Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib

472

Azərbaycan dövləti tarixinin ən güclü, ən şərəfli, və ən qüdrətli dövrünü yaşayır. Bu gün ölkəmiz dünyada torpaqlarını güc yolu ilə azad etmiş qalib dövlət, özünün müstəqil və qətiyyətli siyasəti olan, qlobal sülhə mühüm töhfə verən və yeni reallıqlar yaradan bir ölkə kimi tanınır. Bütün sahələrdə əldə etdiyimiz böyük uğurlar ölkədə aparılan siyasətin dövlətimizin və xalqımızın milli maraqlarını layiqincə təmin etdiyini göstərir. Sözsüz ki, xalqımızın və dövlətimizın bu gün özünün ən qüdrətli dövrünü yaşaması Yeni Azərbaycan Partiyasının ali məqsədlərini uğurla həyata keçirməsinin bariz təzahürüdür.

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə partiyanın yaranması dövrünə və keçdiyi şərəfli yola nəzər salındı.

Bəli, bu gün ötən dövrə nəzər saldıqda Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra hansı dönəmlərdən, əngəllərdən, çətinliklərdən keçdiyini daha aydın görürük. Biz bir daha əmin oluruq ki, Heydər Əliyev olmasaydı, Yeni Azərbaycan Partiyası onun rəhbərliyi ilə siyasi səhnəyə çıxmasaydı, 1993-cü ilin ağır günlərində Ulu Öndər hakimiyyət sükanı arxasına keçməsəydi, indiki qüdrətli Azərbaycan olmazdı.

Prezident İlham Əliyev tədbirdəki çıxışı zamanı bu məqama diqqət çəkərək vurğuladı ki, Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi: “Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi”.

Dövlətimizin başçısı qeyd etdi ki, müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi.

Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra – oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. İlk növbədə, Konstitusiya qəbul edildi. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma Konstitusiya yox idi. Dövlətçiliyin əsasları qoyuldu, dövlət təsisatları düzgün zəmində formalaşdı.

Ulu Öndərin rəhbərliyi ilə iqtisadi islahatlara start verildi. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edildi. Xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edildi və xalq tərəfindən dəstəkləndi.

1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu baxımdan bu illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi xarakterizə edilir.

Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu.

Prezident İlham Əliyev onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurdu. Bu gün hər birimiz doğma dövlətimizlə fəxr edirik. 2003-cü ildən bu günə qədər iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Uğurlu iqtisadi-maliyyə siyasətinin nəticəsində xarici dövlət borcu əhəmiyyətli dərəcədə aşağı salınıb. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, bu amil həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Ölkənin valyuta ehtiyatlarıxarici borcdan 8 dəfə çoxdur.

Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir.Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdiririk. Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır.

Düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Ali Baş Komandan, Prezident İlham Əliyev bu problemi əsas prioritet istiqamət kimi qarşıya qoydu və bu hədəfə doğru mühüm addımlar atıldı. Ölkə başçısı çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır.

Prezident İlham Əliyev düşünülmüş və uzaqgörən siyasəti nəticəsində xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.

Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xarici və daxili siyasəti nəticəsində ölkəmizin qazandığı uğurların zirvəsində 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qazanılan parlaq qələbə dayanır.

Əlbəttə, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin son illər həyata keçirdiyi xarici və daxili siyasəti nəticəsində ölkəmizin qazandığı uğurların zirvəsində 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır. Ali Baş Komandan İlham Əliyev bu böyük qələbə ilə ata vəsiyyətini yerinə yetirdi və Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifəni- ərazi bütövlüyümüzü təmin etdi, xalqımızın milli qürurunu özünə qaytardı.

Leyla Əliyeva, YAP Sumqayıt şəhər təşkilatının fəalı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər