Zəfər günü – milli qürur günümüz

582

Azərbaycan xalqı tarix boyu ədalətsiz müharibələrlə, soyqırımlarla çox üzləşib. Döyüşlərdə sınanıb, itkilər yaşayıb, məğlubiyyətlərdən sarsılıb. Lakin öz mübariz ruhunu, döyüş əzmini, qalibiyyətə olan inamını itirməyib heç zaman.

Xalq olaraq, dövlət olaraq biz müharibə istəməmişik. 30 ilə yaxın işğal altında olan, babalardan bizə miras qalan torpaqlarımızın dinc yolla qaytarılmasının tərəfdarı olmuşuq hər zaman. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı, cənab İlham Əliyev də uzun illər münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərdi. Amma Ermənistan rəhbərliyinin Azərbaycanın tarixi şəhəri olan Şuşada rəqs edərək, “Qarabağ Ermənistandır və nöqtə” deməsi belə xain qonşularla münaqişənin sadəcə hərbi yolla həll olunmasının mümükünlüyünü göstərdi. Və bu sözlərin cavabını cənab Prezident Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının Plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə verdi.

Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozması, Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini bir neçə istiqamətdə atəşə tutaraq növbəti dəfə hərbi təxribat törətmələri  nəticəsində Azərbaycan dövləti tərəfindən adekvat cavab tədbirləri görüldü və münaqişənin hərbi yolla həllinə qərar verildi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ərazi bütövlüyümüzün bərpası uğrunda Vətən müharibəsi başlandı. Öz havadarlarının  köməyinə  arxalanan  ermənilərin qarış-qarış, oba-oba, el-el  mənimsədikləri  əzəli və  əbədi Azərbaycan  torpaqları qısa müddətdə bir-birinin ardınca geri alındı və 44 gün davam edən Vətən müharibəsi, “Dəmir yumruq” əməliyyatı xalqımızın qələbəsi ilə başa çatdı.  Ön cəbhədə vuruşan igid əsgərlərimiz, yaralarını unudub döyüşə can atan fədakar oğullarımız, arxa cəbhədə çalışan mülki vətəndaşlar, bütövlükdə xalqımız  bir yumruq kimi birləşib əzm və iradə nümayiş etdirərək bu böyük qələbənin qazanılmasına kömək etdilər.

Aparılan əməliyyatlar, qazanılan qələbələr cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, sərkərdəlik bacarığını, tarix yazan şanlı Azərbaycan Ordusunun mütəşəkkilliyini, hərbi hazırlığını və döyüş əzmini bütün dünyaya göstərdi. Fərariliyin baş alıb getdiyi Ermənistan ordusundan fərqli olaraq Azərbaycan ordusunun döyüş hazırlığı, hərbi potensialı, vuruşan hər döyüşçünün ruh yüksəkliyi, qələbəyə inamı bizi qələbədən qələbəyə apardı. İgidlərimizin qanından rəng alan, şəhidlərimizin son örtüsü olan milli şərəfimizin, ləyaqətimizin simvolu, müqəddəs Azərbaycan bayrağı zəfərlərə yelkən açdı Qarabağ səmasında… Və nəhayət Zəfər bayrağına dönüb Şuşamızda bütün gözəlliyilə, əzəmətilə dalğalandı.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən haqq işi naminə – ərazi bütövlüyümüzün bərpası uğrunda başlanan Vətən müharibəsinin pik nöqtəsi, misilsiz qələbəsi oldu Şuşanın düşmən caynağından azad edilməsi. 2020-ci il noyabrın 8-də 28 illik həsrətdən sonra Şuşa şəhəri Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Dünya hərb tarixinə düşəcək Şuşa əməliyyatı, tariximizə qızıl hərflərlə yazılacaq  bu misilsiz qələbə.

Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan bu möhtəşəm qələbə münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyev, 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciət edərək  öz hisslərini belə ifadə edib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox….Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir”.

Ölkə başçısının milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə  imzaladığı 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i tarixinin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Bu gün döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən qüdrətli ordusu sayılır. Bu ordu ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşaraq qüvvətlənmiş,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına böyük Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın Silahlı Qüvvələrinın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Hərbi Qənimətlər Parkı Müzəffər xalqımız üçün qürur ünvanı, erməni işğalçıları və ermənipərəst qüvvələrin gecələr yuxusunu qaçıran bir kabus, yenidən müharibə törətməyə can atanlar üçün bir ibrət dərsidir Bu parkın fəaliyyətini erməni xalqı üçün təhqir hesab edərək ləğvini tələb edən millətçi qüvvələr xaricdəki havadarlarıyla əlbir olub yenə də yalan və iftiralarla dolu təbliğatlar aparmaqdan əl çəkmirlər.

44 gün davam edən Vətən müharibəsi, “Dəmir yumruq” əməliyyatı xalqımızın qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komqandan İlham Əliyevin rəhbərliyi altında tarixi yenidən yazan ordumuzun qazandığı bu böyük qələbədə payı olan, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, həmçinin “Zəfər” ordeni, “Qarabağ” ordeni, “Azərbaycan Bayrağı” ordeni,  “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə” və digər  müxtəlif orden və medallarla təltif olunmuşlar.

Bu təltiflər Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir. Bu, həm də hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Bu gün ölkəmizdə dövlət siyasətinin mühüm istiqamətlərdən biri Azərbaycan vətəndaşının sosial təminatı və firavan yaşam tərzidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi, sosial infrastrukturun ən müasir standartlara uyğun qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir: Və bu siyasətin ən vacib istiqaməti də torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, qazilərə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərmək,  onların həyat səviyyəsinin yüksəldilməsi, mənzillərlə, avtomobillərlə, işlə təmin olunmasıdır. “Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır.” ifadəsini öz çıxışlarında dönə-dönə dilə gətirən möhtərəm Prezidentimiz  hər bir şəhid ailəsinə, qazi və əlillərə həssaslıqla yanaşmağın, onların ehtiyaclarını ödəmənin vacibliyini qeyd edir və bütün əlaqədar təşkilatlara bu xüsusda diqqətli olmağı tələb edir.  Belə ki, postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.

Bizə azadlığın şirinliyini, qalibiyyət duyğusunu yaşadan, tariximizə qızıl hərflərlə yazılan böyük Zəfərimizdə payı olan Azərbaycan Ordusunun hər fərdinə, müqəddəs vətən yolunda vuruşub canını fəda edən şəhidlərimizə, yaralı qazilərimizə minnətimiz sonsuzdur. Şəhid oğullarımıza allahdan rəhmət, qazilərimizə sonsuz şəfalar diləyirik.

Azad vətənin azad vətəndaşı olmaq qüruru ilə Zəfər günümüz mübarək olsun!

Pərvanə Qasımova, Sumqayıt şəhər Mərkəzi kitabxananın elmi katibi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər