“Arvadımı həmin fotolarla rüsvay edəcəyini dedi” –Sumqayıt sakininin şantaj etdiyi qadının əri danışdı

2079

Xırdalanda yaşayan və ailəli olan Samirə Məmmədovanın (cinayət işində adı keçən zərərçəkmişin, onun ailə üzvlərinin ad və soyadı şərti verilib – red.) Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Nizami Cəfərov və onun dostu Elçin Pirişov tərəfindən intim görüntüləri ilə şantaj edildiyi barədə yazmışdıq.

Teleqraf.com hadisə ilə bağlı zərərçəkən Samirə Məmmədovanın həyat yoldaşı Mahir Məmmədovun ifadəsini əldə edib.

Cinayət işi ilə bağlı Mahir Məmmədovun dediklərini təqdim edirik.

“Arvadım Elçinə 5 min manat verib”

Mahir Məmmədov bildirib ki, 2012-ci ilin aprelində arvadı Samirə ağlayaraq, ona təxminən 2011-ci ilin sonlarından başlayaraq “odnoklassniki” internet saytında özünü polis əməkdaşı kimi təqdim edən Elçin Pirişov ilə 1-2 ay yazışdığını deyib: “Arvadım bildirdi ki, Elçinə göndərdiyi şəkillərinin hamısını ictimaiyyətə çatdıracağı, onu biabır edəcəyi ilə hədələyib və pul tələb edib. Arvadım da məcbur qalaraq, Elçinə 5.000 manata yaxın pul verib”.

“Elçinlə nə barədə danışdığını və hansı şəkillər göndərdiyini soruşdum”

Mahir Məmmədovun ifadəsinə görə, arvadı ona artıq borca düşdüyünü, bir gün əvvəl Elçinin ona zəng vuraraq yenidən 3.000 manat pul tələb etdiyini deyib: “Arvadım artıq pul tapa bilmədiyindən məcbur olaraq, olanları mənə danışdı. Bunu eşitdikdə Samirədən əvvəlcə həmin Elçinlə saytda nə barədə danışdığını və hansı şəkillər göndərdiyini soruşdum. Samirə də adının sonradan Elçin olduğunu öyrəndiyi şəxslə yalnız bir dost kimi danışdığını və evdə çəkdirdiyi adi şəkilləri ona sayt vasitəsi ilə göndərdiyini dedi”.

Vaxtaşırı şantaj və pul tələbi

Zərərçəkmiş qadının əri deyib ki, Samirədən Elçin adlı şəxsin pulları kimin vasitəsi ilə aldığını soruşub: “Samirə də Elçinin qapıya müxtəlif adamları göndərdiyini, bəzən isə özünün gəldiyini, qapıya yaxınlaşaraq qapının qarşısına qoyduğu pulu götürdüyünü söylədi. Bundan bir müddət sonra artıq Elçin Pirişov mənə də zəng vurmağa başladı. Elçin göndərdiyi adamlara vaxtlı-vaxtında pul verməsək, mənim və arvadım barədə müxtəlif rüsvayedici məlumatlar yayacağını, oğlum Elmarın telefon nömrəsini, oxuduğu məktəbi bildiyini, Elmarın sinif yoldaşlarına onun anasının əxlaqsız qadın olması barədə bildirəcəyini dedi. Oğlumun tərbiyəsinin korlanacağından çəkinərək, Elçinə tələb etdiyi pulları verməyə söz verdim”.

Mahir Məmmədov ifadəsinin bu hissəsində arvadının ifadəsinə uyğun danışıb. O, Elçin Pirişova və onun dostu Nizami Cəfərova və digər şəxslərə külli miqdarda pul verməsindən, həmçinin polisə şikayət etməsindən danışıb.

Mahir Məmmədovun həyat yoldaşının geniş ifadəsi bu linkdə:

https://teleqraf.com/news/yasavul/189464.html

Təqsirləndirilən Nizami Cəfərovun ifadəsi bu linkdə:

https://teleqraf.com/news/yasavul/189333.html

Qeyd edək ki, 2011-ci ilin axırlarında tanışı Elçin Pirişov Nizami Cəfərova Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Samirə Məmmədova ilə “Odnoklassniki” internet saytında tanış olmaq, onun şəxsi fotoşəkillərini əldə etmək və fotoşəkilləri yaymaq hədəsi ilə pul əldə edə biləcəklərini bildirib.

Bundan sonra onlar Samirə Məmmədova və əri Mahiri barələrində rüsvayedici məlumatlar, yəni əldə etdikləri fotoşəkilləri internet səhifələrində, həmçinin sonuncuların övladlarının tədris aldıqları təhsil müəssisələrində yayacaqları ilə hədələyib, onlardan bu məqsədlə 4.000 manat tələb ediblər.

Nizami Cəfərov 11 oktyabr 2012-ci il tarixdə, saat 16.25-də Samirənin Xırdalan şəhərində olan mənzilinə gedib, ondan 4.000 manat pul alıb.

Daha sonra Nizami Cəfərov və dostu Elçin Pirişov Samirəni və ərini 2015-ci ilin yanvarın 4-də yenidən hədələyib, 700 manat, həmin ilin noyabrında 1200 manat, 2016-cı ilin martında 900 manat, həmin ilin dekabrında isə 750 manat alıblar.

Sonuncu dəfə onlar ər-arvadı 2017-ci ilin mayın 17-də şantaj ediblər və 700 manat tələb ediblər. Bu zaman Samirə və Mahir polisə şikayət ediblər. Mayın 19-da 300 dolları Samirədən alan zaman Nizami Cəfərov cinayət başında yaxalanıb.

İstintaq orqanı tərəfindən Nizami Cəfərova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizami Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nizami Cəfərov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəza təyin edilməsini xahiş edib.

Nizami Cəfərovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nizami Cəfərovun şikayəti təmin olunmayıb.

Bu işdə Elçin Pirişovun barəsində cinayət işi başlanıb. O, Türkiyə respublikasına qaçdığı üçün barəsində axtarış elan edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər