44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Suşa şəhərini erməni işğalından azad etdi. Ermənistanı təslim olmağa məcbur edən tarixi Şuşa qələbəsi tariximizə Zəfər Günü kimi yazıldı.
Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi. “Şuşa İli” çərçivəsində həyata keçirilən ən mühüm tədbirlərdən biri məhz aprelin 22-də Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının təşkil olunmasıdır.
Zəfər Qurultayının “Şuşa ili”ndə Şuşada keçirilməsi heç də təsadüfi deyildi. 44 günlük vətən müharibəsi Azərbaycan dövlətinin və ordusunun gücünü, eyni zamanda dünya azərbaycanlılarının birliyini, həmrəyliyini göstərdi. Şuşada iki gün davam edən Zəfər Qurultayı bir daha göstərdi ki, bu birlik əbədidir və heç bir qüvvə bu birliyi poza bilməz. Şuşada keçirilən Qurultay Zəfər Qurultayı kimi tarixə düşdü.
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük mənəvi-siyasi əhəmiyyətə malik hadisədir. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan azərbaycanlıların doğma şəhəri kimi şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş, xalqımızın və dövlətimizin tarixi Qələbəsinin ən möhtəşəm təcəssümü olmuşdur. Zəfər Qurultayı göstərdi ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, Azərbaycan hər bir azərbaycanlının Vətənidir.
Prezident İlham Əliyevin Qurultaydakı çıxışı diaspor təşkilatları üçün bir Yol xəritəsi oldu. Ölkə başçısı çıxışında milli hisslərin, dilin, tariximizin gənc nəslə öyrədilməsi və təbliği ilə bağlı konkret və aydın mesajlar verdi.
Ölkə başçısının Qurultaydakı çıxışı münaqişədən sonrakı dövrdə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı ilə bağlı əsas məqsədləri də aydın şəkildə ortaya qoydu. 44 günlük müharibədən sonra yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması üçün yeni yanaşmalar tələb olunur.
Məqsədlərimizə gedən yolda harada yaşamağımızdan və hansı vəzifədə olmağımızdan asılı olmayaraq, biz azərbaycançılıq ideyalarına sədaqətlə xidmət etməli, bütün fəaliyyətimizi Azərbaycanımızın yaşamasına sərf etməliyik.
Xaricdə yaşayan azərbaycanlıları böyük qüvvə adlandıran dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Zəfər Qurultayındakı çıxışında demişdir: “Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir”.
Zəfər Qurultayı Azərbaycan diasporu tarixində yeni bir mərhələnin başlanğıcıdır. Bu qurultayda səslənən mesajlar, qarşıya qoyulan məqsədlər bizi işıqlı gələcək uğrunda mübarizədə sıx birləşdirəcək, dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının fəaliyyətini daha da gücləndirəcək.Əminik ki, Zəfər qurultayının iştirakçıları bundan sonra da yaşadıqları ölkələrdə bayrağımız, xalqımız, vətənimiz naminə əzmlə çalışacaqlar.
Təbii ki, bizə belə qürurverici anlar bəxş edən və əbədi olaraq qalib xalqa çevirən Prezident İlham Əliyev və onun müdrik, uzaqgörən daxili və xarici siyasəti olub. Birliyimiz və həmrəyliyimiz bundan sonra da möhkəmlənəcək və daha da güclənəcək!
Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor