Sumqayıtda növbəti xeyriyyə aksiyası başlamışdır

649

Müqəddəs Qurban bayramı ərəfəsində Sumqayıtda “Mərhəmətli olmağa tələsin!” xeyriyyə aksiyasına başlanılmışdır.
Tədbirin açılışı Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin akt zalında reallaşmışdır. Kimyaçıların təşəbbüsü ilə ərsəyə gələn aksiya Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatı ilə birgə ötən ildən etibarən həyata keçirilir.
AzərTAc xəbər verir ki, “Mərhəmətli olmağa tələsin!” aksiyasında Sumqayıtın onlarla idarə, müəssisə və təşkilatı, o cümlədən “Azərikimya” İstehsalat Birliyinin strukturuna daxil olan idarə və müəssisələr, bir sıra təhsil ocaqları, həmçinin Milli Məclisin deputatları iştirak etmişlər.
Xeyriyyə tədbirində Milli Məclisin deputatları Muxtar Babayev və Musa Qasımlı, respublika Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, qurumun şəhər təşkilatının sədri Mətanət Məhərrəmova, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin direktoru Ayət Kərimova və başqaları çıxış edərək, bu qəbildən olan aksiyaların böyük əhəmiyyət kəsb etdiyini vurğulamış və hamını bu işdə fəal iştiraka dəvət etmişlər.
Ümumilikdə 40 gün davam edəcək aksiyadan əldə olunacaq maddi vəsait, geyim dəstləri, məktəb ləvazimatları, oyuncaqlar və s. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının xətti ilə aztəminatlı ailələrdən olan uşaqlara paylanılacaqdır.
Ötən ildə analoji aksiya keçirilmiş, toplanan geyim və digər vəsaitlər 300-dən artıq kimsəsiz uşağa paylanılmışdı.

Ətrabə Rzayeva, AzərTac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər