Beynəlxalq Sığorta Şirkətinin Sumqayıt filialı fəaliyyətə başlayıb

1178

Bu gün Sumqayıt şəhərində Azərbaycanın Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) filialının açılış mərasimi keçirilib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, açılışda Azərbaycan Beynəlxalq Bankının, Sumqayıt İcra Hakimiyyətinin məsul əməkdaşları, BSŞ-nin İdarə Heyətinin üzvləri iştirak ediblər. Beynəlxalq Sığorta Şirkətinin Sumqayıt filialının ofisi şəhərin mərkəzi hissəsində, Azadlıq küçəsi-7 ünvanında yerləşir. Filial regiondakı müştərilərinə BSŞ-nin bütün növ sığorta məhsullarını və proqramlarını təqdim edəcək, eləcə də sığorta hadisələrinin tənzimlənməsini həyata keçirəcək. Filialın yerinin əlverişli seçilməsi müştərilərə operativ və yüksək səviyyəli xidmətlər göstərməyə şərait yaradacaq. Filial şəbəkəsinin genişləndirilməsi Azərbaycanın regionlarında yaşayan əhalinin şirkətin sığorta məhsullarının geniş spektrindən rahat istifadə imkanlarını artırır. Şirkət mövcud filial şəbəkəsi ilə kifayətlənməyərək, regionlarda yeni filialların açılışı istiqamətində aparılan işləri davam etdirməyi planlaşdırır. Xatırladaq ki, hazırda şirkətin Bakı şəhərində iki xidmət bölməsi, Gəncə və Şəki şəhərlərində isə filialları fəaliyyət göstərir. Bu ayın əvvəlində BSŞ-ə “Moody’s Investors Service” tərəfindən «B2» səviyyəsində «sabit» reytinq proqnozu ilə maliyyə dayanıqlığı reytinqi (Insurance Financial Strength Rating, IFSR) verilib. Hazırda səviyyəsinə görə həmin reytinq Azərbaycandakı bütün sığorta şirkətləri arasında ən yüksək reytinq dərəcəsi hesab olunur. Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildən fəaliyyət göstərir. Şirkət nizamnamə kapitalının (8,8 mln. manat) həcminə görə sığorta təşkilatları sırasında ilk yeri tutur. Bu ilin yanvar-oktyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 10,91 mln. manat, sığorta ödənişləri isə 3,64 mln. manat təşkil edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər