Zamanı aşan ömür: akademik Zərifə Əliyeva irsi və insanlıq məktəbi

178

15 aprel Azərbaycan elmi və səhiyyəsi üçün yalnız bir anım günü deyil, həm də yüksək peşəkarlığın, insanpərvərliyin və mənəvi kamilliyin rəmzi olan bir ömrün xatırlanması günüdür. 1923-cü il aprelin 28-də Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım Əliyeva taleyini elə ilk addımlarından xalqına xidmətə bağlamış, ömrünü Azərbaycan səhiyyəsinin inkişafına həsr etmişdir. Onun həyat yolu təkcə bir alimin bioqrafiyası deyil, həm də bütöv bir dövrün elmi və mənəvi salnaməsidir.

Gənc yaşlarından elmə olan marağı ilə seçilən Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1947-ci ildə bu ali təhsil ocağını əla qiymətlərlə başa vurmuşdur. Həmin illərdən başlayaraq onun həyatının əsas istiqaməti insan sağlamlığı, xüsusilə də görmə orqanının qorunması ilə bağlı olmuşdur. 1949-cu ildən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlayan gənc həkim elmi axtarışlarla praktikanı birləşdirərək qısa müddətdə özünü peşəkar oftalmoloq kimi təsdiqləmişdir.

Onun elmi fəaliyyətinin ən mühüm mərhələlərindən biri Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizə ilə bağlı olmuşdur. XX əsrin ortalarında minlərlə insanı görmə qabiliyyətindən məhrum edən bu infeksion xəstəliyə qarşı Zərifə Əliyeva yalnız laboratoriyada deyil, bilavasitə xəstəliyin yayıldığı bölgələrdə mübarizə aparmışdır. O, rayonlara səfər edir, həkimlərə məruzələr oxuyur, profilaktik tədbirlərin təşkilində fəal iştirak edirdi. Onun “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda dissertasiyası bu mübarizənin elmi əsasını qoydu və nəticədə traxoma ölkəmizdə sosial xəstəlik kimi aradan qaldırıldı.

Traxoma ilə yanaşı, alim qlaukoma və digər göz xəstəliklərinin öyrənilməsi sahəsində də mühüm tədqiqatlar aparmışdır. Onun elmi maraqları yalnız klinik müşahidələrlə məhdudlaşmır, həm də sənaye inkişafının doğurduğu yeni problemləri əhatə edirdi. Kimya və elektronika sənayesində çalışan insanların görmə orqanına təsir edən amilləri araşdıran Zərifə Əliyeva bu sahədə fundamental nəticələr əldə etmişdir. Məhz bu istiqamətdə apardığı çoxillik tədqiqatlar onun doktorluq dissertasiyasının əsasını təşkil etmiş və 1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

1967-ci ildən etibarən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərən Zərifə Əliyeva burada yalnız alim kimi deyil, həm də pedaqoq və təşkilatçı kimi tanınmışdır. O, yüzlərlə həkimin yetişməsinə töhfə vermiş, cərrahi əməliyyatlar aparmış, oftalmologiya elminin müxtəlif istiqamətlərini inkişaf etdirmişdir. 1983-cü ildə professor kimi kafedraya rəhbərlik etməsi onun elmi nüfuzunun və idarəçilik bacarığının bariz göstəricisi olmuşdur. Onun müəllifi olduğu monoqrafiyalar, dərsliklər və elmi əsərlər bu gün də tibb ictimaiyyəti üçün dəyərli mənbə olaraq qalır.

Zərifə Əliyevanın fəaliyyəti yalnız elmlə məhdudlaşmamış, o, həm də yüksək ictimai mövqe sahibi olmuşdur. SSRİ və Azərbaycan səviyyəsində müxtəlif təşkilatlarda təmsil olunan alim səhiyyə sisteminin inkişafı, tibbi kadrların hazırlanması və maarifləndirmə işinin gücləndirilməsi istiqamətində böyük xidmətlər göstərmişdir. 1981-ci ildə akademik M.İ.Averbax adına mükafata layiq görülməsi onun beynəlxalq miqyasda da tanındığını təsdiqləmişdir. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi isə onun elmi zirvəyə yüksəlişinin məntiqi nəticəsi olmuşdur.

Zərifə Əliyeva həm də böyük humanist idi. Kimsəsiz uşaqlara göstərdiyi qayğı, regionlarda xəstəliklərin qarşısının alınması üçün apardığı fədakar fəaliyyət, həkim peşəsinə verdiyi yüksək mənəvi dəyər onu xalqın qəlbində əbədi yaşadan xüsusiyyətlərdəndir. O deyirdi: “Həkim insanın ən doğma adamıdır”. Bu fikir onun həyat fəlsəfəsinin, insanlara münasibətinin və peşəsinə yanaşmasının ən dolğun ifadəsidir. Onun formalaşdığı mühit – Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun kimi böyük şəxsiyyətlərlə bağlılıq – bu mənəvi zənginliyin əsasını təşkil edirdi.

1985-ci il aprelin 15-də Moskvada vəfat edən Zərifə Əliyeva ömrünün 62-ci baharında dünyadan köçsə də, onun adı və irsi yaşayır. 1994-cü ildə nəşinin Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunması xalqın ona olan dərin ehtiramının təzahürü idi. Bu gün onun adını daşıyan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ölkəmizdə oftalmologiyanın aparıcı elmi-tibbi mərkəzi kimi fəaliyyət göstərir, onun ideyalarını yaşadır və inkişaf etdirir.

Zərifə Əliyevanın şəxsiyyəti haqqında deyilən fikirlər isə bu böyük ömrün mənəvi dəyərini daha aydın göstərir. Ulu Öndər Heydər Əliyev onun haqqında deyirdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna görə mən xoşbəxt olmuşam… o, ailəmdə çox yüksək mənəvi mühit yaratmışdır.” Prezident İlham Əliyev isə bu ömrü belə xarakterizə edir: “Mənim anam əsl alim idi… tibbin bütün incəliklərini öyrənməklə yanaşı, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə vaxt tapırdı.”

Bu fikirlər təkcə bir ailənin yaddaşına aid deyil, ümumxalq sevgisinin və ehtiramının ifadəsidir.

Almaz Ərgünəş Bəyazid, yazıçı, Prezident mükafatçısı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər