1990-cı illər Azərbaycanın tarixində ən çətin dövrlərdən biri kimi yadda qalmışdır. Sovet İttifaqının dağılması ilə ölkədə dərin siyasi böhran, iqtisadi çətinliklər və vətəndaş qarşıdurmaları baş qaldırmışdı. Bu çətinliklər fonunda ziyalıların təşəbbüsü ilə ölkəni böhrandan çıxarmaq üçün güclü liderə və yeni bir siyasi təşkilata ehtiyac duyuldu. Xalqın inamını qazanan Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası yaranaraq ölkəmizin gələcəyinə ümid gətirdi. 1992-ci ilin 21 noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu tarixi tədbirdə Azərbaycanın bütün regionlarından 550 nümayəndə iştirak edirdi. Konfrans zamanı YAP-ın Nizamnaməsi və Proqramı qəbul olundu, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu qərarla milli birliyin və siyasi dirçəlişin əsası qoyuldu.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP strateji xəttini müəyyən etdi və bu xətt dövlətin müstəqilliyini, xalqın rifahını və beynəlxalq nüfuzunu artırmağa yönəldi. Partiya qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. YAP-ın yaranması ölkədə siyasi sabitliyin təmin olunmasına, dövlət idarəetmə sistemində müasir yanaşmaların tətbiqinə və sosial-iqtisadi islahatların həyata keçirilməsinə şərait yaratdı.
2003-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi mirası Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildi. İlham Əliyevin rəhbərliyi altında YAP daha da gücləndi və müasir çağırışlara uyğun olaraq yenilənməyə başladı. 2005-ci ildə keçirilmiş YAP-ın III Qurultayında İlham Əliyev partiyanın sədri seçildi. Bu qərar partiyanın gələcək inkişafı və onun ölkənin siyasi həyatında lider mövqeyini qoruyub saxlaması baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Prezident İlham Əliyevin liderliyi ilə YAP-ın siyasəti ölkənin iqtisadi, sosial və beynəlxalq inkişafını daha da sürətləndirdi. Partiyanın rəhbərliyi altında reallaşan layihələr, xüsusilə də “Böyük Qayıdış” proqramı, Azərbaycanın tarixi ərazilərində abadlıq işlərinin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkili YAP-ın yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da etibar qazandığını sübut etdi.
Yeni Azərbaycan Partiyası son 30 ildə Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildi. 2021-ci ilin mart ayında keçirilmiş VII Qurultayda partiyanın 730 mindən çox üzvü olduğu açıqlandı. Partiya təkcə üzvlərinin sayına görə deyil, həm də təsir gücünə görə regionun lider siyasi qüvvəsidir. Prezident İlham Əliyev VII Qurultayda qeyd etmişdir ki, YAP Azərbaycan dövlətçiliyinin dayağıdır və ölkənin bütün sahələrində gedən proseslərin mərkəzində dayanır. Qurultay zamanı qəbul olunan qərarlar YAP-ın fəaliyyətinin yeni mərhələsinə keçidini təmin etdi.
Yeni Azərbaycan Partiyasının fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da böyük əks-səda doğurmuşdur. YAP-ın xarici siyasəti Azərbaycan dövlətinin milli maraqlarını qorumaq və beynəlxalq əməkdaşlıq əlaqələrini gücləndirmək məqsədini daşıyır. Bu siyasət sayəsində Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır və beynəlxalq tədbirlərdə aktiv iştirak edir.
YAP-ın təşəbbüsləri sayəsində Azərbaycan bir çox beynəlxalq qurumlarla, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ilə sıx əlaqələr qurmuşdur. Bu təşkilatlar çərçivəsində Azərbaycan öz milli maraqlarını qlobal arenada müdafiə edir və regional əməkdaşlıqda fəal rol oynayır.
2024-cü ildə keçirilmiş COP29 konfransı Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun göstəricisi oldu. Bu möhtəşəm tədbir dünyanın müxtəlif yerlərindən 80-dən çox dövlət və hökumət başçısını, 76 mindən çox iştirakçını Bakıya toplayaraq iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin yeni istiqamətlərini müəyyən etdi.
Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi təkcə texniki və təşkilati bacarıqların deyil, həm də ölkənin qlobal problemlərə verdiyi töhfənin əyani sübutudur. COP29 konfransı çərçivəsində “Yeni Kollektiv Kəmiyyət Məqsədi” (NCQG) kimi tarixi bir razılaşma qəbul edildi. Bu məqsəd inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün 2035-ci ilə qədər 300 milyard ABŞ dolları məbləğində maliyyə təminatını nəzərdə tutur.
Azərbaycanın belə bir mühüm tədbirin təşkilatçısı kimi çıxış etməsi YAP-ın beynəlxalq arenada dövlət siyasətini effektiv şəkildə təqdim etmə bacarığını və ölkənin nüfuzunun yüksəlməsində mühüm rolunu bir daha nümayiş etdirdi.
Yeni Azərbaycan Partiyası gələcəkdə də milli maraqlara əsaslanan siyasətini davam etdirərək xalqın dəstəyinə arxalanacaq və Azərbaycanın daha böyük uğurlar qazanmasına töhfə verəcəkdir.
Yeni Azərbaycan Partiyasının siyasəti ölkənin beynəlxalq mövqeyini möhkəmləndirir
•
548
Müzakirə qapadılmışdır.