Zəlzələdə vəfat edən tələbənin ailəsi danışdı: “Sonuncu dəfə gedəndə dedi ki…” – VİDEO

604
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllının valideynləri onun vəfatından danışıb.
“Astar” “YouTube” kanalı Hümam barədə süjet hazırlayıb, onun ailəsini danışdırıb.

Hümamın anası Rəmziyyə İsmayılova deyib ki, oğlu sonuncu dəfə onunla sarılaraq ayrılıb:

“Oğlumla sonuncu dəfə görüşdüm, getdi, sonra yoldan bir də qayıtdı, məni qucaqladı, dedi “ana, gəl sarılaq”. Oğlum çox utancaq idi, amma indi başa düşürəm ki, uşağımın ürəyinə damıbmış. Sonuncu dəfə yayda gəlmişdi, bir aylıq Bakıda idi. Hadisə günü səhər 8-də televiziyada gördüm, daha sonra qardaşıma, atasına zəng etdim, mənə dedilər ki, Hümamgilin binasına heç nə olmayıb. Sən demə, onlar hər şeyi bilirlərmiş. Sonra evə gələndə televiziyada öz övladımı gördüm, ondan sonra bildim. Gah dedilər çıxarılıb, gah dedilər xəstəxanadadır. Mənim bibim Türkiyədə işləyir, həkimdir. Bütün xəstəxanaları axtardılar, amma tapa bilmədilər. Hadisədən sonra qardaşım Türkiyəyə getdi. Yollar açılan kimi getdi. Hümamın özünə nə qədər yığdım. Səhər 8-də xəbəri görən kimi yığdım, mən həmişə onunla internetlə əlaqə saxlayırdım. Axırıncı dəfə fevralın 4-ü danışmışdım onunla. Zəng gedirdi, amma mesaj yazanda gördüm ki, bir xətt gedir. Sonra işə getdim, qızlar ağlıma saldı ki, bəlkə birbaşa zəng edəsən? Zəng etdim, zəng çatırdı, çağırırdı telefonu, amma açan olmadı”.
Hümamın əmisi Coşqun İsmayıllı bildirib ki, ikinci zəlzələ anına qədər Hümamın telefonuna zəng gedib:
“1-ci zəlzələdən xəbər alan kimi Hümama zəng etdik, zəng gedirdi, amma çox yığmadıq ki, birdən sönər. 2-ci zəlzələdən sonra Hümamın telefonu işləmədi, amma Şahinə son ana qədər zəng gedirdi. Biz aidiyyatı qurumlarla əlaqə saxladıq, bildirildi ki, 2-ci zələzələdən sonra bina tamamilə çöküb. İlk 8 saatda o binadan ancaq sağ adamlar xilas edə bilmişdilər, o da yalnız yuxarı mərtəbələrə aid idi. Ondan sonra demək olar ki, sağ adam oradan xilas olunmadı”.
Hümamın atası Fəxri İsmayılov deyir ki, binanı görən kimi bütün ümidləri puç olub:
“Düzdür, şad xəbər gözləyirdik, ümidimiz var idi, amma mənə binanı göstərəndə mən bildim ki, bu binadan sağ adam çıxa bilməz. Binanı görəndə belim qırıldı. Dayısı dedi ki, Hümamın ürəyində qaralma var idi. Övladımın ürəyi partlayıb, bir də ayağı bir az zədələnmişdi. Sıxıntıdan ürəyi partlayıb. Bizə bildirildi ki, uşaqların arasında ən son vəfat edən Hümam olub, sadəcə onun ürəyi sıxıntıya dözə bilməyib”.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Malatyada zəlzələ zamanı İnönü Universitetinin tələbələri olan Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıblar. Onların cəsədləri fevralın 14-də dağıntılar altından çıxarılıb
Həmin süjeti təqdim edirik:
Azxeber.com,  Ayşən

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər