Sumqayıtlıların vaxtilə öyündüyü "Yaşıl bina" ideyası necə yaranıb? - SUMQAYIT 70

3098

Sumqayıtlıların vaxtilə öyündüyü “Yaşıl bina” ideyası necə yaranıb və həmin sarmaşıq hansı şəhərdən götürülüb?

Sumqayıt mənim doğma, əziz və əvəzolunmaz şəhərimdir. Burada uşaqlıq illərim keçib, əqidəm, məfkurəm formalaşıb. Bu şəhərdə özümə çoxlu dost tapmışam. Sumqayıtın sevinci mənim sevincim, kədəri mənim kədərim olub. Sumqayıtla nəfəs alıram desəm, inanmazsınız. Bir çox xarici ölkələrdə olmuşam, gözəl şəhərlərlə tanış olmuşam, bəzilərinə vurulmuşam, bəziləri məni heyran edib. Bununla belə, tam səmimiyyətlə demək istəyirəm ki, Sumqayıtı heç bir şəhərlə əvəz edə bilmərəm. O, özünün infrastrukturu, səmimi insanları, gözəl adət-ənənələri və dostluğu ilə başqa şəhərlərdən tamamilə fərqlənir.

Çox danışıb vaxtınızı almaq istəmirəm. Məqaləmin əsas mövzusu həmişə öyündüyüm və fəxarət hissi keçirdiyim, Sumqayıtın simvollarından birinə çevrilən Sumqayıt şəhər İcra Hakimiyyətinin «Yaşıl bina»sı olub. Binanın yaşıl örtüyünün gözlərim qarşısında qarış-qarış yuxarı dırmaşdığının canlı şahidi olmuşam. Ola bilsin sumqayıtlıların çoxu bu «Yaşıl bina»nın tarixçəsindən xəbərsizdirlər. Qısa da olsa, məlumat vermək istərdim.

Sumqayıt şəhər İcra Hakimiyyətinin yerləşdiyi binada əvvəllər Sumqayıt şəhər Partiya Komitəsi və şəhər xalq Deputatları Soveti İcraiyyə Komitəsi yerləşirdi. 1950-ci illərin sonları, 1960-cı illərin əvvəllərində binaın birinci mərtəbəsi həmişə nəmli olardı. Bunu dənizdən əsən duzlu şimal küləyi ilə bağlayırdılar.

Sumqayıt qurucuları haqqında kitab yazanda uzun illər tikinti trestində rəhbər vəzifələrdə çalışmış, mərhum Qəzənfər Quliyevlə görüşdüm. Onunla xeyli səmimi söhbət etdik. Suallarıma bütünlüklə cavab verdikdən sonra «Yaşıl bina» ilə maraqlandım. O, dərindən köks ötürdü, sonra gülümsəyərək dedi:

– Bu haqda geniş məlumatım var.

Jurnalist dəftərçəmi açdım, qələmi əlimə aldım. Qəzənfər müəllim ağır təbiətli və təmkinli kişi idi. Ahəstə-aşəstə danışmağa başladı:

Sumqayıt şəhər icraiyyə komitəsinin sədri Kamal Axundov idi (söhbət 1960-cı illərdən gedir – müəllif). Çox bacarıqlı, işgüzar, məsuliyyətli, sözün əsl mənasında vətənpərvər idi. Səməd Vurğun, Nəriman Nərimanov, Nizami, Heydər Əliyev küçələri və xiyabanları, Nəsimi adına istirahət parkının salınması onun adı ilə bağlıdır. İnsanlara qarşı da çox həssas və mehriban idi. Heç bir vaxt səsini ucaltmazdı. Bir sözlə, bu rəhbər vəzifəli şəxslə işləmək çox xoş və maraqlı idi. Bir gün bir neçə tanınmış rəhbər inşaatçını, o cümlədən məni yanına dəvət etdi. Qısa hal-əhval tutandan sonra dedi:

– Sizi bir məsələdən ötrü dəvət etmişəm. Biz ömür boyu bu binada əyləşib şəhərə rəhbərlik etməyəcəyik. Yeni nəsil yetişməkdədir və onlar bizi əvəz edəcəklər. Məni binanın birinci mərtəbəsinin həmişə nəm olması narahat edir. Bu problemi həll etmək lazımdır.

Müşavirədə iştirak edənlərdən kimi dedi ki, bu yeraltı sulardır, kimi qeyd etdi ki, bu, qrunt sularıdır, kimisə dedi ki, bu, şimal küləyinin gətirdiyi nəm havadır və sair. Fikirlər müxtəlif idi. Hər il birinci mərtəbənin çöl üzlük daşlarını qaşıyır, yenidən suvaq çəkirdik. Bir ildən sonra birinci mərtəbə yenə də nəm olurdu.

Bu, Kamal Axundovu çox düşündürürdü. Bir gün ezamiyyətə çıxdı və Kazan şəhərinə istirahətə yollandı. Qayıdanda söhbət edirdi ki, onu şəhər partiya komitəsinin birinci katibi qarşıladı və yerli sanatoriyada yer ayırdı. Bir neçə gündən sonra onu Kazanın kənarında yerləşən təbiəti gözəl və füsünkar olan bir yerə apardılar. Burada böyük bir gölün ətrafında qonaq evi tikilmişdi. Bina başdan-ayağa yaşıllıq içində idi və kənardan çox gözəl görünürdü.

Bir gün nahar vaxtı Kamal Axundov onu qonaqlığa dəvət edən katibdən soruşur: – Binanız xoşuma gəldi. Bu yaşıl örtük ona xüsusi gözəllik verir. Sarmaşıq özü-özünə əmələ gəlib, yoxsa…

Katib onun sözünü kəsib demişdi:

– Əvvala, onu deyim ki, burada bir çox hörmətli qonaqlar istirahət edib. SSRİ Ali Sovetinin sədri Podqornıy, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katiblərindən İqnatyev, Kozlov, Ponamaryov, «Pravda» qəzetinin Baş redaktoru Zimyanin və başqaları. Hamısı da bu binaya heyran qalıb. Bina tikiləndə hər il onun aşağı divarları nəm olardı. Əvvəlki rəhbərlər nə qədər çıalışırdılarsa, bunun qarşısını ala bilmirdilər. Hörmətli qonaqlar gələndə də utanırdıq. Bir gün Leninqraddan gələn bir mütəxəssis bizə məsləhət gördü ki, onun aşağı hissəsindən «plyuş» kolunu əkməklə problemi həll etmək olar. O, həm nəmliyin həm də soyuğun qarşısını alar. Onun təklifinə etinasız və şübhə ilə yanaşanlar da oldu. Sonra əlacsız qalıb bunu təcrübədən keçirmək qərarına gəldilər. Mütəxəssisin sözü özünü doğrultdu. İndi bina nəmişlikdən azad olub. Havalar soyuq olanda isə otaqlar öz temperaturunu saxlayır.

Kamal Axundov katibə bildirdi ki, belə bir problem bizdə də var. Şəhər partiya komitəsinin binası daim nəmişlik çəkir.

Katib Kamal müəllimə məsləhət gördü ki, «adam göndərin, yaşıl örtükdən sizə verək, binanın ayaq hissəsindən əkərsiniz. O, özü yavaş-yavaş divara dırmaşacaq və bir neçə ildən sonra binanız yamyaşıl olacaq və inanıram bu, baş verərsə, binanız şəhərinizin simvollarından birinə çevriləcək».

Kamal Axundov Sumqayıta qayıtdıqdan sonra şəhər yaşıllaşdırma idarəsinin rəisini yanına çağırdı, tapşırığını verdi və onu Kazan şəhərinə yola saldı. Bir neçə gündən sonra Kazandan bir maşın «plyuş» kolları gətirildi. Yaşıllaşdırma idarəsinin əməkdaşları Kamal Axundovun rəhbərliyi ilə onu səliqə ilə binanın ayaq hissəsinə əkdilər. Artıq qalan kolları isə tramvay-trolleybus idarəsinin rəisi götürdü və onu inzibati binanın ayağında əkdi.

«Plyuş» sumqayıtlıların gözü qarşısında yavaş-yavaş binaya dırmaşdı və onu yamyaşıl etdi. «Yaşıl bina»nın yanından keçəndə istər-istəməz onun gözəlliyinə tamaşa edir, onu ərsəyə gətirənlərə minnətdarlığımızı bildirirdik. «Pluş» vaxtlı-vaxtında qayçılanır, səliqəyə salınır, sonra isə suvarılırdı.

«Yaşıl bina» Sumqayıtın simvollarından birinə çevrilmişdi. Şəhərimizə axışan turistlər və hörmətli qonaqlar bu binaya heyran qaldıqlarını bildirirdilər. Sumqayıtla vidalaşanda onun qarşısında yadigar olaraq həmişə şəkillərini çəkdirirdilər.

Bu binanın qarşısından keçəndə şəxsən mən həmişə bir qürur hissi keçirirdim. Mənə elə gəlirdi ki, bu yaşıl sarmaşıq mənimlə bir boya-başa çatıb. Axı, onun necə böyüdüyünün və binanı yaşıl örpəyə necə bürüdüyünün demək olar ki, hər gün şahidi olurdum. Çünki onun qarşısından keçib hər gün məktəbə gedirdim, üstəlik də «Yaşıl bina»nın qonşu məhəlləsində yaşayırdım. Bu binaya baxanda yorulan gözlərə sanki işıq gəlirdi, adamın əhval-ruhiyyəsi yaxşılaşırdı, canında, ürəyində bir gözəllik hiss edirdi. Sənaye müəssisələri şəhərimizi «qazovka»ya bürüsələr də, «Yaşıl bina»nın varlığı hər şeyi bizə unutdururdu.

İndi təəssüflər olsun ki, Sumqayıtda yaşıl bina yoxdur…

Deyirlər, guya «plyuş» 50 ildən sonra qurumağa başlayır. Mən bu fikirlə tamamilə razı deyiləm. Belə binalar dünyada nadir hallarda olsa da, onlara rast gəlmək olar. İngiltərədə, Avstriyada, Hollandiyada bu cür, hətta daha möhtəşəm tikililərə rast gəlmək mümkündür. «Sarmaşıqlar»ın təxminən 200-300 yaşı vardır. Bəs onlar niyə indiyə qədər qurumayıb? Çünki ona vaxtlı-vaxtında qulluq göstəriblər, suvarıblar. Bizimki isə sanki unuduldu, kiməsə ogey oldu. Bəlkə, bu, laqeydlikdən irəli gəlirdi? Bəlkə bu «Yaşıl bina» Sumqayıta heç yaraşıq vermirdi? İnanmıram ki, sumqayıtlılar bu fikirlərlə razı olsunlar.

Yaşıl örtük saraldıqca, yarpaqları töküldükcə yavaş-yavaş öz gözəlliyini, yaraşığını, ətrini itirirdi. Sanki Sumqayıtın bir parça füsünkar təbiətini sumqayıtlıların əlindən alırdılar. Beləliklə öyündüyümüz, fəxr etdiyimiz «Yaşıl bina»nı itirdik.

Bir məsələni də qeyd etmək istəyirəm. 1990-cı illərin ortalarına kimi bütün küçələrdə, xiyabanlarda ilboyu yamyaşıl olan kiçik kollar vardı. Onlar şam, zeytun, çinar ağaclarını sanki kəmərlə sarımışdılar və onları soyuqdan qoruyurdular. Bu kollar vaxtlı-vaxtında qayçılanırdı, suvarılırdı. Bu Sumqayıta bir bəzək idi. Bunu da sumqayıtlılara çox gördülər. Hamısını məhv etdilər. İrandan sarı və yaşıl rənglərin qarışığından ibarət kollar gətirildi. Soruşanda niyə belə edirsiniz? Cavabları bu oldu ki, bu kollar dekorativdir, şəhərə yaraşıq verəcək. Üstündən 15 ildən artıq vaxt keçib. Soruşmaq istəyirəm: hanı İrandan gətirilən və əkilən kollar? Hanı onun gözəlliyi və yaraşığı? Hamısı məhv olub. Çünki İrandan gətirilən kollar kiminsə biznes marağında oduğundan 1950-60-cı illərdə əkilən yamyaşıl və yaraşıqlı kolları məhv etdilər. Budurmu Sumqayıt təəssübkeşliyi?

Mən belə deyərdim, Sumqayıtı sevənlər, Sumqayıta ürəyi yananlardır. Təəssüflər olsun ki, belə insanlar azalmaqdadır.

Eyruz Məmmədov, Respublikanın əməkdar jurnalisti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər