Zəngəzura qayıtmaq ümummilli hədəfimizdir

625

Hər bir xalqın və dövlətin inkişafında milli hədəflərin mövcudluğu həlledici rol oynayır. Təbii ki, əgər bu milli ideya ümumbəşəri dəyərlərə zidd deyilsə. Bu ideyanın ətrafında bütün resurslar toplanır, cəmiyyət özü üçün, sanki, bir “yol xəritəsi” müəyyən edir. Məqsədə çatmaq üçün bəzən əvvəl-əvvəl müşkül görünən hədəflər zaman keçdikcə siyasi və iqtisadi gündəlik olur və çox keçmədən reallaşır

XX əsrin sonlarından etibarən Qarabağ azərbaycanlılar üçün bax belə bir milli ideya və hədəf oldu. Bu ideya ətafında biz bütün resurslarımızı səfərbər etdik, iqti­sadiyyat, xarici və daxili siyasət, təhsil, ordu quruculuğu, bir sözlə hər şey bu hədəfə xidmət etdi. Nəticədə, 30 ildən sonra biz təkcə Qarabağı əldə etmədik, bir çox uğurlara da imza atdıq. Biz bu yolda iqtisadi müstəqilliyimizi əldə etdik. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars xəttləri, böyük strateji ehtiyatlar, yoxsulluğun azalması, sosial dövlət formatı və s. nəticələrlə regional gücə çevrildik.

Region iqtisadiyyatının və əhalisinin, demək olar ki, üçdə ikisi bizə aiddir. Şərq–Qərb, Şimal–Cənub kommunikasiyaların kəsişdiyi yeganə ölkəyik, regionda istənilən ölkəyə siyasi və ya iqti­sadi nüfuzumuz mövcuddur. Biz həm də regionda hərbi gücə çev­rildik– ordumuz dünyanın ən güc­lü 50 ordusundan, ən döyüşkən və texnoloji silahlı qüvvələrindən biridir. Azərbaycanlılar II Qarabağ savaşında özünü dünyada Vətən uğrunda döyüşməyə hazır xalq kimi təsdiq etdi.

Biz eyni zamanda, inkişaf üçün ən önəmli olan daxili siyasi sabitlik və uğurlu idarəetməyə sahib olduq. Prezident İlham Əliyev öz müdrik siyasəti, iti ağılı, sözünün sahibi olması, praqma­tikliyi və humanistliyi ilə bütün dünyada tanınan siyasətçidir. Ölkə daxilində bütün siyasi qüvvələrin barışığına və parla­ment idarəçiliyində iştirakına nail olunub. Əhalinin maddi rifah halı­nın davamlı olaraq yaxşılaşması və sosial proqramların intensivliyi sahəsində də xeyli uğurlara imza atdıq və s. Həm bu nəticələrin hesabına böyük bir gücə çevrildik və düşmənlərimizi darmadağın etdik.

Artıq yeni bir mərhələ başlayır. Ərazilərin bərpası, insanların öz yurduna qayıtması, Xankəndiyə, Xocalıya tam nəzarət zaman məsələsidir və biz bunlara nail olacağıq. Amma bəs yeni mərhələdə bizim milli ideyamız nədir? Biz tamamilə yeni bir Azərbaycanıq, bütün dünya bizi güclü, öz hədəfinə çatan, etibarlı, istedadlı bir xalq kimi tanıyır artıq. Bizim qarşımızdakı hədəflər də böyük olmalıdır. Düşünürəm ki, dövlət başçısı bizə bu hədəfi artıq aydın şəkildə göstərməkdədir.

Yeni hədəfimiz və milli ide­yamız Zəngəzurdur. Zəngəzur son bir əsrədək tarix boyu bizim torpağımız olub. Bu qədim türk məskəni bizdən soruşulmadan verilib Ermənistana. Zəngəzur bü­tün Türk dünyasının təbii inkişafı yolunun ən mühüm halqasıdır. Bu suni yaradılmış əngəl, nəhayət, indiki güc və qüdrətimizlə aradan qalxmalıdır.

Biz bu milli ideya və yeni hədəf ətrafında bütün resursları­mızı birləşdirməliyik. Bu həm də bizim digər bütün sahələrdə daha da inkişafımıza gətirib çıxarda­caqdır. Biz özümüzdən sonra gələn nəsilə Türk dünyasının dün­yada layiqli yerini tutmasına əngəl olan bu aşırımı bizə düşmən olanların əlində qoymamalıyıq! Biz Zəngəzura tariximizə sahiblik inamı ilə qayıdırıq.

Tahir MİRKİŞİLİ,

 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər