Zəngəzur dəhlizi: Rusiya və Türkiyə anlaşdılar, bundan sonra nə olacaq?

261

Ankara və Moskva marşrutla bağlı artıq anlaşdılar. İrəvan yenə də şərtlər irəli sürür, Tehran isə layihənin baş tutmasına imkan verməmək üçün yeni yollar arayır. Halbuki…

Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu çəkiləcək.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, dəmiryol marşrutunun Ermənistan hissəsinin Zəngəzurdan keçəcək 43 kilometrlik hissəsi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılması nəzərdə tutulub.

A.Uraloğlu Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsini təmin edəcək Qars-Naxçıvan dəmir yolundan da danışıb: “Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq”.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi layihəsi reallaşandan sonra Pekindən Londona qədər uzanacaq Şərq-Qərb ticari marşrutu intensiv işləməyə başlayacaq.

Ümumiyyətlə isə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri əsnasında A.Uraloğlunun azərbaycanlı həmkarı Rəşad Nəbiyevlə görüşündə müzakirə edilmiş məsələlər arasında Zəngəzur dəhlizi layihəsi əlahiddə yer tutub.

Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, Ermənistan ərazisindən keçəcək marşrutda dəmiryol xətti ilə yanaşı, avtomobil şossesinin inşası da nəzərdə tutulub.

Layihənin reallaşması sadəcə, Azərbaycan və Türkiyə üçün yox, bütün Cənubi Qafqaz regionu üçün iqtisadi inkişafın əlavə təkanı olacaq. Belə ki, ölkəmizin əsas ərazisi ilə Naxçıvan arasındakı nəqliyyat-kommunikasiya infrastrukturunun bərpası Azərbaycana ixracın həcmini minimum 710 milyon dollar artırmağa imkan verəcək. Bundan başqa, rəsmi Bakı hər il Bakı-Naxçıvan aviareyslərinə dövlət büdcəsindən subsidiyalar ayrılmasına sərf olunan 10 milyon dollara qənaət edəcək. Habelə, ölkənin qərb rayonlarından Naxçıvana birbaşa təbii qaz nəqli də reallaşacaq.

Hazırda Naxçıvana təbii qaz Azərbaycanla İran arasında “mavi yanacağın” mübadiləsi sxemi ilə verilir və ödəniş qismində Tehran Naxçıvana tranzitin 15 faizini özünə götürür.

Bu baxımdan Qars-Naxçıvan-Meğri-Zəngilna-Bakı dəmiryol marşrutunun istifadəyə verilməsi yalnız Naxçıvanın kommunikasiya blokadasından çıxarılması yox, həmçinin xarici ticartə imkanlarının artırılması, turixmin və sərnişin daşımalarının həcminin artırılması, bölgəyə investisiyaların cəlb edilməsi baxımından çox önəmlidir.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da belə hesab edir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhə alternativ olmadığını, sülhə nail olmağın ən yaxşı yolu insanların qarşılıqlı əlaqəsi üçün imkanlar açmaq, ümumi yol çəkmək olduğunu hamı başa düşür.

“Baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupumuz özünəməxsus münasibətlər formatı işləyib hazırlayıb. Bizim səviyyədə sənəd layihəsi formalaşdırılıb və demək olar ki, tam razılaşdırılıb, baxmayaraq ki, əsas məsələdə: sadə azərbaycanlılarla ermənilər həmişəki kimi sərhədi keçərkən bir-biri ilə necə münasibət quracaqlar, hələ iş görülməlidir”, – Overçuk deyib.

O, daha sonra qeyd edib ki, regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə başlayacaq və bu, tərəflərin suverenliyinə hörmət əsasında əsas yanaşmaları müəyyənləşdirir: “Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri onların ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə istər Azərbaycanda, istərsə də Ermənistanda yerli qanunvericilik tətbiq olunacaq”.

Overçuk vurğulayıb ki, Azərbaycan öz ölkəsinin qərb rayonları ilə Naxçıvan arasında ən qısa zamanda birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır.

“Bundan əlavə, dəmir yolunun İran və Türkiyəyə daha da uzanacağı göz qabağındadır ki, bu da onu Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevirəcək”, – Rusiya Baş nazirinin müavini əlavə edib.

Ermənistanın hakimiyyət dairələrinin açıqlamalarına və xüsusilə də ən müxtəlif kənar qüvvələrin birbaşa təsiri altında olan, həmin qüvvələr tərəfindən idarə edilən erməni müxalifətinin fasiləsiz isterik bəyanatlarına rəğmən, Zəngəzur dəhlizi layihəsi İrəvanın da maraqlarına cavab verir, mənafelərini təmin edir.

Belə ki, layihə reallaşandan sonra Ermənistan Azərbaycan vasitəsilə Rusiya ilə birbaşa dəmiryol əlaqəsi əldə edəcək. Rusiya isə bu dəhlizlə Türkiyəyə çıxış qazanacaq, ticari dövriyyəsini sürətlə artıracaq.

Məhz bu səbəbdən marşrut sözügedən layihəyə qatılan ölkələr üçün yaxın və uzaq perspektivdə geosiyasi mənfəətdən daha çox iqtisadi baxımdan önəmlidir.

Amma onu da unutmayaq ki, Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsi Türk Dövlətləri Təşkilatındakı ölkələrin iqtisadiyyatlarına cidi təsir edəcək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin önəminin artması üçün münbit zəmin yaradacaq.

Çünki layihə bölgənin tranzit-loqistika potensialını artıracaq, yeni nəqliyyat marşrutlarının yaranmasına səbəb olacaq, Azərbaycanın iqtisadi qüdrətini daha da yüksəldəcək, regional tərəfdaşlığı və stabilliyi möhkəmləndirəcək.

Ermənistana gəldikdə isə, layihə İrəvanı onillərdən bəri davam edən ağır iqtisadi böhrandan çıxara bilər. İrəvan bu layihəyə qarşı çıxmağa davam edərsə, ermənilər iqtisadi inkişaf imkanlarının ciddi deqradasiyası ilə qarşılaşacaqlar.

Baş nazir Nikol Paşinyan və administrasiyası hələ də tam dərk etmir ki, Zəngəzur dəhlizi əslində Ermənistan üçün yeni, alternativ marşrutlar deməkdir. Məsələn, layihə İrəvanla Tehran arasında həm Naxçıvan, həm də Culfa vasitəsilə rahat nəqliyyat kommunikasiyasını qurmağa şərait yaradacaq.

Zəngəzur dəhlizi layihəsini əsla qəbul etmədiyini və bu layihəyə hazırda maneələr yaratmaq üçün bütün vasitələrdən istifadə edən rəsmi Tehranın mövqeyi də yanlışdır, çünki məhz bu marşrut Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İranın nəqliyyat infrastrukturlarını birəşdirəcək. Nəticədə İran yeni, genişmiqyaslı regional layihələrə ciddi investisiyalar və gəlirlər imkanlarına yiyələnəcək.

Layihənin həyata keçəcəyi təqdirdə Türkiynəin Azərbaycan vasitəsilə Xəzər dənizinə və Orta Asiyaya quru daşımaları marşrutuna yiyələnəcəyinin önəmli geosiyasi sonuclara səbəb olacağını anlayan Tehran bölgədəki təsir imkanlarını itirməmək, daha dəqiq olsaq, Ermənistana təzyiq rıçaqlarından məhrum olmamaq üçün “Zəngəzur qırmızı cizgimizdir” təki aqressiv narrativlərini fasiləsiz yayır.

İranın siyasi və hakimiyyət elitaları hesab edirlər ki, Zəngəzur dəhlizi işə düşərsə, Türkiyə ilə türkdilli dövlətlər arasında əlaqələr daha da aktivləşəcək, bölgədə Tehranın geosiyasi nüfuzuna və çəkisinə ağır zərbə dəyəcək.

Çinin “Bir kəmər, bir yol” layihəsinin tam orta xəttində olan Zəngəzur layihəsi gələcəkdə 4256 km dəmir yolu və 508 metrlik dəniz marşrutundan ibarət böyük loqistika marşrutunun tərkib hissəsinə çevriləcək. Nəticədə Şimal-Cənub marşrutu ilə yüklərin Pekindən Avropa İttifaqına 20 sutka, Şərq-Qərb layihəsi ilə 14 sutka daşınacağı perspektivlərlə müqayisədə Zəngəzur dəhlizi sözügedən daşımaları cəmi 12 sutkada realaşdırmağa imkan verəcək.

Üstəlik, daşımalar daha yüksək standartlarla, daha komfortlu şəkildə həyata keçiriləcək.

Ermənistandan, daha doğrusu, Zəngəzurdan keçəcək və uzunluğu cəmi 40 km (!) olacaq dəhliz layihəsinin opponentlərinin – oxu, düşmənlərinin – arqumentləri və səsləndirdiklərii bəyanatların mahiyyəti sadəcə, demaqogik ritorikadan ibarətdir.

Ermənistan rəhbərliyi layihənin işə düşəcəyi təqdirdə bölgədə stabilliyin bərqərar olmağa başlayacağını anladığından və belədə Rusiyadan, ABŞ-dan, Fransadan və İrandan bitmək bilməyən güzəştlərlə imtiyazlar alaraq hansısa göstərişlərin yerinə yetirilməsinin müqabilində mənfəət əldə etmək şanslarını itirəcək.

İrandakı rejim Cənubi Qafqaz bölgəsində Ermənistan vasitəsilə daimi gərginliyə nail olmaq və bu situasiyanı fasiləsiz prosesə çevirərək Bakıya təzyiq cəhdlərini, Qərblə geosiyasi alver perspektivini də əldən verəcək.

Fransa üçünsə Zəngəzür dəhlizinin reallaşması regionda yaratmaq istədikləri mövqelərin təməli qoyulmadan məhvi deməkdir.

Belədə, İrəvanın Tehran və Parislə razılaşdırılmış şəkildə çıxış etməsi təəccüb doğurmur.

Ermənistanın baş naziri Nikol Paşinyan bilir ki, bütün mənasız şərtlərinə, əsassız iddialarına və siyasi möhtəkirlik variasiyalarına rəğmən, Rusiya Federasiyası Zəngəzur dəhlizi layihəsini həyata keçirməkdə israrlıdır.

Ukraynadakı hərbi əməliyyatlara görə kollektiv Qərbin çox sərt və genişmiqyaslı sanksiyalarına məruz qaldığından iqtisadiyyatında ağır problemlər yaranmış Rusiya üçün Zəngəzur dəhlizi Türkiyəyə, oradan da dünya bazarlarına çıxış baxımından həddən ziyadə böyük önəm daşıyan layihədir.

Məhz bu səbəbdən Rusiya üçün sözügedən layihənin baş tutması Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesindən də böyük əhəmiyyət kəsb edir.

Bölgədəki prosesləri diqqətlə izləyən və geosiyasi, həmçinin iqtisadi dividend imkanlarını dəyərləndirən Britaniya, İtaliya, Almaniya, Pakistan, Səudiyyə Ərəbistanı, Çin və Birləşmiş Ərəb Əmirliklərini də unutmayaq.

Zəngəzur dəhlizi layihəsi indi çox böyük stavkalara malik geosiyasi oyuna çevrilib.

Potensial qaliblər bəllidir.

Məğlublar isə itkilərini azalda bilərlər – aqressiyadan və mənasız illüziyalardan əl çəkə bilsələr.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər