İlham Əliyev Sumqayıtda görülən işlərlə bağlı: "Bu, hələ başlanğıcdır..."

3681

“Sənaye istehsalı ilə bağlı bu il çox önəmli açılışlar olacaq. Mən onların arasında Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələri qeyd etmək istəyirəm.” 

Bu sözləri ötən gün Heydər Əliyev Mərkəzində keçirilən konfransda prezident İlham Əliyev bildirib:

“Keçən ilin sonunda parkda dörd müəssisənin açılışı, üç müəssisənin təməlqoyma mərasimi keçirilmişdir. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayı on beşə çatıb və qoyulan sərmayənin həcmi 2,7 milyard dollardır. Bu layihə, bu böyük təşəbbüs bir daha onu göstərir ki, biz nə qədər düzgün siyasət aparırıq. Əgər biz o sahəni dağılmış, çürümüş dəmirlərdən təmizləməsəydik və yüzlərlə hektar torpağa infrastruktur layihələri gətirməsəydik, bu şəraiti yaratmasaydıq, oraya heç kim bir manat da qoymazdı. İndi isə oraya 2,7 milyard dollar sərmayə qoyulur və bu, hələ başlanğıcdır. Bax, budur dövlətin vəzifəsi və düzgün siyasəti. Biz şərait yaradırıq, kömək göstəririk, investisiya qoyuruq ki, sonra da özəl sektor və xarici şirkətlər sərmayə qoysunlar. Ona görə Sumqayıt Kimya Sənaye Parkının yaradılması hesab edirəm ki, bizim böyük uğurumuzdur.”

Prezident qeyd edib ki, bu il isə “SOCAR Polymer” və gübrə zavodlarının açılışı nəzərdə tutulur. Bu iki müəssisə nəinki daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanlarına da malik olacaq. Bu iki zavodun ümumi ixrac imkanları hər il 100 milyonlarla dollar həcmində olacaqdır. Eyni zamanda, xüsusilə “SOCAR Polymer” zavodu kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək. Çünki xammaldan məhsullar Azərbaycanda istehsal olunacaq. Polimer elə bir məhsuldur ki, indi bir çox məişət və ya sənaye materialının yaradılmasında rol oynayır. Ona görə özəl sektor da diqqətli olsun. Zavod işə düşən kimi dərhal yerli sənaye istehsalı yaradılmalıdır.

sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər