Yeni idarəetmə üsulu ilə böyük quruculuğa doğru

341

Artıq iki ildən çoxdur ki, tarixi Qələbəmizin reallıqları fonunda ölkəmizdə mühüm hadisələr baş verir. Təbii ki, bu, bir tərəfdən dünya dövlətlərinin yeni reallıqları qəbul etməsi və Azərbaycanın Ermənistana sülh təklifini dəstəkləməsi ilə bağlıdırsa, digər tərəfdən işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasıdır.

Bu gün ölkəmizdə bütün sahələrdə yeniliklərin şahidi oluruq. Azad edilmiş ərazilərimizdə yeni idarəetmə üsulu tətbiq edilir. Prezident İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bu məsələyə xüsusi diqqət yetirərək belə bir çağırışı səsləndirdi ki, gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər bölgələrində də tətbiq edilməlidir: “Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”.

Postmüharibə dövründə də Azərbaycan dövləti öz qəti iradəsini ortaya qoyur, işğaldan azad edilmiş ərazilərinin sürətlə bərpasını həyata keçirir. Bu baxımdan Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərə xüsusi nümayəndələrinin təyin edilməsi, dövlətimizin başçısının yeni nümayəndələri şəxsən qəbul etməsi, onların qarşısında ciddi vəzifələr qoyması böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Laçın rayonuna təyin etdiyi xüsusi nümayəndəsini qəbul edərkən bir sıra mühüm və konkret tapşırıqlar verdi. Dövlət başçısı görülən işlərin yüksək keyfiyyətlə aparılmasının, ətraf mühitin mühafizəsinin və qanunvericiliyə əməl olunmasının vacibliyinə diqqət çəkdi. Prezident həmçinin laçınlılara xoş xəbərlər də çatdırdı. Belə ki, bu ilin sonuna kimi Laçın şəhərinə minlərlə insan qayıdacaq. Bu onu deməyə əsas verir ki, laçınlıların öz doğma yurdunda xoşbəxt həyatı uzaqda deyil.

Laçındakı işlər bu ilin sonuna qədər başa çatdırılacaq

Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir.

Dövlət başçısı bildirib:

“Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Mən özüm Kəlbəcərdən Laçına maşınla getmişəm, məsafə o qədər uzun olmasa da, bu yol həddindən artıq çətin və təhlükəlidir, indiki yoldan istifadə etmək, demək olar ki, qeyri-mümkündür. Sovet vaxtında o bölgələrdə yaşamış insanlar da yaxşı xatırlayırlar ki, o yol çox çətin idi, bir çox hallarda bu, serpantin yoldur və çox təhlükəli idi. Ona görə biz bu yolu yenidən qururuq, bir çox tunellər inşa ediləcək. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir”.

Gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində Laçındakı hava limanı istismara veriləcək

Dövlətimizin başçısı qeyd etdi ki, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək.

Azərbaycan tərəfi Ermənistanla və Qarabağda yaşayan ermənilərlə olan məsələni həll etmək üçün təsirli hərbi və digər imkanlara malik olmasına baxmayaraq, sülh prosesinə sadiqliyini nümayiş etdirməkdə davam edir.

Halbuki, istər beynəlxalq hüquq, istərsə də 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat imkan verir ki, Azərbaycan öz ərazisində təhlükəsizliyi təmin etsin, ölkə ərazisinə giriş-çıxış üçün müvafiq məntəqələr yaradaraq bu məsələləri tənzimləsin. Bu, Azərbaycan dövlətinin əsas işi, suveren hüququdur.

Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz

Prezident İlham Əliyev bildirdi ki, müharibədən ötən iki il yarım müddət ərzində bütün dünya, eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü.

“Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

44 günlük müharibədən sonra regionda baş verən proseslər sübut edir ki, Qarabağda yaşayan ermənilərin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaqdan, reinteqrasiya prosesini qəbul etməkdən başqa alternativləri yoxdur. Bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, yeganə çıxış yolu budur.

Yeganə Əhmədova, Əməkdar mədəniyyət işçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər