Sumqayıtlı vəkil təşəbbüs göstərdi, 700 bal toplayan imkansız tələbəyə təqaüd ayrıldı

3358
Onun böyük ürəyi və ya bir gəncin manifesti

14 avqust 2018-ci il, saat 22:50.
Adətim üzrə sosial şəbəkələrə nəzər yetirirdim ki, facebookda belə bir paylaşıma rast gəldim: “Repititorsuz, təkbaşına hazırlaşıb 700 balla ali məktəbə hüquq ixtisası üzrə qəbul olan gənc qızın məktəbə geyinməyə ayaqqabısı belə yoxdur. Yüksək göstəriciyə görə telekanallardan düşmürdü bu günlərdə həmin qız. Kim dəstək verə bilər, ona geyim, ayaqqabı alınmasına? Çox yoxsul ailədir, kimin imkanı varsa, kömək eləsin. Mənə inboxa yazın, əlaqələndirim”.

Bir andaca donub qaldım, yadıma öz tələbəlik illərim, qarşılaşdığım çətinliklər, imkansızlıqdan yaranan sıxıntılar düşdü. Dərhal qərar verdim ki, tələbəyə köməklik edim. Birdən ağlıma gəldi ki, Vəkillər Kollegiyası onu himayəyə götürsə daha yaxşı olar.

Saatın neçə olmasına baxmadan sədrimiz Anar Bağırova mesaj yazdım: ” Salam Anar müəllim, necəsiniz? Bilirəm istirahətdəsiniz. Xoş istirahətlər! İndicə bir elana rast gəldim….(elanın yuxarıdakı mətnini copy-paste elədim) Düşündüm ki, ona necə kömək edə bilərik? Əgər siz də uyğun görürsəniz, Kollegiya olaraq onu himayəyə götürə bilərik. Hüquqşünas tələbəyə dəstək olmaq lazımdır”.

Mesajı göndərəndə saat 22:56 idi. Təxminən 5 dəqiqə ərzində qərar verib sədrimizə müraciət etmişdim. Sədrin cavabı çox gecikmədi, saat 23:03-də “Salam, mənim əzizim, mütləq götürək, qayıdan kimi onu qəbul edəcəm və nə lazımdırsa edərik” məzmunlu cavab aldım.

Amma bu mesaj gələnə qədər keçən 7 dəqiqə bəlkə də 7 il oldu mənimçün. Gecə vaxtı məzuniyyətdə olduğunu bilə-bilə narahat etdiyim üçün özümü qınamaqdan tutmuş, mesajın məzmunun bir az sərt üslübda olmasına, tələskənlik etməyib daha əhatəli və diqqətli ifadələrlə mesaj yazmalı olduğuma dair fikirlərlə beynimi yordum. Hətta bir qədər irəli gedərək, özümə haqq qazandırdım da. Əgər sədr bu mesaja cavab verməsə, ya da təşəbbüsümə müsbət cavab verməsə, ərizə yazıb Kollegiyadan çıxacağam dedim. Bəs necə, fəxrlə doğma evimiz adlandırdığımız Vəkillər Kollegiyası bir gənc hüquqşünasa qapı açmayacaqdısa, demək ki, bir gün bizi də oradan qovacaqdı.

Dediyim kimi, bütün bunlar 7 dəqiqə ərzində beynimdə dolaşan fikirlər idi. Aldığım cavab yanlış qapı döymədiyimi, real həyatda Kollegiyanın sədri seçilənədək iki dəfə yaxın məsafədən gördüyüm və cəmi bir neçə dəqiqəlik ünsiyyətimiz olan insan haqqında yanılmadığımı sübut etdi. Anar müəllim sədr seçildikdən sonra da onunla çox təmasımız olmayıb. Barmaqla sayılacaq dəfə işgüzar tədbirlərdə görüşmüşük. Onun daxili dünyasına o qədər də yaxından bələd deyildim. Aldığım mesajın səmimiyyəti məni sevindirməklə yanaşı utandırdı da, çox ərkyana, az qala əmredici tonda yazdığım mesaja görə.

Az öncə Rəyasət Heyətinin bugünkü iclasında 700 bal toplayaraq İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olmuş, Yeni Suraxanıda yaşayan Həsənova Şahxanıma Rəyasət Heyətinin təsis etdiyi “Ə.Topçubaşov” adına aylıq təqaüdün verilməsi barədə qərar qəbul olunması barədə məlumat paylaşıldı.
Sevincimin həddi-hüdudu yoxdur. Bu qərara görə sədrimiz Anar Bağırova və Rəyasət Heyətində təmsil olunan kolleqalarıma dərin minnətdarlığımı bildirirəm.

Bəli, biz bir ailəyik, Vəkillər Kollegiyası bizim doğma evimizdir. Anar Bağırov ən qısa müddətdə vəkillərin böyük əksəriyyətinin rəğbətini və sevgisini qazanıbdır. Nəyin hesabına? Əməli ilə, işi ilə, müasir və mədəni dünya görüşü ilə, səmimiyyəti ilə…

O, müraciətlərə və təşəbbüslərə açıqdır, həssasdır. Heç bir müəllim gece vaxtı direktoruna mesaj yazmaz, heç bir müstəntiq gece vaxtı prokurora və ya polis rəisinə mesaj yazmaz. Daha doğrusu, yazmağa cürət etməz. Çünki… nə deyim, çünkisini özünüz bilirsiz. O isə, sədr seçildiyi ilk gündən sadəliyi, səmimiyyətii və əməli ilə sübut etdi ki, vəzifə üstünlük deyil, öhdəlikdir.

Yeri gəlmişkən, bir qədər fasilədən sonra Vəkillər Kollegiyasına, onun rəhbərliyinə çamur atmağa davam edənlərə demək istərdim ki, əbəs yerə özlərini yormasınlar. Artıq Vəkillər Kollegiyasına qarşı yönəlmiş qarayaxmalar ikrah hissi doğurur. O, istəsəydi, bəlkə də indi Ali Məhkəmənin hakimi idi. Bəlkə nazir müavini idi, bəlkə polis rəisi idi, bəlkə prokuror idi. Amma o, vəkillik peşəsini seçib və Azərbaycan vəkilliyinin çoxillik problemlərinin həlli üçün meydana atılıbdır. O, bizim (vəkillərin) seçimimizdir və etimadımızı tam doğruldur.

P.S. Şahxanım Həsənovaya təhsilində uğurlar arzu edir, gələcəkdə Vəkillər Kollegiyasının üzvü olmasını gözləyirik.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər