700 bal toplayan Şahxanım Həsənova: “Atam sürücü, anam isə xadimədir” – FOTO

2950

Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

Keçirilən imtahanlarda 7abituriyent 700 bal toplayıb. Onlardan biri də Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənovadır.

İlk öncə Şahxanım Həsənovanın təhsil aldığı məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Dadaş Babazadə açıqlamasında bildirdi ki, yüksək nəticə göstərən abituriyent Suraxanı qəsəbəsinin sakinidir. Onun sözlərinə görə, Ş.Həsənova davamiyyətli və dərslərə məsuliyyətli şagird olub.

“Onun bir bacısı Ülkər Həsənova bizim məktəbi bitirib və 580 bal ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. Qardaşı Almas Həsənov isə məktəbimizin 7-ci sinifində təhsil alır. Almas da dərslərə məsuliyyətli yanaşır və əlaçıdır”, – deyə Dadaş Babazadə bildirib.


Qeyd edək ki, bu il 89 saylı məktəbi bitirən 5 şagirdi yüksək nəticələr göstərib. Məzunlardan Ş.Həsənova – 700 bal, Aytac Məmmədova – 675 bal, Fidan Abdullayev – 634 bal, Bilqeys Ağayeva – 567 bal, Lalə Dadaşova – 524 bal toplayıb.

İmtahanda yüksək nəticə göstərən Şahxanım Həsənova açıqlamasında bildirdi ki, hazırlıq müddətində məktəbin müəllimlərinin yanına gedib. Onun sözlərinə görə, əlavə müəllim tutmayıb.

 “Müəllimlərimdən dəstək və kömək almışam. Dərsdən sonra müəllimlərimin yanına hazırlığa getmişəm”, – deyə Şahxanım Həsənova bildirib.

Onun sözlərinə görə, dərs prosesi gərgin olub: “Əyləncəyə yer verməmişəm. Həmişə sosial şəbəkələrdən uzaq olmuşam. İmtahana gedən günü də, səhər yuxudan durub test həll etdim”.

Şahxanım Həsənova deyir ki, hüquq fakültəsinə daxil olub, hakim olmaq istəyir: “Arzum ədalətli hakim olmaqdır”.

Şahxanım Həsənova şəkil çəkdirməyi də sevmir. Onun atası Aydın Həsənov sürücü, anası Şərafət Həsənova isə xadimə işləyir.




www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər