“Zamanın izləri” bu dəfə Sumqayıtda – FOTOLAR

696
Sumqayıt Dövlət Rəsm Qalereyasında “Zamanın izləri” adlı səyyar sərginin açılış mərasimi keçirilib.  
Yarat Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən sərginin açılış tədbirində çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur  Səmədov bildirdi ki, bu kimi tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir və yaradıcılıq nümunələrinin nümayiş olunması sumqayıtlılar üçün yaddaqalan hadisədir.

“Zamanın izləri” adlı sərgi  müxtəlif təsviri sənət sahələrində çalışan yerli və xarici müasir rəssamların ətrafında  baş verənləri hər dəqiqə müşahidə etmək üçün yeni üslublar təqdim edir. Sərgi nəzərdən qaçırılmış və istənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır.
Sərgidə rusiyalı Olqa Çernışovanın  “Ekranlar”, Azərbaycan rəssamı Fərid Rəsulovun “Ətalət”, gürcü rəssamı Koka Ramişvilinin “Çay, qəhvə və süd”, Orxan Hüseynovun “Sovetski atelyesi” videoları, İlkin Hüseynovun “Rəngləri xatırlayaq”, Vyanada yaşayıb-yaradan türkiyəli Nilbar Güreşin “Qapısı açıq telefon köşkü”, Berlində yaşayan türkiyəli Nevin Aladağın “Beş daş oyunu” foto silsilələri, gənc fotoqraflar nəslinin nümayəndəsi Sitara İbrahimovanın “Oğlan yaxşı, qız belə” foto və video layihəsi, Faiq Əhmədin qədim xalçaçılıq sənətinin yeni interpretasiyada təqdimi və rəssam Rəşad Babayevin qarışıq texnika ilə hazırlanmış  “Poetik heykəl” adlı əl işi nümayiş olunub.
Qeyd edək ki, ekspozisiyada nümayiş olunan bütün əsərlər Yarat Müasir İncəsənət Mərkəzinin  daimi kolleksiyasının hissəsidir.  Sərgi 28 iyul- 1 oktyabr tarixlərində nümayiş olunacaq və giriş sərbəstdir.
Layihənin əsas məqsədi bölgələrdə yaşayan insanları Yarat Müasir İncəsənət Məkanının işləri, kolleksiyası ilə tanış etməkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər