İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus çay daşından inşa edilmiş mal tövlələrinin divarında uçqun baş verib, bir-neçə yaşayış evlərinin divarlarında xırda çatlar əmələ gəlib. Episentrə yaxın bir sıra yaşayış məntəqələrində 2012-ci il zəlzələsindən sonra evlərin divarlarında yaranan xırda çatlarda genişlənmə qeydə alınıb.
Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.
Zaqatala rayonu Göyəm kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakini 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn Soltan Qandaxov infakt keçirərək ölüb.