Yeni tas, köhnə hamam

970

marşurutİritutumlu avtobuslar da Sumqayıtın nəqliyyat sektorundakı problemləri tam olaraq ortadan qaldırılmadı

Ötən ilin yay günlərində, daha dəqiq desək, iyun ayında Sumqayıtın nəqliyyat sektorunda çoxdan bəri gözlənilən addım atıldı. Uzun illər idi ki, şəhər əhalisinin “canını boğazına yığmış” 7 nömrəli “QAZel” markalı mikroavtobuslar iritutumlu “Daewoo” markalı avtobuslarla əvəzləndi. Hər kəs üçqapılı “Daewoo”ların şəhərin sərnişindaşıma sistemindəki nicatı olduğunu düşündü.

İnsafən, deməliyik ki, “QAZel” markalı mikroavtobuslarla müqayisədə yenilər irəliyə doğru atılmış addım idi, ancaq zaman göstərdi ki, bu, inqilab deyildi. Şəhərin nəqliyyat, xüsusilə də sərnişindaşıma sektorundakı problemlər yenə də az deyil. Ən pisi isə budur ki, yeni “7 nömrə”lər də köhnələrinə oxşamağa başlayır.

Hazırda şəhərdə 70-ə qədər avtobus 7 nömrəli marşurut kimi fəaliyyət göstərir. Bu marşurutların hərəkəti sələflərindən fərqli olaraq qrafiklə həyata keçirilir.

Amma təəssüflər olsun ki, hələ də avtobuslar “yalnız dayanacaqdan-dayanacağa saxlamaq” prinsipinə riayət edə bilmir. Bu isə bir çox hallarda haqlı narazılıqlara səbəb olur.

Məsələn, taksi sürücüsü Zamin deyir ki, marşurutların harada gəldi saxlayıb sərnişin düşürüb-mindirməsi ciddi problemlər yaradır: “Belə hallarda qəza da baş verə bilər. Bu, həm də ləngimələrə səbəb olur, əgər marşurut qarşıda saxlayıbsa, onun gerisindəki maşınlar avtobusun nə vaxt tərpənəcəyini gözləməli olur”.

Şəhərdaxili marşurutdan gündəlik olaraq istifadə edən orta məktəb müəllimi Səxavət Paşayev də şəhər nəqliyyatından narazıdır: “Hər addımbaşı saxlayıb adam götürürlər, insanın həm əsəbləri korlanır, həm də işə gecikirik. Nəinki heç bir xarici ölkədə, hətta Bakıda da belə şey yoxdur”.

Xatırladaq ki, şəhərdə yeni avtobus dayanacaqlarının quraşdırılması işləri  artıq başa çatıb. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Ötən dövr ərzində Sumqayıtda nəzərdə tutulmuş 65 ədəd yeni avtobus dayanacağı quraşdırılıb. Şəhərin Sülh küçəsində 10, Koroğlu prospektində 14, Heydər Əliyev prospektində 15, Azərbaycan prospektində 1, Üzeir Hacıbəyov küçəsində 1, Səməd Vurğun küçəsində 4, Bakı küçəsində 8, Sahil küçəsində 4, Nəriman Nərimanov küçəsində 7, Nizami küçəsində 1 dayanacaq inşa edilib. Quraşdırılmış yeni dayanacaqların ətraf ərazilərinə tamet döşənib.

Ümid edək ki, yeni modern dayanacaqlar və modern nəqliyyat vasitələrimiz düşüncə tərzimizi də bu yöndə dəyişəcək və biz marşurutlara yalnız dayanacaqlarda minib-düşməyi, avtobus sürücüləri isə yalnız dayanacaqlarda sərnişin götürməyi zəruri sayacaqlar.

Vüsal Məmmədov “168 saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər