“Sumqayıt”a ona yaxın futbolçu cəlb olunacaq

780

Kamran Quliyev: “Komandanın istənilən üzvünün yığmaya qoşulması oyunumuzu təxirə salmaq üçün əsas deyil”

Hazırlığın ikinci mərhələsini Avstriyanın Tirol şəhərində davam etdirən “Sumqayıt” dünən axşam Avropanın mərkəzini tərk edərək vətənə üz tutub. Artıq bu gün səhər saatlarında Bernard Raabın “gənc qvardiya”sı hava limanında təyyarədən yerə enib. İyulun 22-də keçirilən premyer-liqanın püşkatmasında “gənclər şəhəri”nin təmsilçisinin ilk turda görüşəcəyi rəqib məlum oldu. Sumqayıtlılar səfər oyununda heyətində köklü dəyişikliklər baş verən “Xəzər Lənkəran”ın qonağı olacaq. Bu görüşün maraqla gözlənilən qarşılaşmalardan biri olduğu dəqiqdi. Birincisi, “Sumqayıt”ın eltada necə çıxış edəcəyini “Fırtınalar meydanı” göstərəcək. İkincisi, daim yerli oyunçu sarıdan qıtlıq çəkən ev sahiblərinin Avroliqadakı məğlubiyyətdən sonra yeni simasıyla nəyə qadir olduğunu və yerli publikanın sevimli klublarına qarşı münasibətdə hər hansı dəyişikliyin olub-olmadığını biləcəyik. Debütantın Avstriya hazırlığı, düşərgədəki ab-havanı və ilk turdakı rəqiblə qarşılaşmanı dəyərləndirməsi üçün klubun prezidenti Kamran Quliyevlə söhbətləşdik. Xatırladaq ki, Kamran bəy hazırlığın ilk günündən kollektivlə birlikdə Tirolda olub. Lakin premyer-liqanın püşkatmasına görə səfəri erkən yekunlaşdırıb.
– Tirol hazırlığı necə keçdi?
– İlk öncə onu qeyd edim ki, komanda qısa zaman kəsiyində yığıldı. Təlim-məşq toplanışı keçmək üçün Avstriyaya üz tutduq. Kollektiv almaniyalı baş məşqçi Bernard Raabın rəhbərliyi altında gündə iki dəfə məşqlərə çıxırdı. Köməkçiləri Aslan Kərimov və Təbriz Həsənovla birlikdə fiziki, texniki, taktiki hazırlıq keçiblər. Bildiyiniz kimi, Tirolda iki yoxlama oyunu da baş tudu. Hər iki görüşdə böyük hesabla məğlub olsaq da, mən bunu faciə kimi qəbul etmirəm. Çünki bizim komanda yeni formalaşdırılıb. Sevindirici haldı ki, hər iki qarşılaşmada Ruslan Nəsirli kimi perspektivli gənc futbolçu fərqlənməyə imkan tapdı.
– Futbolçuların hazırlıq səviyyəsi baş məşqçini qane etdimi?
– Almaniyalı mütəxəssis şəraitdən və ümumi hazırlıq planından razı qaldı. Çalışdırıcı şəxsən bunu mənə dedi. Amma hələ də kifayət qədər çatışmazlıqlar var.
– Natamam heyətlə toplanış komandaya hansı xeyri verə bilər?
– Biz çox qısa zaman kəsiyində bu kollektivi yığıb təlim-məşq toplanışına göndərdik. Avstriyaya yollanan futbolçular heyətin 60 faizini təşkil edir. Buna baxmayaraq, hesab edirəm ki, bu toplanışın kollektivə böyük faydası dəyəcək.
– Komanda Avstriyadan qayıdandan sonra ölkə çempionatının başlamasına qədər yoldaşlıq oyununda qüvvəsini sınayacaqmı?
– Ümumi hazırlıq planı əvvəlcədən müəyyənləşib. Ancaq ola bilər ki, çempionatın startına qədər bir və ya daha artıq yoxlama görüşü keçirə bilərik. Bu məsələdə məşqçilər korpusu qərarını verəcək.
– “Sumqayıt”ın heyətinin əsasını müxtəlif yaş qrupları üzrə yığma üzvlərinin təşkil etdiyini bilirik. Premyer-liqa qarşılaşmaları zamanı həmin futbolçular milliylə birgə müxtəlif turnirlərə qatılanda komandanın çempionatda keçirəcəyi matçlar təxirə salınacaqmı?
– Komandanın istənilən üzvünün yığmaya qoşulması oyunumuzu təxirə salmaq üçün əsas deyil. Ona qalası olsa, bir çox klublarımızın heyətində yığma üzvləri var. Gərək onda həmin komandaların oyunları da təxirə salınsın. Bu məsələ aktual deyil. Unutmayaq ki, heyət üzvlərinin əksəriyyətinin yaşı 21-ə belə çatmır. Belədə U-21-dən fərqli, daha aşağı yaş qrupları üzrə millilərimizin təlim-məşq toplanışlarına və turnirlərə qatılması minumum saydadı ki, bu da komandamıza hər hansı problem yarada bilməz.
– Avstriyada olarkən iki görüş keçirdiz ki, onların da hər ikisində böyükhesablı məğlubiyyətlə üzləşdiz. Bu nəticələr heyətin daha da gücləndirilməsinin vacibliyindən xəbər verir. Belədə hansısa futbolçu və ya futbolçularla danışıqlar aparırsızmı?
– Heyətə ən azı 8-10 nəfər yeni gənc futbolçu cəlb olunacaq. Adlarını açıqlamaq istəməsəm də, onların bəzilərinin yerli çempionatda, bəzilərinin isə ölkə xaricində top qovduğunu söyləyə bilərəm. Avqustun 31-nə qədər “transfer pəncərəsi” açıqdı. Çalışacağıq ki, bu keçidlər tezliklə yekunlaşsın.
– Bildiyiniz kimi, çempionat gələn ayın 6-da start götürəcək. U-21-in isə avqustun 1-dən 4-nə qədər təlim-məşq toplanışı planlaşdırılıb. Bu, ilk turda Lənkəran səfərində komandanıza hər hansı problem yaratmayacaq ki?
– Gənclər yığmamızın toplanışı avqustun 1-dən 3-nə qədərdi. Toplanışın son gününün axşamı bizim komandanın üzvləri heyətə qoşulacaq. “Xəzər Lənkəran”la qarşılaşmada kollektiv tam heyətlə çıxış edəcək.
– Əsas və əvəzedici komandaların baş məşqçiləri bəllidi. Bəs aşağı yaş qruplarına hansı mütəxəssislər rəhbərlik edəcək?
– Bildiyiniz kimi, əsas heyətə alman Bernard Raab və köməkçiləri Aslan Kərimovla Təbriz Həsənov başçılıq edir. Əvəzediciləri isə Vaqif Paşayevin sərəncamına vermişik. Almaniyalı mütəxəssislə ikiillik, Paşayevlə isə birillik müqaviləyə imza atmışıq. Aşağı yaş qruplarıyla işləyəcək mütəxəssislərlə danışıq aparırıq. Böyük ehtimalla, gələn həftəyə qədər həmin məşqçilərin kimliyinə aydınlıq gələcək. Rəşad, “football-plus”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər