Alıcıların nəzərinə: “Ödəniş POS-terminal vasitəsilə aparıldıqda ƏDV-nin 15 faizi qaytarılacaq”

1266

Ödəniş POS-terminal vasitəsilə aparıldıqda ƏDV-nin 15 faizi alıcıya qaytarılacaq.

sumqayitxeber.com trend-ə istinadən xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini 2016-cı ildə Azərbaycanda nağdsız hesablaşmalar haqqında qanunun qəbul olunduğunu, nağdsız ödənişlərin inkişafı üçün lazımi hüquqi baza yaradıldığını xatırladaraq vurğulanıb ki, Məcəlləyə edilmiş yeni dəyişikliklərdə bu sahədə ciddi stimullaşdırıcı tədbirlər nəzərdə tutulub:

“Ümumi mövqe bundan ibarətdir ki, nağdsız hesablaşmadan həm alıcı, həm də satıcı – yəni sahibkar faydalana bilsin. Məsələn, ödəniş nağdsız qaydada, POS-terminal vasitəsilə aparıldıqda ƏDV-nin 15 faizi alıcıya qaytarılacaq. Ödəniş nağd şəkildə aparıldıqda isə alıcıya nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilən hesablaşma çeki əsasında ƏDV-nin 10 faizi qaytarılacaq. Sahibkara gəldikdə isə onun ümumi dövriyyəsindəki nağdsız hesablaşmaların xüsusi çəkisi müəyyənləşdiriləcək və həmin məbləğə 25 faiz güzəşt tətbiq olunacaq. Dövlət bunu ona görə edir ki, həm sahibkar-satıcı, həm də istehlakçı-alıcı nağd hesablaşmada maraqlı olmasın. Amma bu işə əngəl olan məsələlərdən biri də oturuşmuş vərdişlərdir ki, onlardan da imtina etməyin vaxtı çoxdan çatıb”.

Nağd hesablaşmaların səviyyəsinin azaldılması, nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində həyata keçirilən islahatlara toxunan S.Ələkbərov bu sahədə də ciddi problemlər olduğunu bildirib:

“Şəffaflaşmaya ən çox mane olan və əngəl törədən amillərdən biri nağdsız ödənişlərin səviyyəsinin həddindən artıq aşağı olmasıdır. Azərbaycan vətəndaşları xaricə gedərkən orada nağdsız qaydada, yəni kart vasitəsilə həyata keçirdikləri ödənişləri öz ölkəmizdə etmirlər. Bunun bir səbəbi ticarət və iaşə obyektlərində POS-terminalların tətbiqində problemlərin olması ilə bağlıdırsa, digər səbəbi də alıcıların öz haqlarını tələb etməməsi, köhnə vərdişlərə, kartlardan istifadəyə deyil, nağd pulla ödəniş etməyə üstünlük vermələridir. Azərbaycanda nağdsız ödənişlərin səviyyəsini qaldırmaq üçün bu sahədə ciddi dönüş yaradılmalıdır. Çünki dövriyyədəki məbləğlər çox böyükdür və bu, “kölgə iqtisadiyyatı”nın çiçəklənməsi üçün şərait yaradan amillərdən biridir”.

Nazir müavini diqqəti Azərbaycanın fəal vergi sisteminin tarixinin çox cavan olmasına yönəldib: “Biz bu gün özümüzü vergi sisteminin yüz illərlə tarixi olan ölkələrlə müqayisə edə bilmərik, lakin oturub illərlə gözləyə də bilmərik. Ona görə də həm qanunvericilik, həm də inzibatçılıq təkmilləşdirilir, dövlət büdcəsi üçün bəzi maddi itkilər hesabına başa gəlsə belə, geniş stimullaşdırıcı tədbirlərdən istifadə olunur. Nəticə etibarilə bundan bizim iqtisadiyyatımız və vətəndaşlarımız udacaqlar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər