Uşaqlara qarşı yol verilən zorakılıq halları ilə bağlı Sumqayıtda müzakirələr aparılıb

954

Yetkinlik yaşına çatmayan uşaqlara göstərilən hər cür zorakılıq hallarına qarşı profilatik tədbirlərin aparılması barədə Sumqayıt şəhərində maarifləndirici tədbir keçirilib.

1 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyəti yanında himayəçilik və qəyyumluq komissiyasının tərkibində fəaliyyət göstərən gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısını almaq məqsədi ilə yaradılan monitorinq qrupunun sədri Ülviyyə Müzəffərova qeyd edib ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir.

Ülviyyə Müzəffərova bildirib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, onların fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşdırılması, habelə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və respublikamızın mühüm beynəlxalq sənədlərə qoşulması sahəsində davamlı iş aparılır. 2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmış “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının müvafiq bəyanatla təsdiq edilməsi ilə bağlı qanun layihəsinin ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul olunması Azərbaycan dövlətinin üzərinə götürdüyü ali məqsədə – insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinə sadiqliyini bir daha nümayiş etdirir.

Sumqayıt şəhər Polis İdarəsinin Yetginlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Azər Bağırov, Sumqayıt şəhər təhsil şöbəsinin nümayəndəsi Gülbahar Haqverdiyeva, İcra Hakimiyyəti yanında himayəçilik və qəyyumluq komissiyasının tərkibində fəaliyyət göstərən gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısını almaq məqsədi ilə yaradılan monitorinq qrupunun üzvü Mehman Vəliyev, 1 nömrəli məktəbin direktoru Kəmalə Hüseynova və digərləri keçirilən tədbirin əhəmiyyətindən danışıblar.

Çıxışlardan sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbir diskusiiya şəklində davam etdirilib.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər