“168 saat”ın xəbərdarlığından sonra…

781

Marşurutlardakı qeyri-leqal xəbərdarlıqlar yığışdırıldı

Şəhərimizdə müasir formalı dayanacaqların quraşdırılmasından sonra şəhərdaxili marşurutların yalnız dayanacaqlarda dayanacağı, mənzil başına tələsən vətəndaşın əlavə vaxt itirməyəcəyinə dair gözləntilər yaranmışdı. Ancaq ümidlər reallığa çevrilmədi. Bu, xüsusilə iki səbəb üzündən baş vermədi: birincisi, sərnişinlər marşurutu dayanacaqda gözləmək ənənəsinə hələ də tam olaraq yiyələnə bilməyiblər, ikincisi marşurut sürücüləri “yalnız dayanacaqda dayanmalı” prinsipinə riayət etmirlər.

Belə halda, sahibkarlar yeni inzibati metoda əl atdılar. Qısa zamanda, əksər marşurut avtobuslarında belə bir elan peyda oldu: “Xahiş olunur, marşurutu dayanacaqdan kənarda saxlatmayın. Əks halda, sürücü və sərnişin 50 manat cərimələnəcək. Dövlət Yol Polis İdarəsi”.

Diqqət etdinizsə, elanda xəbərdarlıq edən tərəf kimi DYP göstərilir. Bununla belə, elementar məntiq və səthi hüquqi savadla da aydın olurdu ki, marşurutun kənarda saxladılmasına görə sürücünün cərimə olunması absurddur və üstəgəl belə bir praktika da yoxdur. Ancaq sən demə, bu elanın yerləşdirilməsi elə sahibkarların spekuliyasiyasından və sərnişinlərə hesablanmış psixoloji təsir rıçaqından başqa bir şey deyilmiş.

Yalnışlığın aradan qaldırılması üçün “168 saat” bugünlərdə həyəcan siqnalı çaldı. Qəzetimiz məsələ ilə bağlı Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhər Şöbəsinə müraciət etdi. DYP-dən bildirdilər ki, bu haqda İdarə tərəfindən heç bir təlimat verilməyib: “Həmin xəbərdarlıq vərəqlərinin bizim İdarəyə heç bir dəxli yoxdur. Bu barədə bizdə heç informasiya da yoxdur”.

Sumqayıt şəhər  Nəqliyyat Departamentində də məsələdən xəbərsiz idilər. Departament rəisi Mahir Nəbiyev bunun qanunazidd olduğu ilə razılaşmaqla bərabər Departament əməkdaşlarından birinə məsələnin dərhal araşdırılması və bu halların aradan qaldırılması barədə tapşırıq verdi.

Və budur, son günlər yəqin siz də müşayiət etmisiniz ki, marşurutlardakı həmin xəbərdarlıq elanları ya tamamilə yığışdırılıb, ya da elandakı “sərnişin” sözü silinib.

İnformasiya Şöbəsi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər