Zəngəzur dəhlizi region üçün böyük strateji əhəmiyyətə malik olacaq

965

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ölkəmizin növbəti uğurlara imza atması üçün zəmin yaratdı. Arzularımız bu gün reallığa çevrilir. İşğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri sürətlə davam edir. Ölkə rəhbərinin iştirakı ilə yeni layihələrin açılış və təməlqoyma mərasimləri həyata keçirilir.

44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olan qardaş Türkiyə bu gün də quruculuq işlərində ölkəmizin yanındadır. İki qardaş ölkə atdıqları birgə addımlarla yeni-yeni uğurlara imza atırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması çox böyük tarixi hadisədir. Zəngəzur dəhlizinin təməlinin qoyulması bir daha göstərdi ki, Azərbaycan regionda yaratdığı yeni geosiyasi reallığa uyğun olaraq böyük qətiyyətlə Zəngəzur dəhlizinin açılması istiqamətində əzmlə irəliləyir.

Hələ aylar öncə Prezident İlham Əliyev qətiyyətlə söyləyirdi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Zəngəzur dəhlizinin təməlinin qoyulması bir daha göstərdi ki, Prezident İlham Əliyevin sözü imzası qədər keçərlidir.

Azərbaycan və Türkiyə bu addımı ilə bir daha göstərdi ki, regionda inkişafın aparıcı qüvvəsi onlardır. İki qardaş ölkə digər dövlətlər üçün də böyük imkanlar yaradacaq bu layihənin təməlini qoymaqla bölgəmizdə kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsi üçün əhəmiyyətli bir missiyanı reallaşdırdıqlarını nümayiş etdirdilər.

Zəngəzur dəhlizi bütün region ölkələri üçün əhəmiyyətli olacaq, iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Dəhliz Azərbaycanı öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək. Nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala malik olan regionu birləşdirəcək, bütövlükdə regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Bütün iştirakçı ölkələr Zəngəzur dəhlizinin yaratdığı imkanlardan yararlana biləcəklər. Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm də Azərbaycanı regionun nəqliyyat mərkəzinə çevirəcək.

Prezidenti İlham Əliyev Zəngilan rayonunda mətbuata bəyanatla çıxışı zamanı bəyan etdi ki, Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək: “Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı açıqlmasında bildirdi ki, bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq: “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir”.

Bu dəhlizin açılması Azərbaycanla qardaş Türkiyəni quru və dəmir yolu xətti ilə birləşdirəcək. Digər tərəfdən, kommunikasiyaların açılması regionda yeni əməkdaşlıq platformalarının yaradılmasına gətirib çıxaracaq ki, bu da regionda uzunmüddətli sülh və təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayacaq.

Beləliklə, Zəngilanı Naxçıvandan ayıran 40 kilometrlik Zəngəzur dəhlizinin bərpası yeni iqtisadi perspektivlər açacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim diyarımız olan Qərbi Zəngəzurla, daha sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi qələbəsidir.

Sumqayıt Dövlət Universitetinin müəllimi, İqtisad üzrə fəlsəfə doktoru, dosent Loğman Abdullayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər