Almaniyanın səfiri Sumqayıtda olub – FOTOLAR

636

Sumqayıt Yaradıcılıq Mərkəzində “Qadınlar Bələdiyyənin inkişafı uğrunda” İctimai Birliyinin, Almaniya Əməkdaşlığı Birliyinin Azərbaycan ofisinin, Sumqayıtda fəaliyyət göstərən Alman Dili Mərkəzi və Sumqayıt Bələdiyyəsinin qadın fəallarının səyi ilə Azərbaycan qadınlarının ictimai fəallığını, ölkəmizin inkişafında onların rolunu əks etdirən “Çərçivədən kənar” adlı foto-sərgi açılıb. Respublikanın müxtəlif foto həvəskarlarının bir-birindən maraqlı 100-dək əsərinin nümayiş etdirildiyi sərginin açılışında Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Haydrun Tempel, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev, Sumqayıt Bələdiyyəsinin sədr müavini, Avropa və dünya çempionu, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova iştirak ediblər.

Tədbirdə çıxış edən xanım diplomat Azərbaycanın son illərdəki sürətli inkişafından, ölkəmizin öz güclənən iqtiisadiyyatı və zəngin mədəniyyəti ilə Avropa iqtisadiyyatı və mədəniyyətinə uğurlu inteqrasiyasından, gender bərabərliyindən məmnunluqla söhbət açıb, Azərbaycanın bütün sahələr üzrə inkişafı üçün yüksək fəallıqla çalışan, ictimai həyatda rolu daha da artmaqda olan qadınların intibah dövrünü əks etdirən “Çərçivədən kənar” foto-sərgisinin əhəmiyyətindən danışıb.

Sonra qonaqlar Sumqayıt Bələdiyyəsinin və onun məhəllə komitələrinin qadın əməkdaşları, şəhərin müxtəlif ictimai təşkilatlarının və respublika mətbuatının nümayəndələri ilə birgə Azərbaycan qadınlarının ictimai fəallığının foto-əsərlərdə əks etdirildiyi sərgi ilə maraqla tanış olublar. Orijinal rakurslarla fotoları təqdim edilmiş ictimaiyyətçi qadınların bir qisminin Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrinin sədrləri və fəallarının olması tədbir iştirakçılarında məmnunluq doğurub.

Tədbrdə iştirak edənlər Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri sədrləri Solmaz Zeynəddinovanın və Gülnarə Ağayevanın, Saray Bələdiyyəsinin sədr müavini Vəsilə Əbilhəsənovanın, “Qadınlar Bələdiyyənin inkişafı uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilovanın, Almaniya Əməkdaşlığı Birliyinin Azərbaycan ofisinin məsləhətçisi Fidan Qasımovanın və digər ictimai fəal qadınların yerlərdə sakinlərlə görüşləri və dıgər tədbirlər zamanı, həmçinin onların istirahət saatlarında yüksək sənətkarlıqla, ustalıqla çəkilmiş orijinal şəkillərini seyr edərək, xoş təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, “Çərçivədən kənar” sərgisindən əvvəl səfir xanım Haydrun Tempel Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb, əhaliyə nümunəvi xidmət sahəsində dünyada ilk təcrübə, Azərbaycan brendi olan “ASAN xidmət”in Sumqayıt filialının fəaliyyəti ilə tanış olub.  

 Orxan RƏHMANOĞLU

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər