Sumqayıtda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümü qeyd edilib

2700

Fevralın 13-də Sumqayıtda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümü qeyd olunub. Xidmətin şəhər idarəsinin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin inzibati binasında davam edib. Tədbirdə şəxsi heyət, şəhər rəhbərliyi, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, idarənin rəisi, polkovnik Natiq Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranma tarixindən danışıb. Bildirilib ki, Xidmət yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir.

Natiq Qarayev qeyd edib ki, ölkə Prezidentinin ordu quruculuğuna, hərbçilərə və onların ailə üzvlərinə göstərdiyi diqqət, dövlətin müdafiə xərclərini artırması, ordumuzun ən müasir silah-sursatla təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər vətəndaşlarda vətənpərvərlik hissini daha da artırıb. O, idarənin fəaliyyəti və qarşıda duran vəzifələrdən danışaraq şəhərdə səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılması, yola salınması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm işlər görüldüyünü bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fəzail Hüseynov idarənin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib. Aprel döyüşlərinin bir qrup iştirakçısına, Qarabağ müharibəsi veteranına qiymətli hədiyyələr təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər