürətli inkişaf yolundadır. Artıq ölkəmiz dünya birliyində öz layiqli yerini tutmuşdur. Bunun nəticəsidir ki, Avropanın və dünyanın aparıcı dövlətlərinin başçıları Azərbaycan prezidenti Cənab İlham Əliyevin mövqeyi ilə hesablaşır və sözü də imzası qədər keçərli olan dövlət başçımızla taleyüklü məsələləri səmimi müzakirə edirlər. Bütün bunlar Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nüfuzunun göstəricisidir. Yeni Azərbaycan Partiyası ölkəmizi yeni zirvələrə daşıyır.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
Müzakirə qapadılmışdır.