ZƏNGİLAN RAYONUNUN BƏRPASI VƏ DİRÇƏLDİLMƏSİ İNTENSİVLƏŞMƏKDƏDİR

436

Böyük Qarabağ Zəfərindən sonra yeni yaradılmış iqtisadi rayonların dirçəldilməsi prosesləri sürətlənməkdədir. Şərqi Zəngəzur iqtisadi rayonunun strateji inzibati vahidlərindən biri olan Zəngilanın bərpası və dirçəldilməsi intensivləşməkdədir. Dövlət başçısının 2023-cü il sentyabrın 28-də Zəngilan rayonuna səfəri zamanı sosial və digər mühüm təyinatlı infrastruktur obyektlərinin və müəssisələrinin təməlqoyma və ya açılış mərasimləri keçirilmişdir. İlk növbədə, Böyük Qayıdışın sürətləndirilməsi məqsədilə yaşayış məntəqələrinin tikintisinə başlanılması diqqət çəkir. Alıbəyli kəndinin təməlini qoyulması buna bariz nümunədir. Bundan əlavə, Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Bu kompleks 110 mənzildən ibarət olacaqdır. Belə ki, “Böyük Qayıdış” proqramı çərçivəsində 410 mənzilin tikintisi planlaşdırılmışdır. Bunlar nəzərə alınmaqla dövlət başçısının səfəri çərçivəsində Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməli də qoyulmuşdur. İki hektar əraziyə malik bu kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar inşa olunacaq və cəmisi 192 mənzil Zəngilanlıların sərəncamına veriləcəkdir. Təməlqoyma mərasimi keçirilən 4-cü yaşayış kompleksində isə əsasən 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların tikintisi planlaşdırılmışdır və ümumilikdə 131 mənzilin tikintisi təmin ediləcəkdir.
Bunlarla bərabər, Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olmuşdur və burada yüksək səviyyəli tədbirlərin, o cümlədən Beynəlxalq tədbirlərin keçirilməsi mümkün olacaqdır. Təminat xarakterli infrastrukturun formalaşdırılması baxımından “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışı mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə təməli bu ilin aprelində qoyulan məscidin tikintisinin 2024-cü ilin aprelində başa çatdırılması nəzərdə tutulur. Sosial infrastrukturun gücləndirilməsi baxımından Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməlinin qoyulması diqqətə layiqdir.
Qeyd edək ki, Zəngilan inzibati vahid formasında 1930-cu ildən fəaliyyət göstərir və ərazisi 707 km2 təşkil edir. Bu rayonun strateji əhəmiyyəti baxımından Cənubdan və Şərqdən İran, Qərbdən Ermənistanla həmsərhəd olmasıdır. Rayonun ərazisində sıldırım qayalar, gözəl təbiətə malik düzənliklər və qiymətli meşələr vardır. Resurs ehtiyatları baxımından Zəngilanda gil və əhəng ehtiyatları, Vəjnəlidə zəngin qızıl yataqları vardır. Həmçinin müalicə əhəmiyyətli bitkilər və bulaqlar diqqət çəkir. İşğal dövründə rayonun iqtisadiyyatına və infrastrukturuna xeyli ziyаn dəymişdir. Erməni vandalları tərəfindən 11.000 yаşаyış еvi, 150 şəхsi mаşın və minik аvtоmоbilləri, 43.000 qаrаmаl, 92.000 qоyun-kеçi, 265.000 еv quşlаrı, 1600 аrı аiləsi talanmış və dağıdılmışdır.
Zəngilanda reallaşdırılan bir sıra iri layihələr onun strateji əhəmiyyətini sürətlə yüksəltməkdədir. Qısa müddət ərzində istismara verilmiş Zəngilan Beynəlxalq Hava Limanı regionun sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, regionun strateji rolunu artırmaqdadır. Dünya səviyyəli beynəlxalq hava nəqliyyatı infrastrukturunun formalaşdırılması bölgənin strateji əhəmiyyətinin əsas göstəricilərindən biri kimi baxıla bilər. Burada hava limanının olması region və ümumilikdə dünya ölkələrinin, həm də dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın bu bölgəyə marağını xeyli artıra bilər. Xüsusilə, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın bu regiona marağını yüksəldər. Eyni zamanda, ticarət iqtisadi əlaqələrin genişləndirilməsi kontekstində çevik nəqliyyat infrastrukturunun mövcudluğu investorların bölgəyə axınlarına ciddi təkan verə bilər.
Digər tərəfdən, Zəngilanda Ağalı kəndlərinin bazasında yaradılan “ağıllı” kənd layihəsi Böyük Qayıdışının ilk uğurlu layihəsi kimi qiymətləndirilir və bu baxımdan işğaldan azad olunmuş ərazilərin dirçəldilməsində burada toplanmış təcrübə və yanaşmalar kifayət qədər səmərəli xarakter daşıya bilər.
Əminliklə deyə bilərik ki, Zəngilan rayonunun bərpasi və dirçəldilməsinin intensiv xarakter alması yaxın perspektivdə Böyük Qayıdışın sürətləndirilməsinə və regionun inkişafına ciddi töhfələr verəcəkdir.

ŞƏFA ƏLİYEV,
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri
Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı
və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər